Məhkəmə qərarları › İş №2(060)-7446/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7446/2025

15.01.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7446/2025 15.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh, habelə digər cavabdehlərin nümayəndəsi Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun azyaşlı övladı ilə birlikdə Sumqayıt şəhəri, Bakı küçəsi, ev 195, mənzil 96 ünvanına köçürülməsi və həmin mənzildən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh1 ilə rəsmi nikahı məhkəmə qaydaşında pozulmuş və bu barədə olan nikahın pozulması haqqında şəhadətnamə alınmışdır. Birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü X3 adlı uşaq olmuşdur. Uşaq hazırda onun himayəsindədir. Onlar hazırda müxtəlif yerlərdə yaşayırlar çünki daimi yaşamağa yeri yoxdur. Keçmiş həyat yoldaşı Cavabdeh1 və onun valideynləri, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, Bakı küçəsi, ev 195, mənzil 96 ünvanda yaşayırlar. O, Sumqayıt şəhəri, ünvan 1 ünvanda doğulmuşdur. Lakin cavabdehlər onu və uşağını oraya buraxmır, mənzildə yaşamağa imkan vermirlər. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh, habelə digər cavabdehlərin nümayəndəsi Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz etdi və onun rədd olunmasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında iddiaçı qeyd etdi ki, hazırda atasıgildə qalır. Lakin ora yaşamaq üçün darısqaldır. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, mübahisəli mənzil ona məxsusdur və iddiaçı orada daimi yaşamamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Bakı küçəsi, 195 saylı evin 96 saylı mənzili xx.xx.2017-ci ildən Cavabdeh2 adına qeydə alınmış, onun adına eyni tarixdə 31849 saylı texniki pasport tərtib edilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1508/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı yə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə 1 saylı Sumqayıt “Asan Xidmət” X2 2790 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2023-cü il təvəllüdlü X1 anası İddiaçı yanında qalması, Cavabdeh1 İddiaçı xeyrinə xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. - "xxxx" MTK tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Bakı küçəsi, 195 saylı evin 96 saylı mənzilində keçmiş gəlini İddiaçı heç vaxt yaşamamışdır. MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşdən görünür ki, tərəflər arasında mübahisəli mənzillə bağlı münasibətlər iddiaçı nikaha girdiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixdə yaranmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki mübahisə Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməklə həll olunmalıdır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İşdən görünür ki, iddiaçı cavabdehlərdən xx.xx.2021-ci ildə Cavabdeh1 ilə nikaha girmiş və onların bu nikahdan xx.xx.2023-cü il təvəllüdlü X3 adlı uşaqları olmuşdur. Sonradan münasibətlər pisləşmiş və onlar Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1508/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən boşanmışlar. Başqa sözlə, bu tarixdən iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh2la ailə münasibətlərinə xitam verildiyindən yuxarıda qeyd edilən normanın tələbinə görə onun mübahisəli yaşayış sahəsindən istifadə hüququ itirilir. Belə olan halda isə iddiaçının həmin mənzilə köçürülməsi mümkün deyildir. Bu səbəbdən də məhkəmə iddianı əsassız hesab edir və onun rədd edilməsi qənaətinə gəlir. Məhkəmə iclasında iddiaçının hazırda valideyninə məxsus yaşayış sahəsindən istifadə etməsi müəyyən edildyindən məhkəmə, onun mübahisəli mənzildən müəyyən müddətə istifadə hüququnun saxlanılmasına da zərurət görmür. Bundan başqa, məhkəmə, iddiaçının azyaşlı uşağının da mənzilə köçürülməsinə tənqidi yanaşır, çünki Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Beləliklə də, məhkəmə mübahisəni araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar