Məhkəmə qərarları › İş №2(060)-7449/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7449/2021

19.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7449/2021 19.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə qarşı nənəsi İddiaçı Vasilyevnadan miras qalmış mənzilə dair məcburi pay hüququnun tanınması və onun vərəsələr sırasına daxil edilməsi tələbi barədə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nənəsi İddiaçı Vasilyevnadan miras qalmış ünvan 1 ünvanında yerləşən 22 saylı mənzilinə dair məcburi pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Vəkil dəqiqləşmə verərək, iddiaçının mirasda məcburi pay hüququnun tanınması ilə birlikdə, həm də onun vərəsələr sırasına daxil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 22 saylı mənzil şəxsi mülkiyyət hüququ əsasında nənəsi İddiaçı Vasilyevnaya məxsusdur. Nənəsi İddiaçı əmlakını 12.06.2013-cü il tarixdə əmisi- X6 vəsiyyət etmişdir. Nənəsi 23.09.2019cu il tarixdə vəfat etmişdir. Nənəsi vəfat edəndən sonra ondan qalan miras əmlak olan mənzilə vərəsəlik açılmışdır. Onun atası X9 04.12.2009-cu ildə rəhmətə getdiyi üçün o, onun qızı kimi vərəsəlikdə payına dair şəhadətnamə verilməsindən ötrü nümayəndəsi vasitəsilə cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə müraciət etmişdir. Cavabdeh özünün 02.08.2021-ci il tarixli məktubu ilə ona məcburi paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini mümkünsüz hesab etmişdir. Notarius ona əsaslanmışdır ki, atası nənəsindən əvvəl rəhmətə getdiyi və nənəsi sağlığında əmlakına dair onun əmisinə vəsiyyətnamə verdiyi üçün onun artıq miras əmlakdan məcburi pay hüququ yoxdur. O, notariusun bu dəlilini qanunsuz hesab edir və belə hesab edir ki, onun mirasa məcburi paya vərəsəlik hüququnun tanınmaması onun hüquqlarını pozmuşdur və bu hüqüq məhkəmə qaydasında tanınmalıdır. Cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisinin notariusu Mustafazadə T.M ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinin İddiaçı adından çıxış edən X12 ünvanlanmış 02.08.2020-ci il tarixli, 1542 №-li məktubundan görünür ki, sonuncuya yaranmış mübahisənin həlli üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Eyni zamanda görünür ki, İddiaçı Vasilyevnanın oğlu - X9 04.12.2009-cu ildə ölmüşdür. İddiaçı Vasilyevna isə 23.09.2019-cu ildə ölmüşdür. Yəni X9 anası-İddiaçı Vasilyevnadan əvvəl ölmüşdür. Bu hala görə İddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən, məcburi pay alan vərəsələr sırasına daxil deyildir. 12.06.2013-cü il tarixdə İddiaçı Vasilyevna tərəfindən X6 vəsiyyətnamə qoyulmuşdur. İddiaçı atası - X9 anasından əvvəl – 04.12.2009-cu il tarixdə öldüyü üçün ona məcburi paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. - İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 26.07.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 030491 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Vasilyevna 23.09.2019-cu il tarixdə ürək çatmamazlığından Sumqayıt şəhərində vəfat etmişdir. - Doğum haqqında şəhadətnamədən görünür ki, 27.01.1966-cı il təvəllüdlü X3 anası İddiaçı Vasilyevna, atası X4. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 04.12.2009-cu il tarixdə Rusiya, Kaluqa şəhəri, Kalujiski vilayətində vəfat etmişdir. - Doğum haqqında şəhadətnamədən görünür ki, 23.07.1991-ci il təvəllüdlü İddiaçı anası X15, atası X1. - İş materiallarında olan 12.06.2013-ci il tarixində Sumqayıt şəhərində imzalanmış vəsiyyətnamədən görünür ki, mərhum İddiaçı Vasilyevna ölən günədək ona məxsus olan ünvan 1 ünvanında yerləşən 22 saylı mənzili X6 vəsiyyət etmişdir. - Doğum haqqında şəhadətnamədən görünür ki, 17.02.1961-ci il təvəllüdlü X5 anası İddiaçı Vasilyevna, atası X2. - Sumqayıt şəhəri 3 saylı Notariat Ofisində imzalanmış ərizədən görünür ki, X10 mərhum anası İddiaçı Vasilyevnadan miras qalmış əmlakı qəbul edir. Miras qalmış əmlak: ünvan 1 ünvanında yerləşən 22 saylı mənzildən ibarətdir. - Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində imzalanmış **********2955 saylı ərizədən görünür ki, X11 mərhum İddiaçı Vasilyevnanın vəfatından sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakının ona çatası hissəsindən X7 xeyrinə imtina etmiş və qəbul etmək niyyəti yoxdur. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin xüsusi notariusu X8 həmin ərizənin həqiqiliyini təsdiq etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının atası miras qoyandan əvvəl vəfat etmiş və sonuncu mübahisəli miras əmlakını digər övladına vəsiyyət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 22.04.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Mülki Məcəllənin 1194-cü maddəsinin “Bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəlik qaydasında keçməsini nəzərdə tutur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının atası (X9) miras qoyandan (nənə-İddiaçı Vasilyevna) əvvəl vəfat etdiyi və sonuncu mübahisəli miras əmlakını digər övladına (əmi-X10) vəsiyyət etdiyi üçün iddiaçının atasının məcburi payı tələb etmək hüququ vərəsəlik üzrə keçmədiyindən iddia əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı nənəsi İddiaçı Vasilyevnadan miras qalmış ünvan 1 ünvanında yerləşən 22 saylı mənzilinə dair məcburi pay hüququnun tanınması və onun vərəsələr sırasına daxil edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 238-244-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı nənəsi İddiaçı Vasilyevnadan miras qalmış ünvan 1 ünvanında yerləşən 22 saylı mənzilinə dair məcburi pay hüququnun tanınması ilə birlikdə, həm də onun vərəsələr sırasına daxil edilməsi barədə iddiası təmin olunmasın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar