Məhkəmə qərarları › İş №2(060)-7477/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7477/2021

27.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7477/2021 27.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 14-cü məhəllə, 7/14 saylı evin, 5 nömrəli mənzilindən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. O, həmin mənzili 21 fevral 2017-ci il tarixdə mənzilin əvvəlki mülkiyyəçisi Cavabdeh1 alqı-satqı müqaviləsi ilə almış və DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 14 mart 2017-ci il tarixdən onun tam payla xüsusi mülkiyyətindədir. 06 avqust 2021-ci il tarixdə verilən, ******* nömrəli Arayışdan da görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 1, 5 saylı mənzildə qeydiyyatdadırlar. Qeyd edir ki, cavabdehləri (evi aldığı şəxsdən başqa) ümumiyyətlə tanımır. Onlar haqqında təsəvvürü belə yoxdur. Onların bu evdə qeydiyyatda olmaları ilə bağlı da heç bir zaman məlumatı olmayıb. İddia ərizəsinə əlavə etdiyi MİS tərəfindən verilən ətraflı arayışdan və aktdan da görünür ki, qeydiyyatda olan cavabdehlər evin keçmiş sakinləridir, ev ona məxsusdur. Cavabdehlər 2013-cü il tarixdən mübahisəli mənzildə yaşamırlar. Hazırda cavabdehləri tanımadığı və harada yaşadıqlarını bilmədiyi üçün mübahisənin məhkəmədən kənar qaydada həlli mümkün deyildir. Hesab edir ki, cavabdehlərin həmin mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməlidir. Çünki, cavabdehlərin həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır və bu isə, öz növbəsində onun mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir, o cavabdehlərə görə adambaşına hesaba alınan kommunal xidmət haqları ödəməli olur. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdehlərin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onların faktiki olduqları yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21.02.2017-ci il tarixli, AN-İ ******* №-li daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, Sumqayıt şəhəri, 14-cü məhəllə, 7/14 saylı evin, 5 nömrəli mənzilini Cavabdeh1 alqı-satqı müqaviləsi əsasında İddiaçı satmışdır. İş materiallarında olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 14-cü məhəllə, 7/14 saylı evin, 5 nömrəli mənzili İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan 06.08.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 14-cü məhəllə, 7/14 saylı evin, 5 nömrəli mənzilində rəsmi olaraq qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən İddiaçı Sumqayıt şəhəri, 14-cü məhəllə, 7/14 saylı evin, 5 nömrəli mənzilin alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Buna baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildə rəsmi olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək iddiaçının bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, ,14-cü məhəllə, 7/14 saylı evin, 5 nömrəli mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar