Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7499/2021 07.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “X8” restoranının ətrafa səs-küy və ağır qoxular yayan fəaliyyətinə qadağa qoyulması və mənəvi zərər tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqi əsaslar olmadan, qanunsuz olaraq bağ massivində fəaliyyət göstərən, qanunla müəyyən edilmiş standartlar və normalara əməl etməyən, mövcudluğu ilə insan hüquqlarını tapdalayan icarəçi Cavabdeh2 və faktiki istifadəçisi Cavabdeh3 məxsus Sumqayıt şəhəri, Sarıqaya bağlar massivində 939B saylı bağ evində fəaliyyət göstərən “X8” restoranının fəaliyyətinin dayandırılması və Cavabdeh3 mənəvi zərərə görə İddiaçı1 10.000 manat, İddiaçı2 5.000 manat, İddiaçı3 5.000 manat, İddiaçı4 30.000 manat, İddiaçı5 5.000 manat, İddiaçı6 5.000 manat, İddiaçı7 10.000 manat məbləğində kompensasiya tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Daha sonra iddiaçılar tərəfindən iddianın Sumqayıt şəhəri, Sarıqaya bağlar massivində yerləşən 939В saylı bağ evində fəaliyyət göstərən “X8” restoranının bütün fəaliyyətinin dayandırılması hissəsində tələb dəqiqləşdirilmiş, yalnız ətrafa səs-küy və ağır qoxular yayan fəaliyyətinə qadağa qoyulması xahiş olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində onların və başqa vətəndaşların bağ evləri yerləşir. Sumqayıt-Novxanı yolunun sağ tərəfində onların qonşuluğunda qanunsuz olaraq “X8” restoranı fəaliyyət göstərir. Həmin restoran Məmmədov Rüstəm Dastan oğluna məxsus Sarıqaya Bağlar massivində (digər sənədlərdə həmin ərazi Sumqayıt şəhəri, Novxanı bağ massivi adlanır) 939B saylı bağ evində yerləşir və fəaliyyət göstərir. 09.07.2021-ci il tarixdə həmin bağ evinin 153.70 kv.m.sahəsi icarə müqaviləsi əsasında Cavabdeh1 icarəyə verilmiş, ondan əvvəl isə həmin sahənin icarəçisi Cavabdeh2 olmuşdur. Həmin iki şəxs sənədlərdə formal olaraq icarədar kimi göstərilmişdir. Faktiki olaraq bütün müddət ərzində restoranda sərəncam verən, təşkilatçı, aparıcı, mətbuatda və sosial şəbəkələrdə restoranı təmsil edən və reklam kompaniyasını aparan, tanınmış müğənnilərin iştirakı ilə şou-proqramlar təşkil edən və faktiki istifadəçi olan “Niyam Salami” təxəllüslü müğənni Cavabdeh3dur. Uzun müddətdir ki, qanunsuz fəaliyyət göstərən bu restoran mütəmadi olaraq (hər gün) onların rahatlığını və dincliyini pozmaqla, öz mülkiyyətlərindən təyinatı üzrə istifadə etməyi, evlərində yaşamağı mümkünsüz etmişdir. Yaşadıqları evlərə çox yaxın bəzilərinə hətta bitişik olan bu restoranın açıq həyətində 200-500 nəfərin iştirakı ilə toy, nişan, ad günü məclisləri, tanınmış müğənnilərin iştirakı ilə hay-küylü şou proqramlar keçirilir, canlı musiqi proqramları təşkil edilir. Bu tədbirlər keçirilərkən (belə tədbirlərsə hər gün təşkil edilir) ətrafa yayılan səs-küy qanunla müəyyən edilmiş standart və normalara uyğun gəlməyərək sağlamlıq üçün təhlükəli həddə çatır. Onlar səs-küyün dözülməz həddə olması və müvafiq tədbirlər görülməsi xahişi və tələbi ilə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə, Sumqayıt ŞRİ-in növbətçi hissəsinə çoxsaylı müraciətlər etmiş, lakin bu müraciətlərin baxılmasına formal yanaşılaraq uzun müddətdir davam edən bu özbaşınalığın qarşısı alınmır. Eyni zamanda onlar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin çağrı xidmətinə (168), nazirliyin rəhbərliyinə teleqram və yazılı müraciətlər göndərmişlər. Nazirliyin əməkdaşları tərəfindən səs-küyün monitorinqi keçirilmiş, akt və protokollar tərtib edilmiş, icarədarlar Cavabdeh2 4 saylı RETSİ-nin 12.07.2021 ci il tarixli, ******* MN saylı qərarı ilə 2.500 manat məbləğində və Cavabdeh1 4 saylı RETSİ-nin 13.08.2021-ci il tarixli, ******* MN saylı qərarı ilə 2.500 manat məbləğində inzibati qaydada cərimə edilmişlər. Lakin baş verən qanunsuz hərəkətlər bir gün də olsun dayanmayaraq, günü-gündən şiddətlənməkdə davam edir. Restoranın icarədarları biznes fəaliyyəti ilə məşğul olmaq qabliyyətinə malik olmayan insanlardır və restoranın işinin idarə edilməsi ilə faktiki olaraq müğənni Cavabdeh3 məşğul olur. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. Cavabdeh1 və Cavabdeh3 tərəfindən məhkəməyə etiraz daxil olmuşdur. Etirazda bildirilmişdir ki, onlar, iddia tələbini qəbul etməmiş və bildirmişlər ki, iddiaçıların hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə və təzminat tələb etməyə subyektiv hüquqları yoxdur. Belə ki, iddiaçıların iddia tələbindən aydın olur ki, qeyd edilən ərazidə sözügedən obyekt fəaliyyət göstərdiyi müddətdə cəmi bu il ərzində iki dəfə AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı ərazi Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri tərəfindən protokol tərtib edilmiş, həmin protokolun biri ondan qabaq sözügedən obyekti icarəyə götürmüş Cavabdeh2 barəsində olmuş və sonuncu 2.500 manat məbləğində cərimələnmişdir. Cərimələmə həmin obyektdə hava təmizləyici qurğunun olmaması ilə bağlı olmuşdur. Lakin o, 2021-ci ilin iyul ayında sözügedən obyekti icarəyə götürməklə həmin obyekti hava təmizləyici qurğu ilə təchiz etmişdir. Cavabdeh1 barəsində tərtib edilmiş protokola gəldikdə isə o, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 13.08.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında Qərarı ilə AR İXM-nin 233.1-ci maddələri ilə təqsirli bilinərək 2.500 manat məbləğində cərimə edilmişdir. Qərardan belə aydın olur ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları 28.07.2021-ci il tarixdə Sumqayıt Novxanı yolunun sağ kənarında yerləşən və ailəvi istirahət mərkəzi kimi fəaliyyət göstərən «X8» obyektində olmuş və 28.07.2021-ci il tarixdə protokol tərtib etmişlər. Həmin protokoldan belə aydın olur ki, istirahət mərkəzinin fəaliyyəti zamanı ətraf mühitə yayılan iy-qoxu və səs-küyün səviyyəsi norma səviyyəsindən artıq olmuş və bu səbəbdən də onun barəsində AR İXM-nin 233.1,237.1 və 275.2.4-cü maddələri ilə protokol tərtib edilmişdir. Bundan sonra həmin protokolun surəti 06.08.2021-ci il tarixli məktubla ünvana göndərilmiş və həmin məktubda inzibati işə baxılacağı bildirilmişdir. Lakin bu barədə göndərilmiş məktub ona vaxtında təqdim edilməmişdir. Bundan sonra onun barəsində tərtib edilmiş protokol əsasında onun adına İnzibati tənbeh vermə barədə 13.08.2021-ci il tarixli qərar qəbul edilmiş və həmin qərarla o, bir neçə maddə ilə inzibati xəta törətməkdə təqsirli bilinmişdir. Sözügedən istirahət mərkəzi bütün normalara uyğun fəaliyyət göstərir, həmin mərkəzdə hava təmizləyici qurğu da quraşdırılmış və obyektə hər hansı bir inzibati cəzanın tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Bununla da artıq 2-ci dəfədir ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi onlara qarşı əsassız cərimələr tətbiq etməklə onların sahibkarlıq fəaliyyətinə ciddi əngəllər yaradır. Qarşı tərəfin həmin obyektdə olması və belə bir protokol tərtib etməsindən onun xəbəri və məlumatı olmamışdır. O, həmin əsassız qərardan məhkəməyə şikayət etmiş və hal- hazırda həmin işə məhkəmədə baxılır. O, qanuni əsaslarla fəaliyyət göstərir, gəlirdən dövlət vergilərini ödəyir, bundan başqa sözügedən obyektin ətraf sakinlərə hər hansı bir narahatçılığı yoxdur və obyektdə səs səviyyəsi normaya uyğun olaraq 65qB-dən aşağı olmuş və bu səs insanların istirahətinə əngəl yaratmamışdır. İddiaçıların hər biri ayrı-ayrı bağların sahibləridirlər, hər bir bağ sahibinin öz ərazisi vardır və hər bir sakin də öz ərazisində qanunla qadağan olunmayan fəaliyyət növü ilə məşğul ola bilər. Lakin bu gün iddiaçılar öz bağ sahələrinin hüdudlarından kənara çıxararaq onun icarəyə götürdüyü obyektin fəaliyyətinin dayandırılmasını və hətta onlara təzminatın da ödənilməsini iddia edirlər, yəni obyektin mövcud olduğu torpaq sahəsinin mülkiyyətçisini mülkiyyət hüququndan məhrum etməklə yanaşı hələ bir təzminat da iddia edirlər. Belə hesab edir ki, hazırki iddia tələbi həmin iddianı qaldırmaq hüququ olmayan şəxslər tərəfindən verilmişdir və buna görə də iddia tələbi rədd olunmalıdır. Məhkəmə iclasında İddiaçı2, İddiaçı3, İddiaçı7 və İddiaçı5 iddia tələbini müdaifə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdilər. İddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı6, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar və nümayəndələri, məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı7 və İddiaçı5 dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivində yerləşən 939B saylı bağ evinin mülkiyyətçisi Məmmədov Rüstəm Dastan oğludur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə 29.04.2015-ci il tarixdə qeydiyyata alınmışdır. - AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 06.10.2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri Sarı-qaya bağlar massivi ünvanında yerləşən 939B saylı 0.1537 ha bağ torpaq sahəsinin 0.12 ha hissəsi Sumqayıt şəhər 4 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 22.01.2014-cü il tarixli, 4Ə-01/64 reyestr nömrəli X3 ilə X4 arasında bağlanmış alqı-satqı müqaviləsi və digər 0.0337 ha hissəsi Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 06.11.2014-cü il tarixli, 4Ə-424 reyestr nömrəli Sumqayıt Bələdiyyəsi ilə X4 arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında X1 adına qeydiyyata alınaraq 14.11 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. X5 Dastan oğlunun idarəyə təqdim etdiyi torpaq sahəsinin çıxarışı, plan və ölçüsü, məlumatlandırma icraasına müvafiq olaraq vətəndaşın İcra Hakimiyyəti orqanına ünvanlanmış məktubu və eskiz layihə əsasında sözügedən torpaq sahəsi üzərində tikilmiş bağ evinə dair Məmmədov Rüstəm Dastan oğlunun mülkiyyət hüququ qeydə alınmış və 29.04.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 30.09.2021-ci il tarixli məktubundan görünür ki, təsərrüfat obyektinin icarəçisi olan fərdi sahibkar Cavabdeh1 (VÖEN: **********) tərəfindən 28.07.2021-ci il tarixdə təqdim edilmiş elektron obyektin qeydiyyatı ərizəsinə əsasən təsərrüfat subyekti (obyekti) vergi uçotuna alınmışdır. - 27.07.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, Məmmədov Rüstəm Dastan oğlu ünvan 3 ünvanda yerləşən,ümumi sahəsi 153.7 kv.m olan qeyri-yaşayış sahəsinin 75 kv.m-ni Cavabdeh1 icarəyə vermişdir. Bu icarə müqaviləsi 2 (iki) il müddətinə bağlanılmışdır. İcarə haqqı 400 manat müəyyən edilmişdir. - 4 saylı RETSİ-nin inzibati tənbeh vermə haqqında 13.08.2021-ci il tarixli, MN ******* saylı qərarından görünür ki, Cavabdeh1 Sumqayıt-Novxanı yolunun sağ tərəfində yerləşən “X8” ailəvi istirahət mərkəzinin ətraf ərazisində aparılan ölçmə işləri zamanı ətrafa yayılan iy-qoxu və səs-küyün səviyyəsi normadan artıq olduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə 2.500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. - 4 saylı RETSİ-nin əməkdaşları tərəfindən Cavabdeh1 barəsində 28.07.2021-ci il tarixli inzibati xəta haqqında MN 12000225 saylı inzibati protokol tərtib olunmuşdur. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə), 237.1 (Yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən, yaxud təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadan müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə görə) və 275.2-ci (Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səsküy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə) maddələrinə əsasən təqsirli bilinmişdir. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 28.07.2021ci il tarixli, 70882 №-li aktından görünür ki, 4 saylı RETSİ-nin 01.07.2021-ci il tarixli sərəncamına əsasən Sumqayıt şəhəri, Sarı-Qaya bağ massivi 942 ünvanında yaşayan Emin Əzizov tərəfindən yaşadığı bağ sahəsinin ərazisində avtomobil yolunun kənarında yerləşən «X8» ailəvi istirahət mərkəzinin fəaliyyəti zamanı ətrafa yayılan səs-küy və iyqoxudan sakinlərin narahat olması barədə Nazirliyin qaynar xətt mərkəzinə daxil olmuş və icra üçün 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmiş 27.07.2021ci il tarixli 185 saylı (İP nömrəsi 10243) müraciəti əsasında 17-28 iyul tarix müddətində qeyd olunan ərazidə monitorinq aparılmışdır. Aparılan monitorinq zamanı məlum olmuşdur ki, Nazirliyin Milli Hidrometorologiya xidmətinin əməkdaşları tərəfindən daxil olmuş müraciət əsasında 17.07.2021-ci il tarixində qeyd olunan ərazidə yerləşən «X8» ailəvi istirahət mərkəzinin fəaliyyəti zamanı ətrafa yayılan səs-küyün və iy-qoxunun miqdarının ətraf mühit üçün yol verilən faktiki norma həddində olub-olmamasının müəyyənləşdirilməsi məqsədi ilə mərkəzin ətraf ərazisində ailəvi istirahət mərkəzinin nümayəndəsinin iştirakı ilə birgə aparılan ölçmə işləri zamanı mərkəzin ərazisindən ətrafa yayılan səs-küyün səviyyəsi və iy-qoxunun miqdarının ətraf mühit üçün yol verilən faktiki norma həddindən artıq olduğu müəyyən edilmişdir. - 4 saylı RETSİ-nin inzibati tənbeh vermə haqqında 12.07.2021-ci il tarixli, MN ******* saylı qərarından görünür ki, Cavabdeh2 ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə 2.500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. - 4 saylı RETSİ-nin əməkdaşları tərəfindən Cavabdeh2 barəsində 21.06.2021-ci il tarixli inzibati xəta haqqında MN ******* saylı inzibati protokol tərtib olunmuşdur. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinə əsasən təqsirli bilinmişdir. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 21.06.2021ci il tarixli, 70447 №-li aktından görünür ki, aparılan ölçmə işləri zamanı «X8» ailəvi istirahət mərkəzinin fəaliyyəti zamanı ətrafa yayılan səs-küyün səviyyəsinin miqdarının ətraf mühit üçün yol verilən faktiki norma həddindən artıq olduğu müəyyənləşdirilmişdir. - 02.08.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, Məmmədov Rüstəm Dastan oğlu ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 186.5 kv.m olan bağ evini Cavabdeh1 icarəyə vermişdir. Bu icarə müqaviləsi 02.08.2026-cı il tarixədək bağlanılmışdır. İcarə haqqı 1.000 manat müəyyən edilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2979/2021 saylı, 05.10.2021-ci il tarixli qərarından görünür ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs Cavabdeh1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı RETSİ tərəfindən tərtib edilmiş 13.08.2021-ci il tarixli, MN ******* №-li qərarından verdiyi şikayət təmin edilməmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-665/2021 saylı, 04.11.2021-ci il tarixli qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2979/2021 saylı, 05.10.2021-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2979/2021 saylı, 05.10.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Məmmədov Rüstəm Dastan oğlunun mülkiyyətində olan bağ sahəsi Cavabdeh1 tərəfindən icarəyə götürülmüş və orada “X8” restoranının fəaliyyəti təşkil olunmuşdur. Cavabdeh1 ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə inzibati məsuliyyətə cəlb olunaraq 2.500 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Məhkəmə qeyd edir ki, iddianın restoranın ətrafa səs-küy və ağır qoxular yayan fəaliyyətinə qadağa qoyulması barədə tələbinin mahiyyəti belə təsirlərin qanunvericilikdə nəzərdə tutulmuş normadan artıq törədilməsinin qadağan edilməsidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Bu Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Bu Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qərarda eyni zamanda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri - əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən məhkəmələr Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Qərarda həmçinin qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya” nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 tərəfindən icarəyə götürülmüş Sumqayıt şəhəri, Sarıqaya bağlar massivində 939B saylı bağ sahəsində fəaliyyət göstərən “X8” restoranı qanunvericilikdə nəzərdə tutulmuş normadan artıq səs-küy və ağır qoxular yaydığından, iddiaçılar, onları narahat edən (maneçilik törədən) qanunsuz təsirlərə məruz qalmışlar. Belə ki, Cavabdeh1 sözügedən bağ sahəsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada sahiblik hüququ mövcud olduğundan, o, faktiki sahibliyi həyata keçirdiyindən qanunun analogiyasına görə mülkiyyət hüququnu həyata keçirən şəxsin digərlərinin mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinmək öhdəliyinin daşıyıcısıdır. Məhkəmə hesab edir ki, digər Cavabdeh2 ilə sözügedən restoranın mülkiyyətçisi arasında hazırda icarə müqaviləsi, Cavabdeh3 həmin bağ sahəsi ilə hüquqi bağlılığı mövcud olmadığından onlar bu ərazidəki fəaliyyətə görə hazırki tələb üzrə iddiaçılar qarşısında cavabdehlik daşımırlar. Odur ki, qeyd olunan maneələrin yaradılmasının qadağan edilməsi və kompensasiya tələbinə dair iddia Cavabdeh2 və Cavabdeh3 münasibətdə əsassızdır. Bundan əlavə mənəvi zərər tələbi ilə bağlı xüsusatların olmasına dair, onun yaranma əsasları və məbləğlərin formalaşması, habelə ziyanın həcmi iddiaçılar tərəfindən sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, eyni zamanda bu hallara görə də mənəvi ziyanın tələb edilməsi hissəsində iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət edi: İddia qismən təmin edilsin. Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivində 939B saylı bağ evində fəaliyyət göstərən “X8” restoranında ətrafa qanunvericilikdə nəzərdə tutulmuş normadan artıq səsküy və ağır qoxuların yayılması qadağan olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-7499/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7499/2021
07.12.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver