Məhkəmə qərarları › İş №2(060)-75/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-75/2021

21.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-75/2021 21.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Həsənova Həvva Seymur qızının katibliyi, İddiaçı iştirakı ilə, iddiaçı İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehin Sumqayıt şəhəri, 10-cu mikrorayon, 21 saylı evin 34 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 21 saylı evin 34 saylı mənzili 06.03.2008-ci il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Cavabdeh iddiaçının gəlinidir. Hazırda oğlu və gəlini arasında problem yaranmışdır. Oğlu nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh artıq bir neçə aydır ki, iddiaçının mənzili tərk edərək getmişdir. Cavabdehin iddiaçının mənzilində qeydiyyatda olması onun əlavə xərclər çəkməsinə səbəb olur. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, onun oğlu ilə cavabdeh barışmışlar. Hal-hazırda o, oğlu və gəlini ilə küsülüdür. Onlar başqa yaşayış sahəsində kirayədə yaşayırlar. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə bildiriş göndərilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı ilə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 739/2020 saylı, 05 iyun 2020-ci il tarixli qətnaməsi ilə X2 ilə Cavabdeh arasında 01 iyun 2012-ci ildə, Sumqayıt Nikah evində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra 01.07.2012-ci il təvəllüdlü X3 X1, 05.11.2015-ci il təvəllüdlü X4 isə Cavabdeh yanında saxlanması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2797/2020 saylı, 09 dekabr 2020-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-739/2020 saylı, 05 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-739/2020 saylı, 05 iyun 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilir ki, X5 Əliyeva arasında nikah 01 iyun 2012-ci ildə bağlanmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 10-cu mikrorayon, 21 saylı evin 34 saylı mənzili (bundan sonra – mübahisəli mənzil) 06.03.2008-ci ildən iddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşdən göründüyü kimi cavabdeh iddiaçının oğlu ilə 2012-ci ildə nikaha daxil olaraq mübahisəli mənzilə köçmüşdür. Bu səbəbdən hazırkı mübahisəyə 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan )müddəaları tətbiq edilməlidir. Həmin Məcəllədə göstərilmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (30.1.). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar (30.2.). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Qeyd edilən müddəaları ümumiləşdirərək qeyd edilməlidir ki, yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri yəni, onun arvadı (əri), habelə onun uşaqları və valideynləri, eyni zamanda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşadıqda, yaşayış sahəsindən istifadə hüququ əldə edirlər. Hazırkı iş üzrə cavabdeh isə iddiaçının gəlini olmaqla onun ailə üzvləri və Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər sırasına daxil deyildir. Yəni, cavabdehin mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Qeyd edilənlərdən göründüyü kimi mülkiyyətçi öz mülkiyyətində olan yaşayış sahəsinə digər şəxsləri könüllü olaraq qeydiyyata saldırdığı halda onların oradan qeydiyyatdan çıxarılması üçün ümumi məhkəməyə deyil, müvafiq inzibati orqana müraciət etməlidir. İnzibati orqan tərəfindən mülkiyyətçiyə imtina cavabı verilərsə o, bununla bağlı müvafiq inzibati məhkəmədə iddia qaldıra bilər. Hazırkı iş üzrə tərəflərin izahatları ilə müəyyən edilir ki, iddiaçı könüllü şəkildə cavabdehi öz mənzilinə qeydiyyata saldırmışdır. Cavabdehin mənzildən istifadə hüququ yaranmamış və formal olaraq mənzildə qeydiyyatda olmuşdur. Belə olan halda isdə hazırkı tələbə ümumi məhkəmədə baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir (261.0.1.). Məhkəmə hesab edir ki, ərizəçinin tələbinə məhkəmədə baxılmalı olmadığından hazırkı iş üzrə icraata xitam verilməli, iddiaçıya cavabdehin onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması üçün müvafiq inzibati orqana, imtina cavabı aldığı təqdirdə isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin Sumqayıt şəhəri, 10-cu mikrorayon, 21 saylı evin 34 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar