Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-75/2022 17.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlərin mənzildən çıxarılması tələbinə dair mülki işə 17 mart 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlərin mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən, 28/19 nömrəli evin, 21 nömrəli mənzilindən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" İKB ASC (“Yelo Bank“ ASC) ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, Cavabdeh1 məxsus, Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən, 28/19 nömrəli evin 21 nömrəli mənzilinə Sumqayıt Şəhər Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli 2(060)-11305/2017 nömrəli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları 12 mart 2021-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-də qeydə alınmış və bankın adına çıxarış alınmışdır. İddia ərizəsinə əlavə edilmiş AR DİN Asan 2 Mərkəzinin ******* nömrəli 13 aprel 2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan göründüyü kimi, İddiaçı ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən, 28/19 nömrəli evin, 21 nömrəli mənzilində qeydiyyatda heç bir şəxs yoxdur. Əmlakın İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan və mənzili boşaldaraq banka təhvil verməkdən imtina edirlər. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı Cavabdeh1 cavabdeh "xxxx" İKB ASC-yə qarşı kredit və ipoteka müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki işə baxılmış, lakin Cavabdeh1 iddia tələbi təmin edilməmişdir. Cavabdeh1 həmin qətnamədən narazı qalaraq apellyasiya şikayəti versə də, apellyasiya şikayəti də təmin olunmamışdır. Həmin iş üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayəti isə verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Nümayəndə qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SS766431504AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnamə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) bildiriş göndərilsə də, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-cı maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11305/2017 saylı, 06 sentyabr 2017-cı il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Cavabdeh1 ilə "xxxx" X2 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 14 avqust 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 iddiaçı "xxxx" X2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 10.918,53 ABŞ dolları əsas, 3.818,99 ABŞ dolları faiz və 20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 14.757 (on dörd min yeddi yüz əlli yeddi) ABŞ dolları 52 (əlli iki) sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən, 2 otaqlı, 47,1 kv ümumi, 27.2 kv.m yaşayış, 19,9 kv.m yardımçı sahədən ibarət 28/19 nömrəli evin 21 nömrəli mənzilinə yönəldilməsi, Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən, 2 otaqlı, 47,1 kv ümumi, 27.2 kv.m yaşayış, 19,9 kv.m yardımçı sahədən ibarət 28/19 nömrəli evin 21 nömrəli mənzilin ilkin satış qiymətinin 39.000 manat müəyyən edilməsi, fərdi yaşayış evinin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, mənzilin satışından əldə olunan vəsaitdən cəmi 14.757 (on dörd min yeddi yüz əlli yeddi) ABŞ dolları 52 (əlli iki) sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla "xxxx" X2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh1 qaytarılması qət edilmişdir. İş materiallarında olan çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 tam mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına ********** qeydiyyat nömrəsi ilə 12.03.2021-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 13.04.2021-ci il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda heç bir şəxs yoxdur. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmış, cavabdeh sonradan kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11305/2017 saylı, 06 sentyabr 2017-cı il tarixli qətnaməsi ilə kredit tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması qət olunmuşdur. Sözügedən qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunmuş və Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən, 28/19 nömrəli evin, 21 nömrəli mənzil açıq hərracdan İddiaçı ASC tərəfindən alınmış və iddiaçının hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 12.03.2021-ci il tarixdə qeydiyyata alınaraq ona çıxarış verilmişdir. Lakin hazırkı vaxta qədər cavabdeh və onun ailə üzvləri mübahisəli mənzildən könüllü olaraq çıxmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «İnsan Hüquqlarının və X3 Haqqında» Konvensiyaya dair 1 saylı protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında hətta orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər mübahisəli mənzildən çıxmaması iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehlər həmin mənzildən çıxarılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 40 manat cavabdehlərdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı ASC-yə məxsus olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən, 28/19 nömrəli evin, 21 nömrəli mənzilindən çıxarılsın, həmin mənzil boşaldılsın və İddiaçı ASC-yə təhvil verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-75/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-75/2022
17.03.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver