Məhkəmə qərarları › İş №2(060)-754/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-754/2023

13.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-754/2023 13.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair mülki işə 13 fevral 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı cavabdehlərin evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 azyaşlı övladları ilə mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 54 C ünvanında yerləşən torpaq sahəsi üzərində inşa edilmiş evdən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, AR Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 2-də yerləşən 54 C saylı torpaq sahəsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin torpaq sahəsi üzərində 3 otaqlı ev mövcuddur. Cavabdehlərdən Cavabdeh1 mərhum həyat yoldaşının bacısı qızı, Cavabdeh2 isə onun həyat yoldaşıdır. Belə ki, o, mərhum həyat yoldaşı X4 ilə xx.xx.1989-cu il tarixdə rəsmi nikah münasibətlərinə girərək ailə həyatı qurmuşdur. Birgə nikahdan övladları olmamışdır. Bu səbəbdən də Cavabdeh1 qeyri rəsmi onların yanında yaşamışdır. 2007-ci ildə Cavabdeh1 digər Cavabdeh2 ilə ailə həyatı qurmuş və Cavabdeh2 valideynlərinə məxsus Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 7/8, mənzil 69-a gəlin köçmüşdür. Mərhum həyat yoldaşı 2012-ci ildə xəstəliyə tutulmuşdur. O da, onun müalicəsi üçün bütün imkanlarını sərf etmişdir. Hətta Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 4a-da yerləşən, mülkiyyətində olan 4 saylı mənzilini də 2013-cü ildə satmışdır. Mənzilin satışından əldə olunan vəsaitin bir hissəsinə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 54 C ünvanında yerləşən 0.0145 ha torpaq sahəsində inşa edilmiş 3 otaqlı evi almış, mərhum həyat yoldaşı ilə ora köçmüşdür. Qalan vəsaiti isə onun xəstəliyi üçün xərcləmişdir. Həkimlərin səylərinə baxmayaraq mərhum həyat yoldaşı X4 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Vəfat etməmişdən öncə yəni, mərhum həyat yoldaşının son ayları onun vəziyyəti pis olduğu üçün, o, cavabdehlərə icazə vermişdir ki, onun yanında olsunlar. Onun vəfatından sonra isə o, cavabdehlərlə birlikdə yaşamağa başlamışdır. O, məcbur olub xx.xx.2019-cu il tarixdə ikinci dəfə ailə həyatı qurmuşdur. Bir müddət cavabdehlərlə yaşasalar da, artıq bunun mümkün olmaması açıq-aşkar görsənirdi. Cavabdehlər isə mütəmadi olaraq onu təhdid edir, mülkiyyətində olan torpaq sahəsi və evdə yaşamağına imkan vermirlər. Nəticədə cavabdehlər evdən çıxartmağa müvafiq oldular. Cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinə və onun üzərində tikilmiş evə dair heç bir hüquqları yoxdur. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, 1989-cu ildə iddiaçı ailə həyatı qurub, lakin övladları olmayıb. 2012-ci ildə iddiaçının yoldaşı xəstəliyə tutulmuş, iddiaçı yoldaşının müalicəsi üçün yaşadığı evi staraq yeni mənzil almış, qalan pulu isə onun müalicəsinə xərcləmiş, lakin heç bir nəticəsi olmamışdır. İddiaçı ölümündən əvvəl qulluq etmək üçün yoldaşının bacısı qızını həmin evə gətirmişdilər. Əlavə olaraq bildirir ki, cavabdeh 2007-2008-ci ildə ailə həyatı qurub. Bundan 4 il sonra iddiaçının yoldaşı dünyasını dəyişib. Cavabdeh və onun yoldaşı hazırda həmin evdə məskunlaşıblar və evdən çıxmaqdan imtina edirlər. Hazırda iddiaçı yenidən ailə həyatı qurub, lakin o, özünə məxsus evə daxil ola bilmir, hətta bununla bağlı Polis Bölməsinə də şikayət olunub, cavabdehlər Bölmədə mənzildən çıxacaqlarına söz veriblər. Onu da məhkəmənin nəzərinə çatdırır ki, hazırkı mübahisə ilə bağlı məhkəmədən bildiriş gəldikdən sonra cavabdehlər Polis Bölməsinə şikayət ediblər, yəni onlar məhkəmə iclası barədə məlumatlıdırlar. Nümayəndə qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SS814796060AZ saylı poçt göndərişinin təqdim olunması barədə xəbərnamə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) bildiriş göndərilsə də, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-cı maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci məhəllə, 54C ünvanında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2015-ci ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 474 nömrə ilə qeyd edilmişdir. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 1768 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 övladları ilə birlikdə Sumqayıt şəhəri, 2-ci məhəllə, 54C nömrəli evdə qeydiyyatsız yaşayırlar. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 12 saylı Mənzil Kommunal Sahəsinin 992 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatdadır, lakin yaşamır. İş materiallarında olan AZ-İİ 318914 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X3 23 fevral 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 435 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Sərxanova soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli abonent kartından görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında ünvan 4 ünvanına su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə 30550995 nömrəli müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli abonentin saldosundan görünür ki, "xxxx" ASC tərəfindən ünvan 5 ünvanında İddiaçı adına xx.xx.2022-ci il tarixdə sayğac açılmışdır. (abonent kodu: **********00550) İş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, "xxxx" ASC tərəfindən ünvan 6 ünvanında İddiaçı adına **********02842 nömrəli sayğac quraşdırılmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 2-ci məhəllə, 54C ünvanında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. həmin evin mövcudluğu iş materiallarında olan sənədlərlə (kommunal ödənişlərə dair məlumatlar və s.) öz təsdiqini tapmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uşaqları ilə birlikdə sözügedən evdə yaşayırlar. Hazırda iddiaçı ona məxsus torpaq sahəsi üzərində yerləşən evdən cavabdehlərin çıxarılmasını xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı Sumqayıt şəhəri, 2-ci məhəllə, 54C ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, həmin torpaq sahəsində inşa edilmiş ev üzərində mülkiyyət hüququ reyestrdə qeydə alınmamışdır. Lakin məhkəmə hesab edir ki, iddiaçının sözügedən fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ var. Belə ki, mülkiyyət hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və X5 haqında” Avropa Konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsində də təsbit edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarında özbaşına zəbt edilmiş dövlət mülkiyyətində olan torpaq sahəsini mülkiyyət hesab etməmişdir. Önəryıldız Türkiyəyə qarşı iş üzrə qərarında Məhkəmə də Hökumət kimi belə hesab etmişdir ki, 775 saylı Qanunun 21-ci maddəsi əsasında ərizəçiyə sözügedən torpaq sahəsi üzərində hüququn ona ötürülməsini tələb etmək hüququnun verildiyi barədə nəticə çıxarmaq üçün iş üzrə materiallarında heç bir sübutun olmadığı nəzərə alınarsa, habelə 1 saylı Protokolun 1-ci maddəsi yalnız şəxslərin mövcud olan mülkiyyətlərinə tətbiq edildiyinə və mülkiyyətçiyə çevrilmək hüququna təminat vermədiyinə görə bununla bağlı onun bəslədiyi ümidlərin əsassız olduğu nəzərə alınarsa, Xəzinədarlığa məxsus olan torpağın ərizəçi tərəfindən təxminən beş il ərzində zəbt edilməsi faktı 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» hesab oluna bilməz (§140). Bununla belə, Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Lakin Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu idda edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır (§103). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi Qərarında isə nümayiş etdirdiyi mövqeyə görə “real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ” mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «İnsan Hüquqlarının və X5 Haqqında» Konvensiyaya dair 1 saylı protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında hətta orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və X5 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlatmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Beləliklə məhkəmə qeyd edir ki, hər bir şəxsin mülkiyyətində istənilən daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ şəxsin əmlak üzərində istədiyi kimi maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi yalnız mülkiyyətçinin razılığı və iradə ifadəsi ilə mümkün ola bilər. Əmlakın mülkiyyətçisi olan şəxsin iradəsinə zidd əmlakdan istifadə etmək mülkiyyət hüququna müdaxilə təşkil edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyinə son qoyularaq, əmlakını geri tələb edə bilər. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci mаddəsinə əsаsən mülkiyyətçi hüquqlаrı mülkiyyətçi olmаsа dа, bu Məcəllədə və yа müqаvilədə nəzərdə tutulаn əsаslа əmlаkа sаhiblik edən şəxsə də mənsubdur. Əks yаnаşmа mülkiyyət hüquqlаrının müdаfiəsi ilə bаğlı konstitusiyа prinsiplərinin, mülki qаnunvericiliyin bir sırа prinsip və müddəаlаrının, eləcə də Azərbаycаn Respublikаsının beynəlxаlq müqаvilələrə əsаsən üzərinə götürdüyü öhdəliklərin pozulmаsınа gətirib çıxаrа bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa edilən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində halhazıradək qeydə alınmaması iddiaçının hüquqlarının pozulmasına səbəb ola bilməz. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş evdə yaşamaları, eyni zamanda iddiaçının tələbi əsasında həmin evdən çıxmamaları torpaq sahəsinə mülkiyyət hüquqları mövcud olan iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran haldır. Məhkəmə bu halları iddiaçının mülkiyyət hüquqlarının və qanuni maraqlarının pozulması kimi qiymətləndirir. Məhkəmə həmçinin onu da qeyd edir ki, cavabdehlər iddiaçının ailə üzvləri (əri, arvadı, valideynləri və ya uşaqları) olmamaqla ona münasibətdə mənzildən istifadə hüququ olan şəxslər kateqoriyasına aid deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı övladları ilə birlikdə iddiaçı X1 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 54 C ünvanında yerləşən torpaq sahəsi üzərində inşa edilmiş evdən çıxarılmalıdırlar. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 100 manat cavabdehlərdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı övladları ilə birlikdə iddiaçı X1 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 54 C ünvanında yerləşən torpaq sahəsi üzərində inşa edilmiş evdən çıxarılsınlar. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçı X2 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar