Məhkəmə qərarları › İş №2(060)-7546/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7546/2025

06.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7546/2025 06.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs 2 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsi olmaqla doğum haqqında akt qeydinin bərpa edilməsi tələbinə dair iş üzrə (açar sözlər: doğum faktı) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsi olmaqla doğum haqqında akt qeydinin bərpa edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) tələb

1. Ərizəçi ərizə ilə, daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1958-ci il tarixdə Xocalı şəhərində doğumun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum haqqında akt qeydi bərpa edilməklə, adının “X6”, doğum tarixinin “xx.xx.1958-ci il”, doğulduğu yer “Azərbaycan Respublikası, Xocalı şəhəri”, atası “X8” və anası “X9” kimi məlumatların göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1958-ci il tarixdə Xocalı şəhərində anadan olmuşdur. Doğum haqqında şəhadətnaməsi Xocalı şəhəri işğal olunan zaman itmişdir. Doğum haqqında şəhadətnaməmdə adının Yelmar (rus əlifbası ilə Eлмар) kimi qeyd olunmasına baxmayaraq şəxsiyyət vəsiqəsi verilən zaman adı latın qrafikalı əlifba ilə səhvən “Elmar” kimi qeyd edilmişdir. xx.xx.1989-cu il təvəllüdlü oğlunun və xx.xx.1991-ci il təvəllüdlü övladlarının həm doğum haqqında şəhadətnamələrində, həm də şəxsiyyət vəsiqələrində ata adı Yelmar kimi qeyd olunmuşdur. Hazırda o, əmlakını övladına bağışlamaq istəyir. Lakin onun şəxsiyyət vəsiqəsində qeyd olunan adı ilə övladının şəxsiyyət vəsiqəsində ata adı fərqli olduğu üçün notarius bundan imtina edir. O, bununla əlaqədar 2 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzində qeydiyyat şöbəsi müraciət edərək, şəxsiyyət vəsiqəsində adının dəyişdirilərək Yelmar kimi qeyd olunmasını xahiş etdi. Lakin qeydiyyat şöbəsi imtina etmiş və bildirmişdir ki, xx.xx.1958-ci il təvəllüdlü Xocalı şəhərində anadan olmuş Ərizəçi doğum haqqında akt qeydi şöbənin arxivində və vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmamışdır. Çünki yalnız 1991-ci ildən sonra Xocalı şəhərində doğulan şəxslərin doğum haqqında akt qeydləri şöbənin arxivində mövcuddur. Vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası müəyyən olunmalı olduğundan məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır.

b) tələbə qarşı etiraz

3. Tələbə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

4. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəsini müdafiə etdiyini qeyd etdi və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı faktın təsdiqi ona əmlakla bağlı sənədləşmələr üçün lazımdır.

5. Maraqlı şəxs 2 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, ərizəçi onun xalasının nəvəsidir. Ərizəçini Yelmar kimi tanımışdır. O, Xocalı şəhərində anadan olmuşdur. Atası Şahhüseyn, anası Gülümdür.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, ərizəçi ilə uzun illər birlikdə işləmişlər. Ərizəçinin adı Yelmardır. Atası Şahhüseyndir, anasının adını bilmir. Əsaslandırıcı hissə:

a) mülki işin materialları

8. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1958ci ildə doğulmuşdur.

9. Əslinə baxmaqla tədqiq edilmiş НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, X6 xx.xx.1958-ci ildə doğulmuşdur.

10. İX-ЖГ seriyalı, 436534 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1967-ci ildə Xocalı şəhərində doğulmuşdur. X2, anası X4r.

11. AZ-İİİ seriyalı, 031412 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1989-cu ildə Şuşa şəhərində doğulmuşdur. X1, anası X5r.

12. AZ-İİ seriyalı, 178583 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1991-ci ildə Şuşa şəhərində doğulmuşdur. X1, anası X5r.

13. AZ-İ seriyalı 113559 nömrəli nikah pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X11 arasında olan nikah xx.xx.2010-cu il tarixə pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 488 nömrə ilə qeyd edilmişdir.

14. 2 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-62-444/2025 nömrəli məktubundan görünür ki, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadığından Ərizəçi doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.

15. Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi SSRİ nümunəli pasportunun Forma-1 kartoçkası QMBnin kartotekasında aşkar olunmadı.

b) mülki iş üzrə tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarı: “4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.”

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar: “14. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.”

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

c) məhkəmənin mövqeyi

20. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.

21. İddia ərizəsinə əlavə edilən və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, ərizəçinin şəxsiyyətini təsdiq edən sənədi olmuşdur. Belə ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə doğulmuşdur. Bundan başqa ərizəçi tərəfindən doğum akt qeydinin bərpası ilə bağlı 2 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzinin qeydiyyat şöbəsinə müraciət edilmiş, lakin ərizəçiyə xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, doğum akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə) təqdim olunmadığından doğum faktı müəyyən edilməmişdir.

22. İşin hallarından göründüyü kimi ərizəçinin doğumu barədə müvafiq qeyd əvvəllər mövcud olmuşdur, çünki şəxsiyyət vəsiqəsində, hərbi biletdə, həmçinin, ərizəçinin uşalqarının doğum haqqında şəhadətnamələrində ərizəçinin adı, doğum tarixi və yeri barədə məlumatlar əks olunmuşdur. Ərizəçi özünün doğum qeydi ilə bağlı müvafiq orqana müraciət etsə də, arxiv məlumatları olmadığından bərpa etmək mümkün olmamışdır. Ərizəçinin doğum qeydinin bərpası başqa qaydada mümkün deyildir.

23. Odur ki, Ərizəçi doğum akt qeydi bərpa edilməli, Ərizəçi xx.xx.1958-ci il tarixdə Xocalı şəhərində doğumun qeyd edilməsi faktının müəyyən edilməli, doğum haqqında akt qeydi bərpa edilməklə, həmin akt qeydində ərizəçinin adı “X6”, doğum tarixi “xx.xx.1958-ci il”, doğulduğu yer “Azərbaycan Respublikası, Xocalı şəhəri”, atası “X8” və anası “X9” kimi məlumatlar göstərilməlidir.

Nəticə hissəsi:

24. Göstərilənlərə əsasən və MPM-nin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1958-ci il tarixdə Xocalı şəhərində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydi bərpa edilməklə, həmin akt qeydləri kitabında Ərizəçi adı “X6”, doğum tarixi “xx.xx.1958-ci il”, doğulduğu yer “Azərbaycan Respublikası, Xocalı şəhəri”, atası “X8” və anası “X9” kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən Ərizəçi adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar