Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7557/2021 22.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X4, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Sumqayıt şəhəri, 11-ci mikrorayon, 22 saylı evin, 20 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 14 saylı mənzil 1983-cü ildə 10/48 saylı order əsasında atası X3 verilmişdir. Orderlə mənzildə 5 beş nəfər, yəni- atası, anası, bacısı, qardaşı və o, qeydiyyatda olmuşlar. 14 mart 1983-cü ildən həmin mənzildə pasport qeydiyyatındadır. O, həmin evdə böyüyüb boya-başa çatmışdır. Atası və anası rəhmətə getmiş, bacısı isə digər yerdə yaşayır. 2015-ci ildə ailə həyatı qurduqdan sonra bir müddət kirayədə yaşamışlar. Övladları olmadığından 2017-ci ildə həyat yoldaşı ilə nikahlarına xitam verilmişdir. Ondan sonra o, digər yaşayış yeri olmadığından qeydiyyatda olduğu evə yaşamaq üçün gələrək yaşamağa başlamış və ona məxsus əmlakı da hazırda mənzildədir. Hal-hazırda, qardaşı Cavabdeh mənzilin qapısının kilidini dəyişərək onu evə buraxmır, onu təhqir edir və mənzilə buraxmayacağını bildirir. Ona görə də o, məcbur olub başqa-başqa yerlərdə müvəqqəti yaşamaq məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahış etdi. Əlavə olaraq göstərdi ki, o, keçmiş əri ilə barışmamışdır və sonuncu ilə birlikdə yaşamır. Cavabdehin bu barədə göstərdikləri doğru deyildir. Onun bu mənzildən başqa yaşamağa yeri yoxdur. Məhkəmə iclasında iştirak etmiş cavabdeh izahat verərək göstərdi ki, iddianı qəbul etmir. Bacısı Aygün ailə qurduqdan sonra bu mənzildən köçüb getmişdir. Aygün 2017-ci ildə boşanmış və yenidən bu mənzilə qaydaraq birlikdə yaşamış, ümumi təsərrfat aparmışlar. Lakin Aygün rəsmi olaraq boşansa da öz keçmiş həyat yoldaşı ilə barışaraq sonuncunun evinə gedib-gəlir. Bu səbəbdən də o, Aygünün mübahisəli mənzildə onunla birlikdə qalmasını istəmir. Həmçinin, onun arvadı ilə Aygün arasında münasibətlər gərgindir və evlərində söz-söhbət yaranır. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Cavabdeh həmçinin bildirdi ki, iddiaçı keçmiş əri ilə barışmadığı və birlikdə yaşamadığı halda bu mənzildə onlarla birlikdə yaşamasına etiraz etmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: Sumqayıt Şəhər Xalq deputatları Soveti İcraiyyə Komitəsinin 10/48 saylı 14 mart 1983-ci il tarixli Orderindən görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 20 saylı evin 22 saylı mənzili X1 dörd nəfər ailə üzvləri (arvadı-Rəhimova Nərgiz, qızı Şəlalə Rəhimova, oğlu Sübariz Rəhimov və qızı İddiaçı) ilə birlikdə istifadəsinə ayrılmışdır. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB tərəfindən verilmiş 16 avqust 2021-ci il tarixli 638 saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 20 saylı mənzildə daimi qeydiyyatdadır. AZ-İ seriyalı 353127 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X2 ilə İddiaçı arasında bağlanmış nikah 18 iyul 2017-ci il tarixdə ləğv edilmişdir. İşin mübahisəsiz hallarından göründüyü kimi, mübahisəli mənzil dövlət mənzil fonduna aid olmaqla tərəflər həmin evdə birlikdə yaşamış, birgə təsərrüfat aparmışlar. İddiaçı mübahisəli mənzil ayrılan vaxtdan həmin ünvanda qeydiyyatda olmaqla 2015-ci il tarixədək orada yaşamış, 2015-ci il tarixdə ailə quraraq mənzildən köçmüş, 2017-ci ildə ailə münasibətlərinə xitam verildiyindən yenidən bu mənzilə qayıdaraq son bir neçə ayadək orada yaşamışdır. İddiaçının hazırda həmin mənzildə yaşamamasının səbəbi mənzilin daimi istifadəçisi olan cavabdehin iddiaçının bu mənzildə yaşamasına maneə törətməsi, mənzilə buraxmaması ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə yuxarıda şərh olunan işin hallarına və ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, araşdırılan hüquq münasibətləri 2000-ci il tarixədək əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarını şərh olunan hüquq normasına istinadən qiymət verərək hesab edir ki, iddiaçının mübahisəli mənzildə istifadə hüququ olmaqla, həmin hüquqa xitam verilməmişdir, odur ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı Sumqayıt şəhəri, 11-ci mikrorayon ünvanında yerləşən 22 saylı evin, 20 saylı mənzilinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2 maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, 11-ci mikrorayon, 22 saylı evin, 20 saylı mənzilinə köçürülsün. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-7557/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7557/2021
22.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver