Məhkəmə qərarları › İş №2(060)-756/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-756/2022

10.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-756/2022 10.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X12 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi (maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsi) barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə və həmin ərizəyə dəqiqləşmə barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Sumqayıt şəhər Qeydiyyat şöbəsini maraqlı şəxs kimi göstərməklə) onun xx.xx.1957-ci ildə, Ermənistanın Sisyan rayonunda doğulmasının, atasının X6, anasının X7 olmasının qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1957-ci ildə Ermənistan, Sisyan rayonu, Urud kəndində anadan olmuşdur. X1, anası isə X4r. Onun həm atası, həm də anası vəfat edib. Ərizəçiyə məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Hazırda doğum haqqında akt qeydini məhkəmədən kənar bərpa etmək mümkün deyil. Belə ki, arxiv sənədləri Ermənistan Respublikasındadır. Doğum haqqında şəhadətnamənin olmaması ona bir sıra hüquqlarını realizə etmək üçün ciddi çətinliklər yaradır. Sumqayıt şəhər Qeydiyyat şöbəsinin cavab məktubu ilə doğum haqqında akt qeydinin bərpasından imtina edilmişdir. Həmçinin Sumqayıt şəhər Qeydiyyat şöbəsindən ona izah olunmuşdur ki, doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etsin. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Doğum haqqında akt qeydinin bərpası ona vərəsəlik işləri ilə bağlı lazımdır. Atasına məxsus ölüm haqqında şəhadətnamədə atasının adı “Əsəd” kimi qeyd olunub. Əslində isə atasınını adı “Əsəd” yox, “Əsədulla”dır. Bu ərizəçinin bacısına məxsus doğum haqqında şəhadətnamədə də öz təsdiqini tapır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Şəxsiyyət vəsiqəsinin surətinə əsasən ərizəçi xx.xx.1957-ci ildə anadan olmuşdur. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X6 14.08.1994-cü ildə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X7 29.10.2021-ci ildə vəfat etmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 16.03.1968-ci ildə, Ermənistanın Sisyan rayonunda anadan olmuşdur. Onun X1, anası X4r. İş materiallarına ərizəçiyə məxsus səkkizillik təhsil haqqında şəhadətnamənin, ali təhsil haqqında diplomun, nikah haqqında şəhadətnamənin və əlillik kitabçasının surətləri əlavə edilmişdir. Nikah haqqında şəhadətnamədə ərizəçinin təvəllüdü xx.xx.1957-ci il kimi qeyd edilmişdir. Ərizəçi doğum akt qeydinin bərpa edilməsi haqqında ərizə ilə Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmişdir. Maraqlı şəxs 20.11.2021-ci tarixli, 05/Q-4222/15 saylı məktubunda bildirmişdir ki, doğum akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Bu səbəbdən ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır. Atasının adı ölüm şəhadətnamədə “Əsəd” kimi qeyd edilsə də, əslində “Əsədulla”dır. O, 1994-cü ildə rəhmətə gedib. Ərizəçi həqiqətən xx.xx.1957-ci ildə anadan olmuşdur. Analarının adı isə X4r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, ərizəçinin qardaşıdır. Onların atalarının adı X3r. Ərizəçi həqiqətən xx.xx.1957-ci ildə anadan olmuşdur. Analarının adı isə X4r. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.3.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). İşdən göründüyü kimi ərizəçi onun doğumun qeyd edilməsi faktının müəyyən edilməsini xahiş edir. O, həmin faktı təsdiq edən sənədi almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etmiş, lakin qeydiyyat orqanı ona məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Məhkəmə hesab edir ki, işdə olan sənədlər əsasında ərizəçinin xx.xx.1957-ci ildə, Ermənistanın Sisyan rayonunda anadan olması, atasının X6, anasının X7 olması sübuta yetirilir. Həmin faktları təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən ərizə təmin edilməli və ərizəçinin doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1957-ci ildə, Ermənistanın Sisyan rayonunda anadan olması, atasının X6, anasının X7 olmasının qeyd edilməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə həmin fakt üzrə müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar