Məhkəmə qərarları › İş №2(060)-7567/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7567/2021

15.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7567/2021 15.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 1-ci məhəllə, 2 nömrəli evin, 38 saylı mənzilinə olan istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia tələbini onunla əsaslandırdı ki, İddiaçı Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 2-də yerləşən 2 otaqlı ümumi sahəsi 55.0 kv.m. olan 38 saylı mənzilin mülkiyyətçisidir. Cavabdeh iddiaçının doğma qardaşıdır. Cavabdeh 2008-ci ildə mənzili tərk edərək Rusiya Federasiyasına daimi yaşamağa getmiş, yaşadığı ölkənin vətəndaşlığını qəbul etmiş və həmin vaxtdan mənzillə bütün əlaqəsini kəsmişdir. Mənzil İstismar Sahəsində cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olması barədə heç bir məlumat yoxdur. İddiaçı cavabdehin başqa dövlətə daimi yaşamağa getdiyi vaxt mənzildən pasport qeydiyyatından çıxdığını düşünmüşdür. Lakin Sumqayıt «ASAN XİDMƏT»-dən alınan yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışda cavabdehin mənzilə istifadə hüququ saxlanıldığı görsənir. Bundan isə iddiaçının xəbəri olmamışdır. Mənzildə yaşamayan və formal qeydiyyatda olan cavabdehə görə o, kommunal xidmət haqları ödəyir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25.10.2014-cü il tarixli bağışlanma müqaviləsindən görünür ki, Sumqayıt şəhəri, 1-ci məhəllə, 2 nömrəli evin, 38 saylı mənzilini iddiaçının atası X3 bağışlanma müqaviləsi əsasında İddiaçı bağışlamışdır. İş materiallarında olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 1-ci məhəllə, 2 nömrəli evin, 38 saylı mənzili İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan ******* nömrəli, 18.08.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 1-ci məhəllə, 2 nömrəli evin, 38 saylı mənzilində rəsmi olaraq qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə, iş üzrə toplanılmış sübutlara qiymət verərək hesab edir ki, hazırki mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli qanunu ilə təsdiq edilmişdir) normaları tətbiq olunmalı və qətnamə həmin hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinin mənasına əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. İşin məhkəmə iclasında müəyyən edilmiş halları və iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, cavabdeh hələ 2008-ci ildə mənzildən köçmüş, digər yaşayış məntəqəsinə gedərək daimi yaşayış yerini dəyişmişdir. Məhkəmə, ona görə də, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən Cavabdeh Sumqayıt şəhəri, 1-ci məhəllə, 2 nömrəli evin, 38 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Sumqayıt şəhəri, 1-ci məhəllə, 2 nömrəli evin, 38 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Cavabdeh Sumqayıt şəhəri, 1-ci məhəllə, 2 nömrəli evin, 38 saylı mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar