Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-758/2023 06.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi, onun vəkili Vəkil, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi şəxsin doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə baxaraq məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun doğumunun dövlət qeydiyyatının aparılması üçün qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi dəqiqləşmə verərək, onun xx.xx.1976-cı il tarixində Ordubad şəhərində doğumunun qeyd edilməsi faktını müəyyən etməklə, onun doğum qeydinin bərpası və adına yeni doğum haqqında şəhadətnamənin verilməsi, bərpa ediləcək yeni doğum haqqında şəhadətnamədə ata qrafasında ata barədə qeydin “X10”, ana qrafasında ana barədə qeydin “X6” kimi göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onu böyüdən insanlar tərəfindən verilən məlumata görə xx.xx.1976-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. Anası Qurbanova (Baxışova) Sevda Nizami qızı onu ev şəraitində dünyaya gətirmiş, o doğulduqdan sonra vəfat etmişdir. X5 isə o uşaq olarkən vəfat edib. Valideynlərinin, həmçinin onun şəxsiyyətini təsdiq edən hər hansı sənədi yoxdur. Heç bir sənədi olmadığından təhsil ala bilməmişdir. Qohumlarından heç kim onu axtarmamış və onunla maraqlanmamışdır. Bu günə kimi Azərbaycan Respublikasında yaşayır. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək, eyni məzmunlu izahat verdi və onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçinin vəkili ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs nümayəndəsi hazırki məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdi. Məhkəmədə şahid X9 ifadə verərək bildirdi ki, ərizəçi onun işçisidir. Ərizəçi 10 ildir ki, onun yanında çalışır. O, ərizəçini Teymur adlı şəxs vasitəsilə tanımışdır. Məlahət onun yanına gələrək kimsəsiz olduğunu deyərək iş istəmişdir. Onu işə götürmək üçün əmək müqaviləsi bağlamaq lazım gəldiyindən ondan sənəd istədikdə o, sənədinin olmadığını bildirmişdir. O da məcbur qalaraq başqa şəxsin adına əmək müqaviləsi bağlayaraq onu işə götürmüşdür. Ərizəçinin dediyinə görə Ordubadda doğulmuş və valideynləri o, uşaq olarkən vəfat etmişdir. Ərizəçi dediyinə görə ona nənəsi baxmışdır. Ərizəçinin doğumuna şahid olmamış, valideynlərini görməmiş və hər hansı qohumunu tanımır. Məhkəmədə şahid X1 ifadə verərək bildirdi ki, ərizəçi onun tanışıdır. O, ərizəçini 20 ildir ki, tanıyır. Ərizəçinin adı Məlahətdir və onun yerlisidir. Eyni zamanda qeyd etdi ki, onun şəxsiyyətini təsdiq edən heç bir sənədi yoxdur. Məlahət kafedə işləyir. Adının Məlahət olduğunu özü demişdir. Ərizəçi onun iş yerinin yanındakı kafedə işləyir. Ərizəçini o, iş axtararkən tanımışdır. Ərizəçi ataanasını tanımır. Özünün dediyinə görə Ordubadda doğulmuşdur. Məhkəmə, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini və ərizəçinin vəkilini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Ordubad rayon qeydiyyat şöbəsinin verdiyi xx.xx.2021-ci il tarixli arayışlardan görünür ki, X3 və X7 və X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat infirmasiya sisteminə xx.xx.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. - Maraqlı şəxs xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X8”nin 147 №-li canlı şəxsin ekspertizası ilə bağlı olan ekspert rəyindən görünür ki, ərizəçinin təqdim etdiyi Ərizəçi müəyyən edilmiş sümük yaşı 45-55 yaşa uyğun gəlir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, qeydiyyat orqanında ərizəçinin valideyn kimi göstərdiyi şəxslərin ölümü haqqında məlumatlar aşkar olunmamışdır. Ərizəçi özünün xx.xx.1976-cı il tarixdə doğulduğunu iddia edir. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3№-li Qərarının 4.1-ci bəndində məhkəmələr izah olunmuşdur ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.2-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. Həmin Qərarın 4.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, ərizəçi xx.xx.1976-cı il tarixində Ordubad şəhərində doğulmasını, onun valideynlərinin X10 və X6 adlı şəxslərin olmasını sübuta yetirə bilmədiyindən, habelə bu hal işin faktiki halları və sübutlarla təsdiqlənmədiyindən ərizə əsassızdır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizəçi xx.xx.1976-cı il tarixində Ordubad şəhərində doğumunun qeyd edilməsi faktını müəyyən etməklə, onun doğum qeydinin bərpası və adına yeni doğum haqqında şəhadətnamənin verilməsi, bərpa ediləcək yeni doğum haqqında şəhadətnamədə ata qrafasında ata barədə qeydin “X10”, ana qrafasında ana barədə qeydin “X6” kimi göstərilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-758/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-758/2023
06.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver