Məhkəmə qərarları › İş №2(060)-759/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-759/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-759/2021 18.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı «xxxx» QSC X3 Təşkilatının Cavabdeh qarşı kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «xxxx» QSC X3 Təşkilatı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən əsas borc üzrə 6368 manat, faiz borcu üzrə 5933,68 manat olmaqla cəmi 12301,68 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi, tutmanın ipoteka predmetinə, yəni cavabdehin mülkiyyətində olan **-CF-*** dövlət qeydiyyat nömrəli “Vaz-21074” minik markalı avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti iddiaçının hesabına ödənilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə qalan borc məbləğinin cavabdehdən tutulub iddiaçının hesabına ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə cavabdeh arasında xx.xx.2011-ci il tarixdə 351 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20 faiz tətbiq edilməklə, 36 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdi. xx.xx.2011-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi, cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq cavabdehin mülkiyyətində olan **-CF-*** dövlət qeydiyyat nömrəli “VAZ-21074 minik” markalı avtomobil ipoteka müqviləsi ilə yüklü edilmişdir. Cavabeh bank qarşısındakı öhdəlikləri bugünə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki cavabdehin banka hazırda əsas borc üzrə 6368 manat, faiz borcu üzrə 5933,68 manat olmaqla cəmi 12301,68 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı sərəncamına əsasən cavabdehin borcu ilə bağlı sənədlər “xxxx” ASC tərəfindən iddiaçıya təhvil verilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda nümayəndə bildirdi ki, “xxxx” ASC-nin tələblər üzrə hüquqları Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanına əsasən iddiaçıya keçmişdir. Həmçinin Fərmanın icrası ilə bağlı təhviltəslim məsələləri uzanmış və bu səbəbdən iddiaçı məhkəməyə gec müraciət etmişdir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, krediti 2011-ci ildə götürmüşdür. Lakin, bank məhkəməyə gec müraciət edib. İddiaçı iddi ərizəsini iddia müddətini ötürərək vermişdir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015ci il tarixli 570 saylı fərmanına əsasən “xxxx” ASC ilə iddiaçı arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ iddiaçıya keçmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1983-cü ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 351 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə avtomobil alınması üçün illik 20 faizlə, 36 ay müddətinə, 7000 manat kredit vermişdir. Tərəflər arasında bağlanmış eyni tarixli ipoteka müqaviləsinə əsasən 7000 manat məbləğində illik 20 faizlə 36 ay müddətinə verilən kreditin və onlara hesablanmış faizlərin qaytarılmasının təminatı kimi cavabdehə məxsus “VAZ-21154 minik” markalı avtomobili ipoteka ilə yüklü edilmişdir. İşdə olan ödəniş cədvəlinə əsasən cavabdeh xx.xx.2014-cü il tarixinə kimi iddiaçıya birinci ay 143,45 manat, sonuncu ay isə 255,62 manat ödəniş etməli idi. İşdə olan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2017-ci il tarixinə iddiaçıya 6368 manat əsas borcu, 5933,68 manat faiz borcu olmaqla, cəmi 12301,68 manat borcu vardır. İşdən göründüyü kimi cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün xx.xx.2013-cü il tarixində Azərbaycan Respublikası DİN BDYPİ-nin Sumqayıt şəhər 1 saylı RQİŞ-ə müraciət etmiş və bildiriş həmin tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən (bundan sonra – Mülki Məcəllə) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). İşdən göründüyü kimi Cavabdeh xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən «xxxx» ASC-nin Binəqədi filialından kredit götürmüş, lakin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş bu səbəbdən banka əsas və faiz borcu qalmışdır. Bu səbəbdən iddiaçı əsas və faiz borcunun cavabdehdən müştərək qaydada tutulmasını xahiş edir. Eyni zamanda cavabdeh məhkəmə iclasında ərizə tədim edərək mübahisəyə iddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (373.2.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (375.2.). Göründüyü kimi “xxxx” ASC ilə Cavabdeh arasında kredit müqaviləsi xx.xx.2011-ci il tarixində 36 ay müddətində bağlanmışdır. Müqavilənin qüvvədə olduğu müddət xx.xx.2014-cü il tarixində bitmişdir. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən edildiyindən iddiaçı cavabdehdən borcu xx.xx.2017-ci ilə qədər tələb edə bilərdi. Lakin, iddiaçı məhkəməyə xx.xx.2020-ci ildə müraciət etmişdir. Cavabdeh bu səbəbdən mübahisəyə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi “xxxx” ASC ilə iddiaçı arasında sənədlərin təhvil-təsliminin uzanması səbəbindən məhkəməyə gec müraciət olunduğunu bildirsə də, məhkəmə hesab edir ki, bu dəlil iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə haqq qazandıra bilməz. Belə ki, iddiaçı öz fəaliyyət göstərdiyi sahə üzrə kifayət qədər ixtisaslaşmış hüquqi şəxs olmaqla qeyd edilən məsələləri də nəzərə almalı idi. Məhkəmə hesab edir ki, cavabdehin ərizəsi üzrə hazırkı mübahisəyə iddia müddəti tətbiq edilməli və iddia müddətinin keçməsi səbəbindən iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı «xxxx» QSC X3 Təşkilatının Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 6368 manat əsas borc, 5933,68 manat faiz borcu olmaqla, cəmi 12301,68 manat borcun tutulması və tutmanın cavabdehin mülkiyyətində olan **-CF-*** dövlət nömrə nişanlı “VAZ-21074” minik markalı avtomobilə yönəldilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar