Məhkəmə qərarları › İş №2(060)-759/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-759/2023

14.02.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-759/2023 14.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialı qarşı iş stajının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,onun Odlar yurdu sovxozunda xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək kassir, xx.xx.1977-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək mühasib və xx.xx.1988-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək baş mühasib vəzifəsində işləməyinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 65 yaşının tamam olması ilə əlaqədar əmək pensiyasının təyin edilməsi üçün müvafiq orqana müraciət etmişdir. Onun müraciətinə baxılmış və xx.xx.2022-ci il tarixində ona əmək pensiyası təyin olunmasından imtina edilmişdir. O, xx.xx.1956-cı ildə Laçın rayonunun Zabux kəndində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra xx.xx.1974-cü il tarixindən Odlar yurdu sovxozunda kassir vəzifəsində işləmişdir. xx.xx.1975-ci ildə hərbi xidmətə getmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1977-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək mühasib vəzifəsində, xx.xx.1988-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək baş mühasib vəzifəsində işləmişdir. Hazırda məcburi köçkünlükdən qabaq işlədiyi dövr ilə bağlı əmək kitabçası işğal zonasında qaldığına görə həmin iş stajı müddətinin müəyyən edilməsi zərurəti yaranmışdır. Cavabdehin nümayəndəsi məhkəməyə iddiaya etiraz edilməsi barədə yazılı ərizə təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçının tələbi tam əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etirazı müdafiə edərək, iddianın rədd edilməsini xahiş etdi. X1 məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, o, ərizəçinin qaynıdır. Ərizəçi orta məktəbdə oxuyan vaxtdan əmək fəaliyyəti ilə məşğul olmuşdur. Hərbi xidmətdən sonra o, sözügedən müəssisələrdə xəzinədar, mühasib, baş mühasib vəzifələrində çalışmışdır. O özü sözügedən kolxozda əmək fəaliyyətinə xx.xx.1965-ci ildə başlamış və xx.xx.1990-cı ilədək fasiləsiz olaraq işləmişdir. Müxtəlif dövlərdə briqadir, anbar fəhləsi, anbar müdiri vəzifələrində çalışmışdır. O, eyni zamanda bildirdi ki, həmin kənd təsərrüfatı müəssisəsi əvvəl “Komsomol” kolxozu adlandırılmış, sonra “Nəriman Nərimanov” adına kolxozla birləşmiş, sovxoza çevrilmiş, yenidən ayrıldığından “Komsomol” sovxozu adlanmış, son dövrlərdə isə “Odlar yurdu” sovxozu kimi fəaliyyət göstərmişdir. İddiaçı həmin sovxozda əmək fəaliyyətinə 1974-cü ilin yay aylarından kassir vəzifəsində başlamış, təxminən bir il işlədikdən sonra hərbi xidmətə yollanmış, geri döndükdən sonra 1992-ci il tarixədək rayon işğal olunanadək orada mühasib, baş mühasib vəzifələrində işləmişdir. Məhkəmə ərizəçi İddiaçı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə 2(060)-2710/2022 saylı mülki işdə şahid X4 ifadəsini elan etmişdir. 2(060)-2710/2022 saylı mülki işdə şahid X5 məhkəmə iclası zamanı ifadəsində göstərmişdir ki, o, ərizəçinin həmkəndlisidir. Ərizəçi orta məktəbi bitirdikdən sonra sözügedən sovxozda xəzinədar vəzifəsində çalışmış, hərbi xidmətdən sonra isə fəaliyyətinə mühasib və baş mühasib vəzifələrində davam etmişdir. Məhkəmə, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə Laçın rayon, Zabux kəndində doğulmuşdur. - Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, ərizəçi İddiaçı Laçın rayonundan məcburi köçkündür. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialının ərizəçiyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ərizəçinin təqdim etdiyi sənədlərə əsasən onun sığorta stajı 03 il, 10 ay, 10 gün təşkil edir. Bu hal “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olmadığından ərizəçiyə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. xx.xx.1994-cü ildən xx.xx.2005-ci il tarixədək işlədiyi dövrün yerində qarşılıqlı yoxlanılması zərurəti yaranmışdır. Lakin idarələrin hüquqi ünvanı məlum olmadığı üçün sosial sığorta stajının yoxlanılması mümkün olmamış və bu səbəbdən həmin illər sosial sığorta stajı kimi nəzərə alınmamışdır. - Laçın Rayon Dövlət Arxivinin verdiyi xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, ərizəçinin 1974-cü ildən 1992-ci ilin may ayının 18-nə qədər Laçın rayonu Zabux kənd “Odlar Yurdu” sovxozunda baş mühasib vəzifəsində işləməsi barədə arvix sənədləri rayonun işğalı ilə əlaqədar işğalda qalmışdır. - Əmək kitabçasının surətindən görünür ki, X5 xx.xx.1975-ci ildən xx.xx.1990-cı ilədək, X2 xx.xx.1965-ci ildən xx.xx.1990-cı ilədək “Komsomol” kolxozunda çalışmışlar. Sonra isə Bakir İsmayılov xx.xx.2012-ci, Telman Əşrəfov xx.xx.2012-ci ilədək Zabux kənd XDS İcraiyyə Komitəsində mütəlif vəzifələrdə işləmişlər. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Bu Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 №-li Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4-cü bəndinin 1-ci abzasından görünür ki, 2006-cı il yanvarın 1-dək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Həmin Qaydaların 4-cü bəndinin 2-ci abzasından görünür ki, İ dərəcə əlilliyi olan şəxsə qulluqetmə müddəti üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzaslarında müəyyən edilən sənədlər olmadıqda – məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Göründüyü kimi iddiaçı məhkəməyə iki şahid təqdim etmişdir ki, həmin şahidlər iddiaçının qeyd edilən dövrdə Odlar yurdu sovxozunda işləməsini təsdiq etmişdir. İddiaçının qeyd edilən dövrlər üçün iş stajı iş üzrə mötəbər sübutlarla təsdiq edilir. Təqdim olunmuş sənədlərdə əks olunan məlumatlar ziddiyyətsiz olmaqla bir-birini tamamlayır. Təqdim olunmuş digər sənədləri araşdırıb, şahidlərin ifadəsini dinləyib məcmu halda qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə qismən təmin olunmalıdır. İşin halları ilə müəyyən olunur ki, ərizəçi işləməsinə dair sənədi başqa yolla əldə edə bilmir və bu faktın məhkəmə qaydasında müəyyən olunması üçün Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcuddur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı “Komsomol” kolxozunda və “Nəriman Nərimanov” sovxozunda işləməsi müəyyən edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Laçın rayonunun Zabux kəndi üzrə xx.xx.1975-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək “Komsomol” kolxozunda kassir, xx.xx.1977-ci il tarixindən xx.xx.1983-cü ilədək “Nəriman Nərimanov” sovxozunda mühasib və həmin dövrdən xx.xx.1988-ci il tarixinədək “Komsomol” sovxozunda, bu tarixdən xx.xx.1992-ci ilədək həmin sovxozda baş mühasib vəzifəsində işləməsi müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar