Məhkəmə qərarları › İş №2(060)-7647/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7647/2021

05.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7647/2021 05.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X8 oğluna, X3 və Cavabdeh6 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X8 oğluna, X3 və Cavabdeh6 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X8 oğlunun, X2, Cavabdeh6, 27.08.2015-ci il təvəllüddü Bekiroğlu X1 və 13.02.2012-ci il təvəllüdlü Əlizadə Novruz Qadir oğlunun Sumqayıt şəhəri, 18-ci məhəllə, 16/16 saylı evin 9 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək göstərdi ki, Sumqayıt şəhəri, 18-ci məhəllə, 16/16 saylı evin 9 saylı mənzili 01.07.2021-ci il tarixdən onun xüsusi mülkiyyətindədir. Həmin mənzili 19.06.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında 47250 manata X8 oğlundan almışdır. Cavabdehlər mənzilin keçmiş mülkiyyətçisi və onun ailə üzvləridir. Cavabdehlər mənzil satıldıqdan sonra 2 ay ərzində passport qeydiyyatından çıxacaqlar. Cavabdehlər mənzili satdıqdan sonra özlərinə məxsus əşyaları götürərək mənzildən çıxmışlar. Lakin cavabdehlər pasport qeydiyyatından çıxmağı söz versələr də, vədlərinə əməl etməmişlər. Hal-hazırda məcburdur ki, onun mənzili ilə heç bir əlaqəsi olmayan şəxslərin əvəzindən də kommunal xərcləri ödəsin. Cavabdehlərin onun mənzilində qeydiyyatda qalmaqları mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törədir. Cavabdehlərin onun mənzilində qeydiyyatı formal xarakter daşıyır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 18-ci məhəllə, 16/16 saylı evin 9 saylı mənzili tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 01.07.2021-ci il tarixdə qeydə alınmışdır. AN-İ seriyalı, ******* nömrəli 19 iyun 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı Müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı X8 oğlu özünə məxsus Sumqayıt şəhəri, 18-cı məhəllə, 16 saylı evin 9 saylı mənzili alıcı İddiaçı mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB 3 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş 09 sentyabr 2021-ci il tarixli, 573 saylı arayışdan görünür ki, keçmiş sakinlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X8 oğlu, X6, Cavabdeh6, 27.08.2015-ci il təvəllüddü Bekiroğlu X4 və 13.02.2012-ci il təvəllüdlü Əlizadə Novruz Qadir oğlu Sumqayıt şəhəri, 18-ci məhəllə, 16/16 saylı evin 9 saylı mənzilində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsin əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsindəöz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, keçmiş mülkiyyətçinin adına qeyd olunan mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş və həmin mənzil dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Keçmiş mülkiyyətçi ailə üzvləri ilə birlikdə köçüb başqa yaşayış yerinə getmiş, lakin mənzildən qeydiyyatdan çıxmamışlar. Mənzildə cavabdehlərə məxsus hər-hansı əmlak yoxdur. Cavabdehlər qeyd olunan mənzildən qeydiyyatdan çıxmamaqla iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırırlar. Cavabdehlərin həmin ünvanda qeydiyyatı formal xarakter daşıyır. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılmaları üçün onların mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehlərin mənzildən istifadə hüququ alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan itirilmiş sayılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X8 oğlunun, X2, Cavabdeh6, 27.08.2015-ci il təvəllüdlü Bekiroğlu X1 və 13.02.2012-ci il təvəllüdlü Əlizadə Novruz Qadir oğlunun Sumqayıt şəhəri, 18-ci məhəllə, 16/16 saylı evin 9 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə 10 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X8 oğlunun, X2, Cavabdeh6, 27.08.2015-ci il təvəllüdlü Bekiroğlu X1 və 13.02.2012-ci il təvəllüdlü Əlizadə Novruz Qadir oğlunun Sumqayıt şəhəri, 18-ci məhəllə, 16/16 saylı evin 9 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar