Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-769/2023 14.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma tələbi ilə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya ayrılmış torpaq sahəsində Elməddin Sadıqov tərəfindən onun üçün inşa edilmiş evi cavabdeh zəbt etmişdir. İddiaçı və onun nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək əlavə olaraq bildirdilər ki, mübahisəli ev iddiaçının vəsaiti hesabına tikilmiş, cavabdeh isə Elməddinin ona olan borcu qaytarmadığından 2022-ci ilin payızında yenicə ərsəyə gəlmiş tikiliyə sahiblənmişdir. Əmlaklar üzərində mülkiyyət hüququ tanınmasa da, İddiaçı "xxxx" ASC-nin abonentidir. Lakin bağçılıq cəmiyyətinə üzvlük haqqı və bələdiyyə vergisi heç vaxt ödəməmişdir. O, Elməddinə mübahisəli evin tikintisinə 28500, tikintinin gedişatında isə daha 5000 manat pul vermişdir. Cavabdeh və onun nümayəndəsi mübahisəli evin birincinin vəsaiti hesabına Elməddin Sadıqov tərəfindən inşa olunduğunu, iddiaçının isə sonuncunun ona borcunu sözügedən əmlaklarla əvəzləşdirmək istədiyini bildirdilər. Onlar eyni zamanda qeyd etdilər ki, tikilən gündən hazıradək sözügedən evdə iddiaçı oğlu ilə birlikdə yaşayır və o, "xxxx" ASC-nin abonentidir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi bildirdi ki, “Xəzər” bağçılıq cəmiyyəti əvvəlki nizamnamələri əsasında və Sumqayıt Bələdiyyəsinin nəzdində, müstəqil hüquqi şəxs kimi fəaliyyət göstərir. Cəmiyyətin torpaq sahələri əvvəl Sumqayıt maşın bazarının sahibi mərhum Sabir adlı şəxsə məxsus olmuş, onun vəfatından sonra ayrı-ayrı vətəndaşlara satılmışdır. Mübahisəli ərazinin son sahibi Rauf Qurbanov bu torpaq sahəsini iddiaçıya satmışdır. Cavabdeh kommunal xidmətlərdən istifadə üçün ondan arayış almaq istədikdə, o, imtina etmiş, İddiaçı isə 2022-ci ilin sentyabr-oktyabr aylarında bu məqsədlə arayış vermişdir. X4 bildirdi ki, xx.xx.2019-cu ildə Eldar alı şəxsdən aldığı dörd sot torpaqdan bir sotunu 4500 manat müqabilində iddiaçıya satmış, tikintini isə Elməddin aparmışdır. Şahid X1 Sadıqovun həyat yoldaşı olduğunu, ərinin mübahisəli evi iddiaçı üçün tikdiyini, cavabdehi isə tanımadığını bildirdi. O, eyni zamanda qeyd etdi ki, həyat yoldaşının İddiaçı 28599 manat borcu olmuşdur. X7 bildirdi ki, Elməddin Zaura olan 28500 manat borcundan 4500-nü qaytarmış, sonuncu pulun qalanını istədikdə isə onun üçün ev tikəcəyini bildirmişdir. Evin açarlarının Zaurda olmasına baxmayaraq cavabdeh yaşayış sahəsini zəbt etmişdir. O, eyni zamanda qeyd etdi ki, Elməddinlə Zaur mübahisəli əmlakı satıb mənfəət əldə edəcəkdilər. Əvvəllər də bir neçə ev tikib satmışlar. Elməddin iddiaçıya ayda 200-300 manat pul verirdi. X5 bildirdi ki, 2005-2006-cı illərdə mübahisəli torpaq sahəsi yerləşən ərazidə sahə rəisi işləmiş, həmin torpaqlar dövlətə məxsus olmuş sonra isə vətəndaşlar arasında bölünmüşdür. X3 videokonfrans vasitəsilə bildirdi ki, mübahisəli evi Cavabdeh vəsaiti ilə onun üçün tikmişdir. Bunun üçün cavabdeh ona 5000 manat pul və sataraq əldə olunan vəsaitin evin inşaasına sərf edilməsi üçün ev vermiş, o, da həmin əmlakı 16000 manata satmışdır. Onun Zaura 25000 manat borcu olduğundan və sonuncu bu pulu qaytarmağa tələsdirdiyindən mübahisəli torpaq sahəsinin bağçılıq kitabını ona vermiş, lakin evin Elnarəyə məxsus olduğunu və onu narahat etməməsini bildirmişdir. O, eyni zamanda qeyd etdi ki, Zaura əslində borclu deyildir, həmin məbləğ onların birlikdə ev tikintisi və satışı ilə məşğul olduqları zaman əmələ gəlmiş ziyandır. 2022-ci ilin oktyabr ayında mübahisəli tikili hazır olduqdan sonra o, cavabdehi evə aparmış və əmlakın ona məxsus olduğunu demişdir. Şahid əlavə olaraq bildirdi ki, həyat yoldaşı Günay Mustafayeva sözügedən evin kimin üçün tikildiyini bilmirdi. Məhkəmə, tərəflərin, onların nümayəndələrinin, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İşdə olan “Xəzər” bağçılıq cəmiyyətinin üzvlük kitabçalarından; xx.xx.2020-ci il tarixli, 14 saylı protokoldan; "xxxx" ASC-nin bildirişlərindən; Telekommunikasiya xidmətlərindən istifadə haqqında xx.xx.2022-ci il tarixli müqavilədən; "xxxx" ASC tərəfindən verilmiş Cavabdeh abonent kartından çıxarışdan; “Azəriqaz” İB-yi tərəfindən verilmiş Cavabdeh abonent saldosundan; cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli Sumqayıt ŞPİ-nin İŞ-nin baş müstəntiqinin qərarından, iddia ərizəsindən, izahat və ifadələrdən işin mübahisəsiz halı kimi aşağıdakılar müəyyən edilmişdir: İddiaçı xx.xx.2019-cu ildə “Xəzər” bağçılıq cəmiyyəti tərəfindən X8 ayrılmış torpaq sahəsinin bir hissəsini (523 V/2 saylı bağ) 2020-ci il tarixdə sonuncuya 4500 manat ödəməklə əldə etmiş, bununla əlaqədar xx.xx.2020-ci ildə həmin Cəmiyyətə üzv qəbul edilmiş və ona mübahisəli əraziyə dair bağçının üzvlük kitabçası verilmişdir. Sözügedən sahədə Elməddin Sadıqov ev inşa etmişdir. Bu şəxslə iddiaçı ev tikintisi və satışı ilə məşğul olmuş, aralarındakı razılığa əsasən onun İddiaçı 28500 manat borcu yaranmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları özündə ehtiva edir. Həmin əsaslardan biri də, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışdır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Bu Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.7-ci maddələrindən görünür ki, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamından görünür ki, Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdinİməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ, bu hüquqa dair “qanuni gözlənti” olmadığından, eləcə də sahiblik imkanı hüquqi cəhətdən təmin edilmədiyindən, eyni zamanda sözügedən ev sənədləşmədən kənar və cavabdehin vəsaiti hesabına tikildiyindən İddiaçı hazırki iddianı irəli sürməyə subyektiv hüququ mövcud deyildir. Belə ki, iddiaçının onun mülkiyyətində və qanuni sahibliyində olmayan torpaq sahəsində vəsaiti hesabına tikilməyən evdə digər şəxsin yaşamasını mübahisələndirməyə hüquqi ixtiyara malik olmadığından həmin yaşayış sahəsindən cavabdehin çıxarılmasını tələb etmək hüququ yaranmamışdır. Qanunvericiliyə əsasən xx.xx.2017-ci ildə bağ təsərrüfatı idarələri ləğv olunduğundan, həmin tarixdən sonra onların verdiyi müvafiq sənədlər artıq daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunmur. Eyni zamanda bu torpaq sahəsi üzərində tikilmiş evin inşaasını iş üzrə tərəflərin deyil, Elməddin Sadıqovun aparmasının işin mübahisəsiz halı olmaqla yanaşı tikintiyə sərf edilmiş vəsaitin cavabdehə məxsusluğu şahid E.Sadıqovun ifadəsi ilə təsdiqlənir. İddiaçı bu halı təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə, şahid Günay Mustafayeva qızının həyat yoldaşı E.Həsənovanın mübahisəli evi iddiaçı üçün tikdiyini bildirməsini, onun bilavasitə inşaat işlərini görməməsi və bunu yalnız ərindən eşitməsi reallığı baxımından, həmçinin Elməddin Həsənovun ifadəsi ilə təkzib edildiyindən bu ifadəni mötəbər sübut hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının mübahisəli əmlaklara dair mülkiyyət hüququ ilə əlaqədar “qanuni gözlənti”si ilə yanaşı, onlar üzərində hüquqi cəhətdən təmin edilən sahibliyi də mövcud deyildir. Qanuni gözləntini və sahibliyi şərtləndirən hüquqi əsasların olmaması iddiaçının sözügedən əmlaklara dair sahiblik və istifadəni mübahisələndirməyə subyektiv hüququnu istisna edir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiası təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-769/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-769/2023
14.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver