Məhkəmə qərarları › İş №2(060)-7691/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7691/2021

02.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7691/2021 02.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, iddiaçının nümayəndəsi, oğlu X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2 və Cavabdeh6 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 45, 39 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 45də yerləşən 39 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdehlərdən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iddiaçının nəvələridir. Cavabdeh1 və Cavabdeh2 iddiaçının qızının övladlarıdır və onlar heç bir zaman həmin mənzildə yaşamayıblar. Cavabdeh3 isə oğlunun övladıdır ki, o da 2003-cü ildən həmin mənzildə yaşamır. Cavabdeh4 iddiaçının oğlu, X5 iddiaçının qızı və Cavabdeh6 isə iddiaçının nəvəsidir. Hazırda iddiaçı həmin mənzili oğluna bağışlamaq istəyir, lakin cavabdehlər iddiaçının bu istəyinə mane olurlar. Mənzildə cavabdehlərə aid heç bir əşya yoxdur, onların mənzilə olan qeydiyyatları formal xarakter daşıyır. Cavabdeh4 həyat yoldaşının adına olan Sumqayıt şəhəri, 10-cu mikrorayonda ev var və o, ailəsi ilə birlikdə özlərinə məxsus həyət evində yaşayırlar. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, iddiaçı onun anasıdır. Anası yaşlı qadındır və o, ailənin kiçik oğlu olmaqla ailəsi ilə birlikdə anasının yanında yaşayır və anasına baxır. İddiaçı yaşadıqları mənzili ona bağışlamaq istəyir. Lakin, cavabdehlər əvvəlcə buna razılıq versələr də, sonradan həmin razılıqdan imtina etmişlər. Bu səbəbdən anası mənzili ona bağışlaya bilmir. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən iddiaçı xx.xx.1941-ci ildə, anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehlər Cavabdeh2 xx.xx.1995-ci ildə, Cavabdeh1 xx.xx.1995-ci ildə, Cavabdeh3 xx.xx.1992-ci ildə, Cavabdeh4 10.05.1966-cı ildə, Xatəmən Nəcəfova 02.03.1968-ci ildə və Cavabdeh6 isə xx.xx.1999-cu ildə anadan olmuşlar. Onlar hazırda ünvan 1 ünvanında qeydiyyatdadırlar. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Suqmayıt şəhəri, 9-cu mikrorayon, ev 45, mənzil 39 (bundan sonra – mübahisəli ev) iddiaçının adına xüsusi mülkiyyət kimi ******* saylı qeydiyyat nömrəsi ilə 26.02.2008-ci il tarixində qeydə alınmışdır. İşdə olan 9 saylı Mənzil-Kommunal sahəsi tərəfindən təsdiq edilmiş və sahə ustası X3, ünvan 3-də yaşayan X6 və həmin evin 37-ci mənzilində yaşayan X8 tərəfindən tərtib edilərək imzalanmış akta əsasən cavabdehlər mübahisəli mənzildə qeydiyatda olmalarına baxmayaraq həmin mənzildə yaşamırlar. 17.08.2021-ci i tarixli, **********725, **********728, **********727 saylı ərizələrə əsasən müvafiq olaraq Cavabdeh4, X7 və Cavabdeh6 mübahisəli evin iddiaçıya bağışlanmasına etiraz etməmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə göndərilmiş sorğuya cavab olaraq iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas olan hüququmüəyyənedici sənədlərin təsdiq olunmuş surəti göndərilmişdir. Həmin sənədlərlə müəyyən edilir ki, mübahisəli mənzil 28.04.1990-cı il tarixli, 16/626 saylı orderə əsasən iddiaçıya verilmişdir. Orderdə iddiaçının ailə üzvləri kimi Cavabdeh4, Xatəmən Nəcəfovanın və Sübhan Əliyevin adları qeyd edilmişdir. Cavabdeh4 və Xatəmən Nəcəfova Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ünvanlanmış ərizələrində mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən göründüyü kimi mübahisəli ev 1990-cı ildə order əsasında iddiaçıya verilmişdir. Bu səbəbdən cavabdehlərə münasibətdə mübahisəyə 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına əsasən qiymət verilməlidir. 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilmişdir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Göründüyü kimi cavabdehlər iddiaçının ailə üzvləri kimi mübahisəli mənzildən istifadə hüququ əldə etmişlər. Mübahisəli mənzil 2008-ci ildə iddiaçının adına özəlləşdirilmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanunun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Mülki Məcəllənin 228.5-ci maddəsində göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Cavabdehlər 2008-ci ildə mübahisəli Cavabdeh4 və Xatəmən Nəcəfzadə mənzilin özəlləşdirilməsinə razılıq vermiş, lakin iddiaçının ailə üzvləri olaraq mənzildən istifadə hüquqlarını itirməmişlər. Digər cavabdehlər də onların ailə üzvləri olaraq mənzildən istifadə hüquqları saxlanmışdır. İddiaçı hazırda həmin şəxslərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş edir. Eyni zamanda “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdehlər hal-hazırda mübahisəli mənzildə yaşamırlar. Onların həmin mənzildə heç bir əşyaları yoxdur və həmin mənzilə yaşayış sahəsi kimi ehtiyacları aradan qalxmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdehlərin mübahisəli mənzilə olan istifadə hüquqlarına xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1 və Cavabdeh6 ünvan 3 ünvanına olan istifadə hüquqlarına xitam verilsin. Hazırkı qətnamə göstərilən şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar