Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7694/2024 24.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının hüquqi varisi X4 İddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Musayev Atəş Əmir oğlunun hüquqi varisi X4 Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməklə mübahisəli mənzilin iddiaçının adına rəsmiləşdirilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Musayev Atəş Əmir oğlu iddia ərizəsi ilə ünvan 1 ünvanına Cavabdeh ilə aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməklə mübahisəli mənzilin iddiaçının adına rəsmiləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Musayev Atəş Əmir oğlu mübahisəli mənzildə artıq 30 ildən artıq yaşamışdır. Lakin Sumqayıt şəhər, 17-ci mkr, ev 48, mənzil 23-ə iddiaçının sənədləri düzgün olmadığı üçün mənzil cavabdehin adına rəsmiləşdirilmişdir. Amma iddiaçı cavabdehə həmin mənzilin pulunu tam ödəmiş, bu günə kimi mənzili öz adına keçirtmək istəsə də Cavabdeh tapa bilməmişdir. Sumqayıt şəhər 11 saylı mənzil istismar sahəsinin aktından da də görünür ki, Cavabdeh 20 ildən artıqdır ki, mübahisəli mənzildə yaşamır. Cavabdeh evi iddiaçıya satarkən bildirmişdir ki, Rusiyaya ailəsi ilə yaşamağa gedir. Lakin iddiaçı alqı-satqı müqaviləsini bağlanmış hesab edilməsi üçün iddiaçı cavabdehi tapa bilməmişdir. İddiaçı Cavabdeh evin pulunu ödəyəndə bu mübahisəli mənzili onun adına sənədləşdirməsinə söz versə də, bunu etməmişdir. O, bu məsələni qanundan kənar həll edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı 30 ildən artıq mübahisəli mənzildə daimi yaşamış həmin mənzilə sahiblik etmişdir. Lakin buna baxmayaraq, iddiaçı mənzili öz adına keçirdə bilməmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-9444/2015 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilərək iddiaçı Musayev Atəş Əmir oğlu ilə Cavabdeh arasında Sumqayıt şəhəri, 17-ci mikrorayon, 48 saylı evin 23 saylı mənzilinə dair bağlanılmış xx.xx.2007-ci il tarixli, 824 saylı bağışlama müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(060)-282/2015 saylı Qərardadı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-9444/2015 saylı qiyabi qətnaməsinin nömrəsində yol verilmiş yanlışlıq aradan qaldırılaraq, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9444/2015 saylı, xx.xx.2015-ci il tarixli qiyabi qətnaməsinin nömrəsi 2(060)-282/2015 kimi oxunulması qərara alınmlşdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-282/2015 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 qiyabi qətnamənin ləğv edilməsi barədə ərizəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-282/2015 saylı, xx.xx.2015-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və iş üzrə icraat təzələnərək işin mahiyyəti üzrə baxılması xx.xx.2023-cü il tarixə, saat 12:45-ə təyin olunmuşdur. Bundan sonra işə 2(060)-3589/2023 saylı yeni nömrə verilmişdir. xx.xx.2023-cü il tarixə, saat 12:45-ə təyin olunmuş məhkəmə iclasına tərəflər gəlmədikləri üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3589/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Musayev Atəş Əmir oğlunun Cavabdeh qarşı iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçının hüquqi varisi X4 nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2024-cü il tarixli şikayətlə müraciət edərək, 2(060)-7694/2024 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilərək, mülki işin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7694/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddiaçı Musayev Atəş Əmir oğlunun hüquqi varisi X4 Cavabdeh qarşı alqısatqı müqaviləsinin bağlanmış hesab edilməklə mübahisəli mənzilin iddiaçının adına rəsmiləşdirilməsinə dair mülki iş üzrə 2(060)-3589/2023 saylı xx.xx.2023-cü il tarixli qərardad ləğv edilərək, iş üzrə məhkəmə iclası 25 noyabr 2024-cü il tarixə, saat 14:25-ə təyin edilmişdir. İddiaçı Musayev Atəş Əmir oğlunun hüquqi varisi X4 nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2024-cü il tarixdə iş materialları tanış olmuş, bundan sonra xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasında iştirak etmişdir. Əlavə araşdırma aparılması üçün növbəti məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Nümayəndə xx.xx.2024-cü iltarixdə işlə tanış olduğu halda və sonraki xx.xx.2024-cü il tarixli baxış iclasında iştirak etməsinə baxmayaraq, heç bir prosessual əsas gətirmədən xx.xx.2024-cü il tarixli baxış iclasında iddianın dəyişdirilməsi barədə ərizə təqdim etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7694/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbinin həcminin dəyişdirilməsinə dair ərizə iddiaçıya geri qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili Nümayəndə2 bağışlama müqaviləsi kökündən etibarsız olduğunu bildirdi. Cavabdeh Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPMnin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Notariat qaydada təsdiq edilmiş xx.xx.2007-ci il tarixli 824 saylı bağışlama müqaviləsindən görünür ki, Musayev Atəş Əmir oğlu Sumqayıt şəhəri, 17-ci mkr., 48 saylı evin, 23-cü mənzilini Cavabdeh bağışlamışdır. - 09.10.2007-ci il tarix 4958 saylı arayışdan görünür ki, Sumqayıt şəhəri, 17-ci mkr., ev 48, mənzil 23 üzrə Musayev Atəş Əmir oğlu, Cavabdeh, X10, X11, X7, X5 daimi qeydiyyatdadırlar. - X10 tərəfindən ünvan 2 ünvanlanmış xx.xx.2007-ci il tarixli ərizədən görünür ki, X3 Atəş Əmir oğluna məxsus olan Sumqayıt şəhəri, 17-ci mkr., 48 saylı evin, 23-cü mənzilinin bağışlanmasına etiraz etmədiyini bildirmişdir. - X7 tərəfindən ünvan 2 ünvanlanmış xx.xx.2007-ci il tarixli ərizədən görünür ki, X2 Atəş Əmir oğluna məxsus olan Sumqayıt şəhəri, 17-ci mkr., 48 saylı evin, 23-cü mənzilinin bağışlanmasına etiraz etmədiyini bildirmişdir - X5 tərəfindən ünvan 2 ünvanlanmış xx.xx.2007-ci il tarixli ərizədən görünür ki, X1 Atəş Əmir oğluna məxsus olan Sumqayıt şəhəri, 17-ci mkr., 48 saylı evin, 23-cü mənzilinin bağışlanmasına etiraz etmədiyini bildirmişdir. - Sumqayıt şəhər VVAQ orqanı tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Musayev Atəş Əmir oğlu ilə X4 arasında xx.xx.2000-ci il tarixdə nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 46 nömrəsi ilə qeydiyyat aparılmışdır. - AZ-İİ № 147205 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Musayev Atəş Əmir oğlu sol mədəcik çatışmazlığından xx.xx.2021-ci il tarixində ölmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Musayev Atəş Əmir oğlu xx.xx.2007-ci il tarixli 824 saylı bağışlama müqaviləsinə əsasən mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mkr., 48 saylı evin, 23-cü mənzilini Cavabdeh bağışlamışdır. Buna baxmayaraq Musayev Atəş Əmir oğlu xx.xx.2014-cü il tarixində hazırki iddia ilə Məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 17-ci mkr., ev 48, mənzil 23 ünvanına dair Cavabdeh ilə aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməklə mübahisəli mənzilin iddiaçının adına rəsmiləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi- 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Lakin şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Əqdin notariat qaydasında təsdiqlənməsi onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış yazılı sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir (Mülki Məcəllənin 331 və 334-cü maddələri). Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alğısatqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsi ilə əqdin notariat formasına riayət edilməməsinin nəticələri müəyyən edilirdi. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Qeyd edilən maddə, forma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin etibarlı hala gətirilməsini (konvalidasiyasını) nəzərdə tuturdu. Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Eyni zamanda, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (Mülki Məcəllənin 339.3-cü maddəsi). Mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı). Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli mənzil Musayev Atəş Əmir oğlunun mülkiyyətində olmuş və o, xx.xx.2007-ci il tarixli 824 saylı bağışlama müqaviləsinə əsasən mənzili Cavabdeh bağışlamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Musayev Atəş Əmir oğlunun hüquqi varisi X4 Cavabdeh qarşı Sumqayıt şəhəri, 17-ci mkr., ev 48, mənzil 23 ünvanına Cavabdeh ilə aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməklə mübahisəli mənzilin iddiaçının adına rəsmiləşdirilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Musayev Atəş Əmir oğlunun hüquqi varisi X4 Cavabdeh qarşı Sumqayıt şəhəri, 17-ci mkr., ev 48, mənzil 23 ünvanına Cavabdeh ilə aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməklə mübahisəli mənzilin iddiaçının adına rəsmiləşdirilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Elmir Hüseynov