Məhkəmə qərarları › İş №2(060)-773/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-773/2023

15.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-773/2023 15.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə acıq məhkəmə içlasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh və onun yetkinlik yaşına çatmayan övladı 07 aprel 2005-ci il təvəllüdlü X1 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, ev 81-dən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, ev 81 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh onun əmisi qızıdır. Cavabdehin ona məxsus mənzildə heç bir hüququ yoxdur. O, 2022-ci ilin mart ayından ona məxsus mənzildə 07 aprel 2005-ci il təvəllüdlü övladı X2 ilə birlikdə yaşayır. Belə ki, əmisi vəfat etdikdən sonra o razılıq verdi ki, uşağı ilə birlikdə müvəqqəti olaraq orada yaşasın. Hazırda cavabdeh ona məxsus mənzildən çıxmır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehин iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndələrini dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İşə əlavə olan, ƏMDX-nin DƏDK və Reyestri Publik Hüquqi şəxs tərəfindən 29 oktyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, , Corat qəsəbəsi, 73-cü məhəllə, 81 saylı ev xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının DİN-i yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı 10 iyun 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 9-cu məhəllə, ev 10, mənzil 7-də qeydiyyatdadır. İşdə olan Sumqayıt İnzibati Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 2-1(118)- 2378/2022 saylı qərarından məlum olur ki, Cavabdeh iddiaçı X4 məxsus Sumqayıt şəhəri, 9-cu məhəllə ünvanda yerləşən 10 saylı evin 7 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsi Azərbaycan Respublikası DİN-nin Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İşdə olan Sumqayıt İnzibati Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2-1(118)- 2160/2022 saylı qərarından məlum olur ki, iddiaçı X3 iddiası təmin edilmişdir, 07 aprel 2005-ci il təvəllüdlü X1 ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası DİN-nin Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitam mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təstiqlənin yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsində istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya yolu ilə xitam verilə bilər. Məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər arasında belə bir razılaşma mövcud olmamışdır, iddiaçıya məxsus olan mənzildən istifadə hüququnun yaranması üçün heç bir müqavilə bağlanmamışdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh yetkinlik yaşına çatmayan övladı ilə birlikdə iddiaçının mülkiyyətində olan mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh və onun yetkinlik yaşına çatmayan övladı 07 aprel 2005-ci il təvəllüdlü X1 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, ev 81-dən çıxarılsın. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar