Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7733/2021 18.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında ünvan 1-ə dair alğı- satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia tələbini onunla əsaslandırdı ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. İddiaçı həmin mənzili 12 mart 1992-ci ildə Cavabdeh 250000 rus rublu ödəməklə almışdır. Bu barədə 12 mart 1992-ci ildə akt da tərtib olunmuşdur. Həmçinin cavabdeh və onun həyat yoldaşı 14 iyul 1992-ci ildə Sumqayıt şəhər 2 saylı Notariat Kontoruna ərizə ilə müraciət edərək, həmin evin iddiaçının adına alqı-satqı yolu ilə rəsmiləşdirilməsinə etirazlarının olmamalarını və razı olduqlarını bildirmişlər. Lakin həmin ərizələr notarial qaydada təsdiq edilməyib. Bundan sonra iddiaçı cavabdehdən xahiş etmişdir ki, ona etibarnamə versin. 05 aprel 2018-ci ildə cavabdeh ona 3 ay müddətinə etibarnamə vermişdir. Lakin müəyyən səbəblərdən iddiaçı evi öz adına sənədləşdirə bilməmişdir. Cavabdeh evi ona satsa da, onların arasında alğı-satqı müqaviləsi bağlanmamışdır. 12 mart 1992-ci ildən həmin ev faktiki olaraq iddiaçının istifadəsində və sahibliyindədir. Qeyd etdiyi kimi cavabdeh ona etibarnamə versə də, iddiaçı bu günə kimi mənzili öz adına keçirə bilməmişdir. Belə ki, etibarnamənin müddəti bitdiyindən onu həyata keçirə bilməmişdir. Qeyd edir ki, cavabdehin hal-hazırda harada yaşaması barədə məlumatları yoxdur. Azərbaycan Respublikası BPQMİ-nin MAPS şöbəsindən aldıqları arayışdan görünür ki, cavabdeh hazırda da faktiki olaraq iddiaçının sahibliyində və istifadəsində olan ünvan 1 ünvanında qeydiyyatdadır. Həmin arayışda cavabdehin iddiaçının ünvanında qeydiyyatda olduğu müəyyən olunsa da, o, ailə üzvləri ilə birlikdə 1992-ci ildə mənzildən faktiki olaraq çıxmışdır. Cavabdehin faktiki olaraq harada yaşadığını bilmir. Lakin cavabdeh iddiaçıya etibarnamə vermək üçün ondan 5000 manat məbləğində pul tələb edir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkili X2 dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir yol stansiyası, 18 saylı ev 04.05.2018-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. C.Abdullayeva və digərlərinin şikayəti ilə əlaqədarAzərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 may 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya məhkəməsinin 13 aprel 2007-ci il tarixli qərarında göstərilmişdir ki, əvvəlki MM-in 43-cü maddəsinin İ hissəsinə görə əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də mütləq notariat qaydada təsdiq edilməli olan əqdlərdəndir. Belə ki, yuxarıda qeyd olunan Məcəllənin 230-cu maddəsinə görə tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alğı-satqı müqaviləsi notariatda təsdiq edilməlidir. Göründüyü kimi, sonuncu norma tərəflərdən heç olmasa biri vətəndaş olduğu halda alğı-satqı müqaviləsinin etibarlılığı üçün onun notariatda təsdiq edilməsini nəzərdə tutur, bu da yalnız o halda mümkündür ki, onun yazılı formasına riayət edilmiş olsun. Bununla belə, əvvəlki MM-in 43-cü maddəsinin İİ hissəsi əqdin notariatdan kənar bağlanmış hesab olunması qaydasını əks etdirir. Belə ki, bu normaya əsasən tərəflərin biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Həmin normanın tətbiqi ilə bağlı «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərilmişdir ki, bu normanın konstitusiya hüquqi mənasına görə əqdi (yaşayış evinin alğı-satqısı haqqında müqaviləni) tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili cavabdehin əqdin notariat qaydasında təsdiqlənməsindən yayındığını bildirmişdir. Halbu ki, iddia ərizəsindən və ona əlavə edilmiş etibarnamədən görünür ki, cavabdeh 05 aprel 2018-ci ildə iddiaçıya 3 ay müddətinə etibarnamə vermiş, lakin iddiaçı yenədə evi öz adına rəsmləşdirməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə də, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-7733/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7733/2021
18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver