Məhkəmə qərarları › İş №2(060)-774/2021

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-774/2021

11.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-774/2021 11.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X7 ilə birlikdə Sumqayıt şəhəri, Asfaltzavod ərazisində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə xx.xx.2002-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X7 adlı iki övladları dünyaya gəlmişdir. Hazırda, ayrı yaşayırlar və iddiaçı nikahın pozulması tələbi məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən onlara barışıq üçün 3 ay vaxt verilmişdir. Nikahları dövründə 2009-cu ildə Sumqayıt şəhəri, Asfaltzavod ərazisində 4 sot torpaq sahəsini 5000 ABŞ dolları məbləğinə almışlar və orada 4 otaqlı fərdi ev tikmişlər. Evin tikintisinə 8000 manata yaxın xərc çəkmişlər. xx.xx.2010-cu ildə evə köçmüşlər. xx.xx.2020-ci il tarixdə cavabdeh onu evdən qovmuşdur. Hazırda iddiaçı uşaqları ilə birlikdə anasıgildə yaşayırlar. Ona görə də həmin evə uşaqları ilə birgə yaşayış hüququnun olduğunu düşünür və bu səbəbdən məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı cavabdehlə birlikdə Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən mənzildə 8 ay, daha sonra Sumqayıt şəhəri, Əşya bazarı adlanan ərazidə yerləşən idarənin binasında 6 il kirayə yaşamışlar. 2009-cu ildə mübahisə evi inşa etmişlər. xx xxxxxx 2010-cu ildə həmin evə köçsələr də, xx xxxx 2020-ci il tarixdə cavabdeh iddiaçını həmin mənzildən qovmuş və iddiaçı evi tərk etmək məcburiyyətində qalmışdır. Hal-hazırda iddiaçı həmin evdə yaşayır. Lakin, yenidən evdən qovulmaqdan qorxduğu üçün məhkəmə qətnaməsinə əsasən evə köçürülməyini istəyir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1982-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1976-cı ildə anadan olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərinə əsasən iddiaçının yetkinlik yaşına çatmayan övladları X6 xx.xx.2004-cü ildə və X7 xx.xx.2008-ci ildə anadan olmuşlar. “Ceyranbatan-1” 1 saylı Məhəllə Komitəsindən verilən 798 saylı, xx.xx.2020-ci il tarixli arayışda iddiaçının hazırda Sumqayıt şəhəri “Asfaltzavod” ərazisində yerləşən fərdi yaşayış evində yaşadığı göstərilmişdir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X3 öz izahatında bildirdi ki, o, iddiaçının atasıdır. Evin özülünün qoyulmasında və evin tikintisində o iştirak etmişdir. 2008-ci ildən tikilməyə başlayan evin 6 ay müddətində tikintisi başa çatmışdır. Qızının həmin evin tikintisində əməyi çox olmuşdur. xx xxxx 2020-ci il tarixdə qızı həmin evdən çıxmışdır. Məhkəmə iclasında ifadə verən digər şahid X4 öz izahatında bildirdi ki, iddiaçının qonşusudur. İdddiaçını bir qonşu kimi tanıyır. Sumqayıt şəhəri “Asfaltzavod” ərazisində yerləşən fərdi yaşayış evi iddiaçı ilə cavabdehin nikahda olduqları dövrdə inşa edilmişdir. Məhkəmə iclasında ifadə verən digər şahid X2 bildirdi ki, iddiaçının qonşusudur. Sumqayıt şəhəri “Asfaltzavod” ərazisində yerləşən fərdi yaşayış evi iddiaçı ilə cavabdehin nikahda olduqları dövrdə inşa edilmişdir. Mülki Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi iddiaçı öz azyaşlı uşaqları ilə birlikdə “Asfaltzavod” ərazisində yerləşən cavabdehin yaşadığı özbaşına tikiliyə köçürülməsini istəyir. İddiaçının köçmək istədiyi mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı və cavabdeh 2009-cu ildə yetkinlik yaşına çatmayan övladları ilə birlikdə “Asfaltzavod” ərazisində yerləşən evə köçmüşlər. İddiaçı 2010-cu ildə evi tərk etmişdir. Hazırda iddiaçı və cavabdeh yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə həmin ünvanda yaşasa da, gələcəkdə eyni problemlərin yaşanmaması üçün mənzilə köçürülmə barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehlərin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər (27.1.). On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır (27.2.). Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir (27.3.). Məhkəmə hesab edir ki, iddiaçı öz azyaşlı uşaqları ilə birlikdə 2010-cu il tarixində həmin evi tərk etsə də, bu onun yaşayış yerini itirməsi anlamına gələ bilməz. Məhkəmə iclasında izahat vermiş şahidlər mübahisəli evin iddiaçı və cavabdeh tərəfindən nikahda olduqları dövrdə inşa edildiyini iddiaçının evin tikintisində bilavasitə iştirak etdiyini bildirmişlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. İşdən göründüyü kimi iddiaçının yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X7 iddiaçı ilə birlikdə yaşayırlar. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, iddiaçı öz yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mübahisəli mənzilə köçürülməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X7 ilə birlikdə Sumqayıt şəhəri, Asfaltzavod ərazisində yerləşən fərdi yaşayış evinə köçürülsünlər. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verildiyi gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar