Məhkəmə qərarları › İş №2(060)-7744/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7744/2021

14.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7744/2021 14.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən, 3 saylı evin 65-ci mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Bu barədə onun adına 21.06.2021-ci il tarixdə çıxarış da verilmişdir. Həmin mənzili 09.06.2021-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsi əsasında X1 almışdır. Alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 09.08.2021-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Lakin cavabdehlər bu günə qədər müxtəlif bəhanələrlə qeydiyyatdan çıxmırlar. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1968-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehlərdən Cavabdeh1 1991-ci ildə, Cavabdeh2 1985-ci ildə , Cavabdeh4 1960-cı ildə və Cavabdeh3 1983-cü ildə anadan olmuşlar və onlar ünvan 2 ünvanında (bundan sonra – mübahisəli mənzil) qeydiyyatdadırlar. İşdə olan 09.06.2021-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı mübahisəli mənzili X1 almışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. 16 saylı Mənzil-Kommunal Sahəsinin 1206 saylı, 22.09.2021-ci il tarixli arayışına əsasən ünvan 2 ünvanında hal-hazırda iddiaçı yaşayır, cavabdehlər isə mənzildə qeydiyyatda olsalar da orada yaşamırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). İşdən göründüyü kimi iddiaçı mübahisəli mənzili alqı-satqı müqaviləsinə əsasən almışdır. Mənzil xüsusi mülkiyyət hüququ ilə idiaçıya məxsusdur. Cavabdehlər həmin mənzildə yaşamır və formal olaraq mənzildə qeydiyyatda qalmışlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından da biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən iddia təmin edilməli və cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ünvan 2-ə istifadə hüquqları itirilmiş hesab olunsun. Hazırkı qətnamə göstərilən şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar