Məhkəmə qərarları › İş №2(060)-7764/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7764/2021

28.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7764/2021 28.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı Piriyeva (Həsənova) Aysel Təvəkkül qızının və Cavabdeh iştirakları ilə İddiaçı Piriyeva (Həsənova) Aysel Təvəkkül qızının Cavabdeh qarşı «fərdi evdən məcburi çıxarılma tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Piriyeva (Həsənova) Aysel Təvəkkül qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Dəmir yol stansiyası, 1/105 saylı bağ sahəsində olan fərdi evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı Piriyeva (Həsənova) Aysel Təvəkkül qızı iddianı müdafiə edərək göstərdi ki, o, Cavabdeh ilə 29 mart 2008-ci ildə rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. Rəsmi nikahlarından 23 noyabr 2008-ci il təvəllüdlü Həsənov Səid Murad oğlu anadan olmuşdur. Keçmiş həyat yoldaşı Cavabdeh ilə rəsmi nikahları Sumqayıt Şəhər Məhkəməsinin 26 fevral 2021 -ci il tarixli, 2(060)- 1362/2021 saylı qətnaməsi ilə xitam verilmiş, nikah pozulduqdan sonra 23 noyabr 2008-ci il təvəllüdlü Həsənov Səid Murad oğlunun onun yanında saxlanması və 23 noyabr 2008- ci il təvəllüdlü Həsənov Səid Murad oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdehdan hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi Dəmir yol stansiyası, 1/105 saylı bağ sahəsində o, öz vəsaiti hesabına fərdi ev tikdirmiş və orada övladı ilə yaşayır. Birgə nikah dövründə cavabdeh onunla birlikdə yaşamışdır. Fərdi evi onun atası öz vəsaiti hesabına tikdirmişdir. Fərdi evdə o, oğlu və cavabdeh yəni, keçmiş həyat yoldaşı yaşayırlar. Cavabdehlə birgə yaşamaq mümkün deyildir. Beləki, cavabdeh tez-tez onu söyüb təhqir edir, onun orada yaşamağına imkan vermir. Bu da azyaşlı övladına və ona çox pis təsir edir. Hal-hazırda cavabdeh atasının vəsaiti hesabına tikilmiş fərdi evdən çıxmır. Hesab edir ki, cavabdeh atasının vəsaiti hesabına tikilmiş fərdi evdən çıxarılmalıdır. Göstərilənləri nəzərə alaraq Cavabdeh Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Dəmir yol stansiyası, 1/105 saylı bağ sahəsində olan fərdi evdən çıxarılması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçının verdiyi izahat və iddia ərizəsi əsassızdır. Belə ki, sözügedən fərdi yaşayış evi onun vəsaiti hesabına atası tərəfindən tikilib. O, Rusiya Federasiyasında işləyərək həmin evin tikintisi üçün 3000 Rubl pul göndərmişdir. İddiaçının atasının evin tikintisində maddi köməyi olsa da, o, həmin məbləği borc kimi qəbul edərək iddiaçının atasına qaytarmışdır. Hesab edir ki, iddiaçı hazırki iddia tələbi üzrə iddia qaldırmağa heç bir hüquqi yoxdur. Göstərilənləri nəzərə alaraq iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X8 bildirdi ki, o, cavabdehlə həmkəndlidir. Sözü gedən fərdi ev Tağıyev qəsəbəsində yerləşir. O, usta kimi həmin evdə işləmişdir. Evin tikintisində onlara pul Muradın atası tərəfindən ödənilirdi. Evin bünövrəsinin başlamış damın vurulmasına qədər tikinti onun tərəfindən həyata keçirilmişdir. Məhkəmədə şahid X4 bildirdi ki, cavabdehi rayonlarından tanıyır və həmkəndlidirlər. O, Elbrus usta ilə birlikdə sözügedən fərdi yaşayış evini tikmişlər. Həmin tikintisi üçün ayrılan vəsait onlara Muradın atası Şahmurad tərəfindən ödənilirdi. O, evin inşası zamanı iddiaçını orda görməmiş, nədə başqa bir şəxs onlara tikinti üçün ödəniş etməmişdir. Məhkəmə iddiaçı Piriyeva (Həsənova) Aysel Təvəkkül qızı, Cavabdeh, şahidlər X8 və X2 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1362/2021 saylı, 26.02.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, Cavabdeh ilə Həsənova Aysel Təvəkkül qızı arasında 29 mart 2008-ci ildə Sumqayıt şəhər qeydiyyat şöbəsində bağlanmış və 257 nömrə ilə qeyd olunmuş nikah qeydi pozulmalı, tərəflərin birgə nikahlarından olan və yetkinlik yaşına çatmamış 23.11.2008-ci il təvəllüdlü Həsənov Səid Murad oğlu anası- Həsənova Aysel Təvəkkül qızının himayəsində saxlanılması və Cavabdeh 23.11.2008-ci il təvəllüdlü Həsənov Səid Murad oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün 26.11.2020-ci il tarixdən başlayaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq Həsənova Aysel Təvəkkül qızına verilməsi qət edilmişdir. İş materiallarında olan, AZ-İİ № 207414 saylı, 10.12.2008-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Həsənov Səid Murad oğlu 23.11.2008-ci il tarixdə Beyləqan rayonunda anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 5944 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ № 376617 saylı, 24.11.2021-ci il tarixli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə Həsənova Aysel Təvəkkül qızı arasında olan nikah 29.03.2021-ci il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbəsində 564 saylı, 30.08.2021-ci il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Piriyeva Aysel Təvəkkül qızı, Cavabdeh və 23.11.2008-ci il təvəllüdlü Həsənov Səid Murad oğlu Sumqayıt şəhər, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir yol stansniyası 1/105 saylı bağ evində qeydiyyatsız yaşayırlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 23.08.2021-ci il tarixli arayışından görünür ki, Həsənov X3 rayonu, İkinci Şahsevən ərazi dairəsi, ikinci Şahsevən kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 23.08.2021-ci il tarixli arayışından görünür ki, Piriyeva Aysel Təvəkkül qızı Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 14/38B, mənzil 8-də qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının çıxarılmasını tələb etdiyi mübahisəli evə dair heç bir mülkiyyət hüququ yoxdur, ev özbaşına tikilidir. Məhkəmə iddia tələbi üzrə iddiaçının istinad etdiyi halları nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsi çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 146.2-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. İddiaçı Piriyeva (Həsənova) Aysel Təvəkkül qızı cavabdehin mübahisəli yaşayış evindən çıxarılmasını tələb etsə də, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evə dair hüquq müəyyənedici sənədi mövcud deyildir və nə qədər ki, iddiaçının mübahisəli yaşayış yerinə ehtimal olunan hüquqları lazımi qaydada dövlət qeydiyyatına alınmayıb onun belə bir iddia elə çıxış etməsi üçün əsaslar yaranmamışdır. Əlavə olaraq, həmin fərdi yaşayış evinin iddiaçının ərizəsində və məhkəmədə verdiyi izahatına görə atasının vəsaiti hesabına tikilməsini bildirsə də, bu barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəmədə cavabdehin və şahidlərin izahatları ilə həmin fərdi yaşayış evinin faktiki olaraq cavabdehə məxsus olması və cavabdehin atasının vəsaiti hesabına tikilməsi qeyd edilmişdir. İşin hallarından müəyyən edilir ki, iddiaçı özünə məxsus olan torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olduğunu iddia etsə də, bu halı təsdiq edən mötəbər sübutları, öz istifadəsində olan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmədiyindən onun cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olub-olmaması məsələsinin aydınlaşdırılması zəruridir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırki iş üzrə iddiaçının qeyd edilmiş hüquqi mövqeyə görə hazırki tələblə iddia qaldırmaqda, tələb etməkdə subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə iddiaçı Piriyeva (Həsənova) Aysel Təvəkkül qızının Cavabdeh qarşı “Cavabdeh Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Dəmir yol stansiyası, 1/105 saylı bağ sahəsində olan fərdi evdən çıxarılması” barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı Piriyeva (Həsənova) Aysel Təvəkkül qızı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar