Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-780/2021 08.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzilə olan yaşayış hüququnun itirilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1, mənzil 137 yaşayış sahəsindən istifadə hüququndan itirilmiş hesab olunması barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, ünvan 1, mənzil 137 03 oktyabr 1985-ci il tarixdən onun mülkiyyətindədir. Cavabdeh bu günə qədər mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmır. Onun harada yaşamağı barədə onun məlumatı yoxdur və onun mənzilində qeydiyyatda qalmağı bir sıra problemlər yaradır. Cavabdehin onun mənzilində qeydiyyatda qalmağı mülkiyyət hüquqlarının həyata keçirilməsində maneçilik törədir və əlavə kommunal xərclərin ödənilməsinə səbəb olur. Buna görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh ünvan 1, mənzil 137 yaşayış sahəsindən istifadə hüququndan itirilmiş hesab olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul edərək, ona qarşı verilmiş iddianı qəbul edir və sözügedən mənzildən qeydiyyatdan çıxmağına etiraz etməyərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 03.10.1985-ci il tarixli, № 13/545 saylı “Order”in surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 39.60 m2 və 3 otaqdan ibarət olan 137 saylı mənzil order əsasında İddiaçı istifadəsinə verilmişdir. İş materiallarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 07.10.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1, mənzil 137-də qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, № 00****** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1, mənzil 137-də qeydiyyatdadır. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci abzasına əsasən, icarədar və onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mənzil Məcəlləsinin 60-cı maddəsi ilə bağlı 12 mart 1999-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və köçdüyü gündən pozulmuş hesab edilir. Cavabdeh 10 ildən artıq müddət ərzində ünvan 1-də yerləşən 137 saylı mənzildə yaşamasını bu müddət ərzində onun həmin evdə yaşamaq niyyətinin olmadığını göstərir və bu fakt təsdiqini tapdığından, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən Cavabdeh həmin mənzildən istifadə hüququ itirilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun 16 oktyabr 1992-ci il tarixli 2 №-li qərarına görə belə hallarda məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb, yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut etmək üçün ilk növbədə həmin şəxsin qeydiyyatda olduğu mənzili tərk edərkən məhz hansı yaşayış sahəsinə köçməsinin və həmin yaşayış sahəsində hansı hüquqla-mülkiyyətçi kimi, icarədar kimi və yaxud mülkiyyətçi və ya icarədarın ailə üzvü kimi yaşamasının müəyyən edilməsi zəruridir. Göründüyü kimi, cavabdehin izahatındanda aydın görünür ki, o, mübahisəli evdə yaşamır və qeydiyyatı formal xarakter daşıyır. İddiaçının hazırkı tələbindən müəyyən olunur ki, cavabdehin həmin mənzildə qeydiyyatda qalması formal xarakter daşımaqla onun iradəsinə ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbayçan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” Protokolunun (Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Məhkəmə hesab edir ki, cavabdehin evdə qeydiyyatda qalması mülkiyyətdən dinc istifadə hüququnun həyata keçirilməsinə mane olur. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququ məhkəmə qaydasında itirilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququnun itirilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehin mənzildən istifadə hüququ itirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Şərh edilənləri və Cavabdeh iddia tələbini qəbul etməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən 137 saylı mənzilə olan yaşayış hüququ itirilmiş hesab edilməli və iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən 137 saylı mənzilə olan yaşayış hüququ itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-780/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-780/2021
08.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver