Məhkəmə qərarları › İş №2(060)-791/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-791/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-791/2023 27.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı nümayəndəsi Nümayəndə2 və Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı «icarə müqaviləsi üzrə mübahisələrə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Oba Market MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsinin və xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə sazişin məbləğinin 2021 -ci ilin iyul ayından etibarən Mərkəzi Bankın uçot faiz dərəcəsi miqdarında artırılaraq aylıq 4000 (dörd min) manat olması və ya ləğv edilməsi barədə, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 54 saylı evin 29 nömrəli mənzilinin cavabdeh Oba Market MMC tərəfindən boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, onunla cavabdeh Oba Market MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsinin və İddiaçı və cavabdeh Oba Market MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə sazişin əsasında 22 iyun 2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər hər ay üçün 4000 (dörd min) manat cavabdeh Oba Market MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 54 saylı evin 29 nömrəli mənzili onun mülkiyyətindədir. Mənzilin ümumi sahəsi 51 kv.m-dir. Həmin mənzil onun tərəfindən cavabdeh Oba Market MMC -yə icarəyə verilmişdir. Onunla cavabdeh Oba Market MMC arasında xx.xx.2017-ci il tarixində “icarə” müqaviləsi bağlanılmışdır. İcarə müqaviləsi Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu Ərəstun İmanov tərəfindən təsdiq edilmişdir. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2027-ci il tarixədək müəyyən edilmişdir. Həmin müqavilə ilə aylıq icarə haqqı 300 manat nəzərdə xutulmuşdur. xx.xx.2018-ci il tarixdə tərəflər arasında əlavə saziş bağlanmışdır. Həmin sazişlə icarə haqqının məbləği artırılaraq 1745 manat müəyyən edilmişdir. Əlavə saziş Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu Ərəstun İmanov tərəfindən təsdiq edilmişdir. xx.xx.2020-ci ildə tərəflər arasında “icarə müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə saziş” imzalanmışdır. Həmin saziş Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu Hafiz Hacızadə tərəfindən təsdiq edilmişdir. Sazişin 4-cü bəndinə əsasən icarə haqqı 2350 manat müəyyən edilmişdir. Eyni zamanda, tərəflərin razılığına əsasən icarə haqqına 6 ay keçdikdən sonra yenidən baxıla biləcəyi nəzərdə tutulmuşdur. Hazırda o icarə haqqını artırmaq qərarına gəlmişdir. Bu barədə cavabdehə təklif göndərərək, əks halda müqavilənin ləğv olunmasını tələb etmişdir. Lakin, cavabdeh tərəfindən təqdim olunmuş cavab məktubunda icarə müqaviləsinin icarə haqqına artımı həyata keçirə bilmədikləri qeyd olunmuşdur. Beləliklə, tərəflər arasında icarə haqqının artırılması ilə bağlı qarşılıqlı razılıq əldə edilməmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli icarə müqaviləsi, eləcə də xx.xx.2018 və xx.xx.2020-ci il tarixli əlavə sazişlər imzalanmışdır. xx.xx.2017-ci il tarixli İcarə müqaviləsinin qüvvədə olan 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2027-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. xx.xx.2017-ci il tarixli İcarə müqaviləsinin 9-cu bəndinə xx.xx.2018-ci il tarixli iddiaçı və cavabdeh arasında imzalanmış əlavə sazişlə edilən dəyişiklikliyə əsasən İcarəyə verən yalnız İcarəçi icarə haqqını 2 ay ardıcıl ödəmədikdə müqaviləni bir tərəfli qaydada ləğv edə bilər. xx.xx.2020-ci il tarixli iddiaçı və cavabdeh arasında imzalanmış icarə müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə sazişə əsasən tərəflərin razılığına əsasən icarə haqqına 6 (altı) ay sonra yenidən baxıla bilər. Qeyd etmək istərdi ki, icarə haqqı artımı məsələsi hal- hazırda cavabdeh tərəfindən uyğun görülmür. Yəni sazişin müvafiq bəndində göstərilən tərəflərin razılğına əsasən” ifadəsində cavabdehin buna razı olmasına dair iradə ifadəsi əks olunmur. Həmçinin bildirir ki, cavabdeh bununla bağlı müqavilədə və əlavə sazişlərdə buna dair iddiaçı qarşısında hər hansı bir öhdəlik götürməmişdir. Sözügedən icarə müqaviləsində göstərilən əmlak tərəflərindən "Oba Market” MMC-nin xeyrinə yüklü edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli “İcarə müqaviləsi”nin surətindən görünür ki, İddiaçı tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 51 kv/m olan 3 otaqlı mənzili aylıq 300 manat olmaqla “X2” MMCnin icarəsinə vermişdir. İşdə olan xx.xx.2018-ci il tarixli əlavə sazişdən görünür ki, icarə haqqının məbləği artırılaraq 1745 manat müəyyən edilmişdir. İşə əlavə olan xx.xx.2020-ci il tarixli “İcarə müqaviləsinə əlavə və dəyişikliklər edilməsi” barədə sazişin surətindən görünür ki, Sazişin 4-cü bəndinə əsasən icarə haqqı 2350 manat müəyyən edilmişdir. Eyni zamanda, tərəflərin razılığına əsasən icarə haqqına 6 ay keçdikdən sonra yenidən baxıla biləcəyi nəzərdə tutulmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “çıxarış”ın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 54, mənzil 29 icarə müqaviləsi əsasında xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-yə yüklü edilmişdir. İşdə olan Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, onunla bağlanmış xx.xx.2017-ci il tarixli İcarə müqaviləsinin, xx.xx.2020-ci il tarixli Sazişinə əsasən-tərəflərin razılığına əsasən 6 ay sonra icarə haqqına yenidən baxıla bilər. Bu ilin sonuna kimi tərəflərin razılığına əsasən icarə məbləğinə baxıla bilər. Qeyd edirlər ki, icarə haqqı artımı məsələsi hal-hazırda şirkət tərəfindən uyğun görülmür. Yəni müqavilənin müvafiq bəndində göstərilən “tərəflərin razılığına əsasən” ifadəsində şirkətin buna razı olmasına dair iradə ifadəsi əks olunmur. Həmçinin şirkət olaraq subyektiv hüquq olmaqla yanaşı, bununla bağlı müqavilədə buna dair İcarəyə verən qarşısında hər hansı bir öhdəlik götürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci və 158.4-cü maddələrinin tələbinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki lüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, kitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 -ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən bərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. İmperativ- konkret davranış qaydası müəyyən edilir və olduğu kimi icra edilməlidir. İmperativ normalarda müəyyən "ərəkətlərin edilməsi barədə qəti göstərişlər olur və bu göstərişlər hüquq subyektlərinin, iradəsi ilə dəyişdirilə bilməz. Göründüyü kimi, “tərəflərin razılğına əsasən” ifadəsində icarə haqqının artırılması ilə bağlı cavabdeh iddiaçı qarşısında məcburi davranış olaraq öhdəlik götürməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 685.2-ci maddəsinə əsasən kirayəyə erən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1-ci maddəsinə əsaəsn kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Maddənin də tələbindən göründüyü kimi iddiaçı icarə müqaviləsini birtərəfli qaydada o halda ləğv edə bilər ki, cavabdeh tərəfindən icarə haqqı gecikdirilsin və yaxud ödənilməsin. Həm icarə müqaviləsinə, həm də sözü gedən maddəsinin tələbinə əsasən cavabdeh tərəfindən bu öhədlik pozulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 19.1 -ci maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır, icarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. İş materiallarında olan çıxarışın surətindən müəyyən edilir ki, sözügedən icarə müqaviləsində göstərilən əmlak "Oba Market” MMC-nin xeyrinə yüklü edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə 22 yanvar 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdehnə qarşı «icarə müqaviləsi üzrə mübahisələrə dair» iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar