Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7960/2021 13.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair mülki işə 13 dekabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə arasında bağlanmış 06.05.2017-ci il tarixli 104 nömrəli Mənzil Tikintisi Haqqında müqavilənin ləğv edilməsi və 17250 manat məbləğində pulun, həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 06 may 2017-ci ildə cavabdeh "xxxx" MMC ilə iddiaçı arasında Mənzil Tikintisi Haqqında 104 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə "İcraçı" Sumqayıt şəhəri İH başçısının 06.06.2016-cı il tarixli 135 saylı sərəncamı ilə ünvan 1 ünvanında "C" blok, 4-cü mərtəbə 38 nömrəli mənzili izolə olunmuş 3 otaqdan ibarət bir pay kimi "payçı"ya verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin sahəsi 80,67 kv.m olmalıdır və müqavilənin 3.2-ci bəndinə görə 1 kv.m-nin dəyəri 700 manat təşkil edir. Müqavilənin 3.3cü bəndinə görə mənzilin ümumi dəyəri 56469 manat təşkil edir. Müqavilənin 3.4-cü bəndinə görə "Payçı" ilkin olaraq 3000 manat avans ödəməlidir. Müqavilənin 3.5-ci bəndinə görə "Payçı" hər ay 891 manat ödəniş etməlidir. Müqavilənin 3.6-cı bəndinə görə kreditin müddəti 60 aydır. Qeyd edir ki, o, müqavilənin 3.4-cü bəndinə əsasən 3000 manat məbləğində pulu 06.05.2017-ci ildə ödəmişdir. Həmçinin 01.06.2017-ci ildə 891 manat, 13.07.2017-ci ildə 891 manat, 14.08.2017-ci ildə 891 manat, 30.09.2017-ci ildə 1500 manat, 04.11.2017-ci ildə 1000 manat, 16.12.2017-ci ildə 900 manat, 19.01.2018-ci ildə 1000 manat, 17.02.2018-ci ildə 1000 manat, 07.04.2018-ci ildə 900 manat, 14.04.2018-ci ildə 900 manat, 02.06.2018-ci ildə 900 manat və 10.06.2018-ci ildə 1700 manat məbləğində pul ödəmişdir. Ümumilikdə 17250 manat məbləğində pul ödənilmişdir. O, 10.06.2018-ci ildə sonuncu dəfə ödəniş etdikdən sonra ödənişlərin ödənilməsini dayandırmışdır. Çünki cavabdeh tərəfindən müqavilənin şərtlərinə əməl olunmur. 4 ildən çoxdur ki, mənzil ona təhvil verilmir. Bundan sonra da həmin mənzilin ona nə zaman təhvil verilməsi qeyri-müəyyəndir. Müqavilədə isə mənzilin hansı müddətdə təhvil verilməsi qeyd olunmayıb. Ona görə də o, 17.07.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, ödədiyi 17250 manat məbləğində pulun 15 gün müddətində qaytarılmasını, əks halda isə müqavilənin ləğv olunması və pul tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin cavabdeh bu günə kimi nə pulu ödəyib, nə də ümumiyyətlə ərizəyə cavab vermişdir. Ona görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, aralarında bağlanmış müqavilə ləğv olunmalı və ödədiyi pul ona qaytarılmalıdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil iddia əriəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq bildirdi ki, sözügedən müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh 3 otaqlı mənzili iddiaçıya təqdim etməyi öhdəsinə götürmüş, lakin öhdəliyə əməl etməmişdir. Mənzilin təhvil verilməsi ilə bağlı müqavilədə konkret müddət göstərilməmişdir. Müqavilə 2017-ci il 6 may tarixində bağlanmış, kreditin ödənişi üçün 60 ay müddət müəyyən edilmiş, müqavilənin isə müddəti qeyd olunmadığına görə müqavilənin qüvvədə olma müddətinin bitib bitməməsi məsələsi aydın deyildir. Bundan başqa iddiaçıya cavabdehə məxsus başqa binadan ev verilməsini təklif etmişdirlər, lakin bu məsələ də elə təklif olaraq da qalmış və cavabdeh tərəfindən konkret hər hansı bir hərəkət edilməmişdir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza edilməklə) xəbərdar edilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan 06.05.2017-ci il tarixli 104 nömrəli mənzil tikintisi haqqında müqavilədən görünür ki, "İcraçı" Cavabdeh MMC Sumqayıt şəhəri İH başçısının 06.06.2016-cı il tarixli 135 saylı sərəncamı ilə ünvan 1 ünvanında "C" blok, 4-cü mərtəbə 38 nömrəli mənzili izolə olunmuş 3 otaqdan ibarət bir pay kimi "payçı"ya verməyi, alıcı İddiaçı isə ilkin olaraq 3000 manat avans, aylıq 891 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin sahəsi 80,67 kv.m və müqavilənin 3.2-ci bəndinə görə 1 kv.m-nin dəyəri 700 manat təşkil edir. Müqavilənin 3.3cü bəndinə görə mənzilin ümumi dəyəri 56469 manat təşkil edir. Müqavilənin 3.4-cü bəndinə görə "Payçı" ilkin olaraq 3000 manat avans, 3.5-ci bəndinə görə hər ay 891 manat ödəniş etməlidir. Müqavilənin 3.6-cı bəndinə görə kreditin müddəti 60 aydır. İşdə olan 13.06.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, 17250 manat məbləğində pulun 15 gün müddətində iddiaçıya qaytarılmayacağı təqdirdə məhkəməyə müraciət olunacağı barədə iddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-yə xəbərdarlıq ünvanlanmışdır. İş materiallarına əlavə olunmuş kassa məxaric orderinin qəbzlərindən görünür ki, İddiaçı "xxxx" MMC-yə 18.09.2018-ci il tarixdə 1800 manat, 10.06.2018-ci ildə 1700 manat, 02.06.2018-ci ildə 900 manat, 14.04.2018-ci ildə 1800 manat, 15.02.2018-ci ildə 1000 manat, 19.01.2018-ci ildə 1000 manat, 16.12.2017-ci ildə 900 manat, 04.11.2017-ci ildə 1000 manat, 30.09.2017-ci ildə 1500 manat, 14.08.2017-ci ildə 891 manat, 13.07.2017-ci ildə 891 manat, 01.06.2017-ci ildə 891 manat, 06.05.2017-ci ildə 3000 manat olmaqla ümumilikdə 17273 manat pul ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 06.05.2017-ci il tarixli 104 nömrəli mənzil tikintisi haqqında müqavilə imzalanmışdır. İddiaçı ilkin olaraq 3000 manat avans, aylıq 891 manat ödəməyi, cavabdeh isə ünvan 1 ünvanında "C" blok, 4-cü mərtəbə 38 nömrəli mənzili izolə olunmuş 3 otaqdan ibarət bir pay kimi "payçı"ya verməyi öhdəsinə götürmüşdür. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Tərəflər arasında bağlanmış 06.05.2017-ci il tarixli 104 nömrəli mənzil tikintisi haqqında müqavilənin şərtlərinə görə icraçı (cavabdeh) ünvan 1 ünvanında "C" blok, 4-cü mərtəbə 38 nömrəli mənzili izolə olunmuş 3 otaqdan ibarət bir pay kimi "payçı"ya verməyi, iddiaçı isə mənzilin dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.6-cı bəndinə görə kreditin müddəti 60 ay müəyyən olunmuşdur. Müqavilənin 6.1-ci bəndinə əsasən isə müqavilə hər iki tərəfin imzaladığı tarixdən hüquqi qüvvəyə minir. Bu müqavilənin 3.6-cı bəndinə əsasən tikinti-quraşdırma işləri başa çatdıqdan sonra mənzil payçıya təhvil verilənədək bu müqavilə öz qüvvəsini saxlayır. Göründüyü kimi müqavilənin məzmununda icraçının (cavabdehin) mənzili alıcıya (iddiaçıya) nə vaxt təhvil verməli olması barədə şərt yoxdur. Lakin müqavilənin 6.1-ci bəndində tikinti-quraşdırma işlərinin başa çatması müqavilənin 3.6-cı bəndi ilə, yəni kreditin müddəti (60 ay) ilə əlaqələndirilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, müqavilədə alıcının mənzilin dəyərini ödəməsi üçün müəyyən edilmiş 60 aylıq müddət müqavilənin müddəti kimi qəbul edilməlidir. Beləliklə müqavilənin 06.05.2017-ci il tarixdə bağlandığını nəzərə aldıqda müqavilənin müddəti hələ 06.05.2022-ci il tarixdə bitəcəkdir. Mülki Məcəllənin 339-cu maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur (399.1). Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir (399.2). Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır (399.3). Həmin Məcəllənin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər (427.1). Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur (427.2). Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir (427.3). İddiaçı müqavilənin ləğv edilməsi barədə iddiasını müqavilənin bugünədək icra olunmaması, bununla da müqavilənin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması ilə əsaslandırır. Məhkəmə hesab edir ki, müqavilədə Cavabdeh MMC tərəfindən icra edilməli olan öhdəliyin icra müddəti dərhal və ya müqavilənin qüvvədə olma müddətindən daha qısa müddətdə icra edilməli olması nəzərdə tutulmadığından, müqavilənin müddəti isə hələ bitmədiyindən müqavilənin cavabdeh tərəfindən icra olunmaması müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozuntusu kimi qiymətləndirilə və sözügedən müqavilə ləğv edilə bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı tərəflər arasında bağlanmış 06.05.2017-ci il tarixli 104 nömrəli Mənzil Tikintisi Haqqında müqavilənin ləğv edilməsi və 17250 manat məbləğində pulun qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-7960/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7960/2021
13.12.2021 · Müqavilələrin ləğv edilməsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver