Məhkəmə qərarları › İş №2(060)-8034/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8034/2021

29.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8034/2021 29.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılma tələbinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 24, 9 saylı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, 24 saylı evin 9 saylı mənzili onun mülkiyyətindədir. Həmin evi o, X2 73.000 manat ödəməklə, AN- İ ******* N° li, 20.08.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlayaraq almışdır. Həmin alqı-satqı müqaviləsi əsasında AR ƏMDK yanında DƏDRX-nin 01.09.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı ilə onun mülkiyyətinə verilmişdir. Cavabdehlər köhnə ev sahibinin ailə üzvləridir. Hal-hazırda onların onun mənzili ilə heç bir əlaqələri yoxdur, onlara aid heç bir əşya da yoxdur. Belə ki, alqı-satqı müqaviləsini 13-cü bəndində cavabdeh özünün də, ailə üzvlərinin də qeydiyyatdan çıxarmağı öz üzərinə götürmüşüdür. AR Asan- Sumqayıt mərkəzinin 13.09.2021-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, özü qeydiyyatdan çıxsa da, ailə üzvləri hələ də qeydiyyatdadır. Onların qeydiyyatda qalması onun mənzil hüquqlarının pozulması deməkdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı oğlu iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbi ilə bağlı izahat verərək bildirdi ki, iddia tələbini qəbul edir. İş üzrə digər Cavabdeh2 onun həyat yoldaşıdır. Hazırda o, xarici ölkədədir. O və həyat yoldaşı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 24, 9 saylı mənzildən qeydiyyatdan çıxmağa razıdırlar. Hazırda qeydiyyata düşməyə başqa yerləri olmadığından həmin mənzildən qeydiyyatdan çıxmamışlar. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsinə etiraz etmir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlum olan axırıncı yaşayış yeri üzrə ünvanına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilsə də, bildirişin üzərinə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 11 saylı Mənzil Kommunal Sahəsi tərəfindən onun həmin ünvanda yaşamaması barədə qeyd yazılaraq, bildiriş məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 24, 9 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı oğlunun adına 222 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 01.09.2021-ci il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş 20 avqust 2021-ci il tarixli AN-İ seriyalı ******* saylı alqısatqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 24, 9 saylı mənzili 73000 (yetmiş üç min) manata X1 almışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 13.09.2021-ci il tarixli arayışından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 24, 9 saylı mənzildə qeydiyyatdadır. Göründüyü kimi, İddiaçı oğlunun adına Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 24, 9 saylı mənzilinə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməklə, o həmin evə mülkiyyət hüququ əldə etmişdir. Mənzilin əvvəlki ev sahibi və ailə üzvləri evi boşaldaraq mənzili İddiaçı oğluna təhvil vermiş, özlərinə isə başqa bir yaşayış yeri seçmişlər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun qalması İddiaçı oğlunun göstərilən mənzillə bağlı mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Belə məlumat olmadıqda isə, yaşayış yerini dəyişmiş şəxs məhkəmə qətnaməsi ilə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhər, 17-ci mikrorayon, ev 24, 9 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır (217.4). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhər, 17-ci mikrorayon, ev 24, 9 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar