Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-81/2022 12.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, İddiaçılar Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı evdən çıxarılma tələbinə dair və iddiaçılar Cavabdeh2, Cavabdeh1 cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair iddiaları üzrə mülki işə 12 may 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.09.2008-ci il təvəllüdlü X3 qanuni nümayəndəsi İddiaçı ilə birlikdə X3 mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, 8V/25 saylı evin 3 otaqlı 34-cü mənzilinə köçürülməsi, 1-ci mikrorayon ərazisində yerləşən ümumi sahəsi 27.3. kv.m ibarət olan qarajdan və mübahisəli mənzildən cavabdehlərə məxsus əşyaların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, iddiaçılar Cavabdeh2, Cavabdeh1 cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Sumqayıt şəhəri, 1-ci mikrorayon, 8V/25 saylı evin 3 otaqlı 34-cü mənzilinə istifadə və yaşayış hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X3 qanun üzrə nümayəndəsidir. Həyat yoldaşı X14 31.05.2020-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra övladı 24.09.2008-ci il təvəllüdlü X10 atasının qanuni vərəsəsi olmuşdur. Belə ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 8V/25 saylı evin 34 saylı mənzili AR ƏMDK yanında DƏDRX-nin 01.03.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı ilə Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən ümumi sahəsi 27.3 kv.m ibarət olan AR ƏMDK yanında DƏDRX-nin 16748 inventar N° li, 25.02.2021-ci il tarixli texniki pasportu ilə qızının mülkiyyətinə keçmişdir. Belə ki, cavabdehlər keçmiş baldızlarıdır. Onlar qanuni nümuyəndəsi olduğu Zümrüdün mülkiyyətində olan daşınmaz əmlaklardan istifadə etməyə, orada yaşamağa mane olurlar. Onlara məxsus əşyalar da mübahisəli mənzildədir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar Cavabdeh2, Cavabdeh1 iddia tələbini onunla əsaslandırmışlar ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 25/8 V saylı evin 3 otaqlı 34-cü mənzili mərhum ataları X4 nıülkiyyətində olmuş, 1996-cı ildə atalarının vəfatından sonra mənzil mərhum anaları X5 adına özəlləşdirilmiş, 16.04.2012-ci il tarixdə anaları X13 vəfat etmiş və ondan miras qalmış yuxarıda göstərilən mənzil və qaraj tərəflərindən qardaşları X11 bağışlanılmışdır. Cavabdeh İddiaçı qardaşları İsmayılın keçmiş həyat yoldaşıdır. Belə ki, onlar 10.01.2006cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar və birgə nikahdan 24.09.2008-ci il təvəllüdlü X10 adlı bir uşaqları anadan olmuşdur. Qardaşları epilepsiya xəstəliyindən əziyyət çəkdiyinə görə cavabdeh onunla yaşamaq istəməmiş və analarının vəfatından sonra 2012-ci ildə qardaşlarını tərk edib getmişdir. Həmin vaxtdan etibarən onlar qardaşları İsmayılın yanında olmuş, qulluğunda durmuş və o, vəfat edən günə qədər - 31.05.2020-ci il tarixədək onunla bu mənzildə yaşamış və birgə təsərrüfat aparmışdırlar. O, 2011-ci ildə, bacısı Cavabdeh1 isə 2015-ci ildə mənzildən qeydiyyatdan çıxsalar da, bu gün də həmin mənzildə yaşayırlar. Sumqayıt şəhər məhkəməsinin 2(060)- 6534/2016 saylı, 28.09.2016-ci il tarixli qətnaməsi ilə qardaşları İsmayılla cavabdeh İddiaçı arasında olan rəsmi nikah qeydi ləğv edilmişdir. Onlar mərhum qardaşları İsmayılla öz aralarında belə razılığa gəlmişdirlər ki, evi və qarajı satıb onların payları ayrı-ayrılıqda veriləcəkdir. Lakin, 31.05.2020-ci il tarixdə qardaşları İsmayıl qəfildən vəfat etmiş və hazırda valideynlərindən miras qalmış ev və qaraj vərəsəlik hüququ əsasında 1-ci növbəli vərəsə kimi mərhum qardaşları X9 qızı X2. Cavabdeh onun qanuni nümayəndəsidir. Mərhum qardaşları mənzili və qarajı satıb onların paylarını verməsi barədə sözünü yerinə yetirə bilməmişdir. Mübahisəli mənzil valideynlərindən qalmış miras əmlakdır, onların ata evidir. Hesab edirlər ki, həmin mənzilə onların istifadə və yaşayış hüquqları vardır, bu hüquq məhkəmə qaydasında tanınmalıdır. Ona görə də cavabdehə qarşı yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdirlər. Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, onlar 9 ildən artıq ərzində mərhum qardaşları ilə birlikdə yaşamış, birgə təsərrüfat apamışdırlar. Hesab edirlər ki, göstərilən müddət ərzində həmin mənzilə istifadə və hüququ qazanmışdırlar. Cavabdehə qarşı qaldırdıqları hazırkı iddia tələbi əsaslıdır və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələrinin normaları tətbiq edilməklə həll edilməli və onların həmin istifadə və yaşayış hüquqları məhkəmə qaydasında tanınmalıdır. Qeyd edilənlərə əsasən iddiaçılar iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, mübahisəli mənzil ona yox, qızı Zümrüdə, yəni cavabdehlərin qardaşlarının qızına qalmışdır. Hazırda qızının psixoloji problemləri var. Atasını itirməyi ona pis təsir edib. Bibilərinin ona qarşı bele davranması aydın deyil. O, mərhum həyat yoldaşı X7 2016-cı il tarixdə boşanmışdır. Onun bildiyinə görə onlar boşandıqdan sonra İsmayıl sözügedən mənzildə tək yaşamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil qızı iddia ərizəsi ilə eyni məzmunlu verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, hüquqlarını müdafiə elədiyi şəxs digər iş üzrə iddiaçıların qardaşları ilə evli olmuş, birgə nikahdan tərəflərin bir övladları doğulmuş, daha sonra ayrılmışdırlar. Mübahisəli mənzil 1996-cı ildə digər iddiaçıların analarının mülkiyyətinə keçmiş, 2012-ci ildə anaları dünyasını dəyişdikdən sonra mənzil vərəsəlik qaydasında qardaşlarının adına keçmişdir. Qeyd edir ki, miras əmlak kimi mənzil və qaraj qalmışdır. Bacılar da notariusda qardaşlarının xeyrinə miras qalan əmlaklardan imtina etmişdirlər və bu zaman bacıların heç biri o mənzildə yaşamamışdır. Dəfələrlə davam edən məhkəmə iclaslarının heç birində digər iddia ərizəsi üzrə iddiaçılar bir dəfə də olsun o, evdə yaşadıqlarını qeyd etməmişdirlər. Ali Məhkəmənin qərarının məzmunundan da görünür ki, iddiaçılar cavabdeh İddiaçı qarşı iddia ərizələrində də ailə qurub ata evindən köçdüklərini və Sumqayıt şəhərində öz ailələri ilə birlikdə yaşadıqlarını qeyd etmişlər. Hazırda iddiaçı tərəf olaraq onlar qanundan kənar heç bir şey istəmir, öz hüquqlarını müdafiə edirlər. 1-ci dərəcəli yeganə vərəsə X8r. Cavabdeh1 və Cavabdeh2 mübahisəli evdə yaşamırlar, əgər yaşasaydılar onların iddia tələbi əşyaların çıxarılması barədə yox, cavabdehlərin mənzildən çıxarılması barədə olardı. Göstərilənlərə əsasən nümayəndə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh2 iddia ərizəsi ilə eyni məzmunlu verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, sözügedən mənzil valideynlərinin evidir. Qardaş və bacıları ilə o evdə yaşamış, sonra ailə quraraq başqa evə köçmüşdür. Qardaşı da evlənərək ailəsi ilə birlikdə o evdə qısa müddət yaşamış, sonra başqa evdə yaşamağa başlamışdır. Aytəkinlə qardaşının bir övladları var idi, Aytəkin qardaşı ilə yola getmirdi, onlar heç iki il birlikdə yaşamamış və Aytəkin, atasının evinə getmişdir. Bacısı Lalə də 2011-ci ildə ailə qurmuş, ailəsi ilə birlikdə 4-5 il kirayə yaşamış, boşandıqdan sonra atasının evinə gəlmiş və orada yaşamağa başlamışdır. Bildirir ki, Lalə hazırda özünə məxsus bir otaqlı evdə yaşayır. Lalənin həmin mənzili təxminən 2008-ci ildə aldığını xatırlayır. Qeyd edir ki, özü isə 2003-cü ildə ailə qurmuş, Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən mənzilə köçmüş, amma heç vaxt həmin mənzilə qeydiyyata düşməmişdir. Həmin mənzil qaynatasına məxsus olmuşdur. Orada 2-3 il yaşadıqdan sonra həmin mənzili satıb başqa ev almışdırlar. Daha sonra onun da ailəvi problemləri yaranmış, hətta boşanmaq üçün məhkəməyə müraciət etmək istəsə də, oğlu buna maneə olmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, 2017-ci ildən atasının evində qardaşına qulluq etmək məqsədi ilə onunla birlikdə yaşamağa başlamışdır. Qeyd edir ki, qardaşı sağlığında heç vaxt onu evdən çıxarmağa çalışmamışdır. Qardaşı dünyasını dəyişəndən sonra heç onunla yaşamayan biri qardaşının qızının adından istifadə edərək qəyyumu kimi evə sahib olmaq istəyir. Qardaşının qızını varis kimi qəbul edir. Amma mənzilin Aytəkinə verilməsini istəmir. Belə ki, Aytəkin qardaşının yas mərasimində belə iştirak etməmiş, baş sağlığı verməmişdir. Hətta qardaşının ölümünün bir ili tamam olmamış, onları evdən çıxartmağa çalışır. Hətta məsələ ilə əlaqədar Aytəkin Polis İdarəsinə də müraciət etmiş, bundan başqa ona açarların təhvil verilməsini tələb etmişdir, o isə İdarədə məhkəmə mübahisələrinin davam etdiyini bildirmişdir. Qeyd edir ki, hazırda evin açarı ondadır, qardaşı qızının 18 yaşı tamam olduqda evi ancaq ona verməyə razıdır. Əlavə olaraq onu da bildirdi ki, qardaşı vaxtilə Aytəkinlə uşaqlarına görə barışmaqlarını istəmiş, Aytəkin isə razılaşmayıb evinə qayıtmamışdır. Aytəkinin indi evə gəlmək istəməsinin səbəbini başa düşmür. Mübahisəli mənzil onun atasının evidir. Lakin Aytəkin onu ata evindən çıxartmaq istəyir və atasının evinin də, qarajının da ona məxsus olduğunu bildirir. Qeyd edir ki, hazırda onun yaşamağa evi yoxdur, onun da bir övlad kimi, ata evində haqqı var. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh1 iddia ərizəsi ilə eyni məzmunlu verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, 2001-ci ildə ailə qurmuşdur. Qeyd edir ki, 2001-ci ildən 2006-cı ilə kimi o, xarici ölkədə yaşamışdır. Daha sonra orada yaşaya bilmədiyi üçün geri qayıtmışdır. 2006-cı ildə ailəsi dağılmışdır. Həmin vaxtdan etibarən anası ilə birlikdə mübahisəli mənzildə yaşamağa başlamışdır. Qardaşı Aytəkinlə ailə qurmuş və həmin mənzilə gəlin köçmüşdür. Daha sonra Aytəkinlə aralarında mübahisə yaranmış, Aytəkin qaynanası ilə yaşamaq istəməmişdir. Nəticədə onlar başqa evə köçmüşlər. 2012-ci ildə anası vəfat etmişdir. Onların başı yas mərasiminə qarışmışdır. Bu ərəfədə onlar analarından qalan mirasdan qardaşlarının xeyrinə imtina etmişdirlər. Daha sonra Aytəkinlə qardaşı ayrılmışdır. Qeyd edir ki, 2014-cü ildə özünə bir otaqlı mənzil almışdır. Qardaşı epilepsiya xəstələyindən əziyyət çəkmişdir. Qardaşının evdə tək qalmaması üçün 2017-ci ildə bacısı Kəmalə evə gəlib qardaşı ilə birlikdə yaşamağa başlamışdır. Aldığı mənzili təmir etdikdən sonra o da öz evinə köçmüşdür. Lakin hər ikisi həmişə qardaşlarına baxmış, onun yanına gedib-gəlmiş, ona qulluq etmişdirlər. Qardaşı da 2020-ci ildə vəfat etmişdir. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan "xxxx" MTK tərəfindən verilmiş 18 nömrəli, 08.05.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, 4-cü məhəllə, bina 11C, 128-ci mənzildə qeydiyyatdadır, lakin hal hazırda həmin mənzildə yaşamır. İş materiallarında olan Sumqayıt şəhər İH-nin MKTİB-nin 7 saylı MKS-in 744 nömrəli, 18 may 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyatı haqqında 16.04.2021-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan 25.02.2021-ci il tarixli 16748 inventar nömrəli texniki pasportun təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən qarajın sahibi X8r. İşdə olan 26.02.2021-ci il tarixli 30789 inventar nömrəli texniki pasportun təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 8V/25, 34 saylı mənzilin sahibi X8r. İşdə olan çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə X3 adına ********** qeydiyyat nömrəsi ilə 01.03.2021-ci il tarixdə qeydə alınmışdır. İşdə olan 21.10.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 16.04.2021-ci il tarixdə vəfat etmiş X5 vərəsələri Cavabdeh2, Cavabdeh1, X12r və şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 8V/25, 34 nömrəli mənzildir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 2258/2021 nömrəli, 12.07.2021-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin iş üzrə 09.04.2021-ci il tarixli, 2(06)-1301/2021 saylı qətnaməsi ilə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh X6 qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, miras əmlakda payların müəyyən edilməsi və miras şərikləri arasında bərabər bölünməsi tələbinə dair iddia ərizəsi rədd edilmiş, həmin qətnamədən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt şəhər İH-nin MKTİB-nin 5 saylı MKS-in 87 nömrəli, 18 yanvar 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 8V/25, mənzil 34-də qeydiyyatsız yaşayır. İş materiallarında olan Sumqayıt şəhər İH-nin MKTİB-nin 13 saylı MKS-in 87 nömrəli, 24 yanvar 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 32, mənzil 60-da yaşayır. İşdə olan RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə X9 adına ********** qeydiyyat nömrəsi ilə 22.11.2012-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan AZ-İİ 086383 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 31 may 2020-ci ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 522 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 18.01.2022-ci il tarixli qonşuların və 5 saylı MKS-nin rəisinin iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, ünvan 2 –də 2011-ci ilə kimi qeydiyyatda olan Cavabdeh2 və 2015-ci ilə kimi qeydiyyatda olan Cavabdeh1 qardaşları X14 vəfat edən günə kimi həmin mənzildə yaşamış, qardaşına baxaraq ona qulluq etmişdirlər. Hal-hazırda isə mənzildə Cavabdeh2 qeydiyyatsız yaşayır və mənzildəki əşyalardan istifadə edir. İş materiallarında olan 11.02.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, 31.05.2021-ci ildə vəfat etmiş X9 vərəsəsi X8r, o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 8V/25, 34 nömrəli mənzildir. İş materiallarında olan 18.02.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, 31.05.2021-ci ildə vəfat etmiş X9 vərəsəsi X8r, o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhəri, 1-ci mikrorayon, ərazisi ünvanında yerləşən ümumi sahəsi 23.2 kv.m olan qeyri yaşayış binasının istifadə hüququndan ibarətdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı evdən çıxarılma tələbinə dair iddiası təmin edilməli, iddiaçılar Cavabdeh2, Cavabdeh1 cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddiaçılar Cavabdeh2, Cavabdeh1 cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması barədə iddia tələbinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırki tələb üzrə mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək yarandığından məhkəmə hesab edir ki, hazırki mübahisə həmin tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları əsasında həll edilməlidir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 6-cı hissəsinə görə şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ-ci hissəsini məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisənin həlli, yəni iddiaçıların mübahisəli mənzilə istifadə hüququ olubolmamasının müəyyən edilməsi üçün onların bu yaşayış sahəsini tərk etməsinin səbəbləri araşdırılmalı və bu tərk etmənin daimi və yaxud müvəqqəti əsaslarla olmasına qiymət verilməlidir. Belə ki, bu münasibətləri tənzimləyən yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri baxımından bu kateqoriya işlər üzrə əsas şərt icarəçi və ya qeydiyyatda olan şəxslərin mənzildə 6 ay və daha artıq müddətdə üzrsüz səbəbdən yaşamamasını və hüquqları mübahisələndirilən şəxslərin başqa yerdə daimi yaşayış yerlərinin olmasını sübut etməkdir. Bu baxımdan məhkəmə iş materiallarında olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, iddiaçılar mübahisəli mənzili məhz daimi əsaslarla tərk etmişdir. Belə ki, iddiaçılardan Cavabdeh1 2001-ci ildə, K.Məmmədova isə 2003-cü ildə ailə qurmaqla mübahisəli mənzili tərk etmişdir. Hazırda Cavabdeh1 ünvan 4 ünvanında, K.Məmmədova isə ünvan 5dadır (elektron sistemdən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən). İddiaçılar Cavabdeh1 və K.Məmmədovanın ailə qurmaqla mübahisəli mənzili tərk etməsi tərəflər arasında olan əvvəlki məhkəmə mübahisələrində onların öz iddia ərizələrində də təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10.01.2022-ci il tarixli, 2(102)-129/2022 saylı qərarının məzmunundan (birinci instansiya məhkəməsində icraat hissəsi) görünür ki, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddia tələbini onunla əsaslandırmışdır ki, onlar ailə qurub ata evindən köçmüş və Sumqayıt şəhərində öz ailələri ilə birlikdə yaşamışlar. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh1 və K.Məmmədova daimi əsaslarla başqa mənzilə köçməklə mübahisəli mənzildən istifadə hüququnu itirmişlər. Məhkəmə iddiaçıların iddia tələblərinin əsası kimi istinad etdiyi 2017-ci ildən etibarən qardaşlarına qulluq etmək məqsədilə sözügedən mənzildə qalmaları barədə dəlillərini qəbul etmir və həmin izahatların özünümüdafiə xarakteri daşıdığı qənaətinə gəlir. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, iddiaçıların qardaşları İsmayıl Behbudova qulluq etmək üçün bəzi vaxtlarda mübahisəli mənzildə olmaları onların daimi olaraq həmin mənzildə yaşamalarını təsdiq etmir və bu hal iddiaçıların Sumqayıt şəhəri, 1ci mikrorayon, ev 8V/25, 34 saylı mənzilə istifadə hüququnun tanınması üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar Cavabdeh2, Cavabdeh1 cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir. Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli yaşayış sahəsi ünvan 2 X3 xüsusi mülkiyyətindədir. X3 adına ünvan 2-ə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməklə, o həmin evə mülkiyyət hüququ əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan hüquqlarının və ya əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X15rşı” məhkəmə işi üzrə qərarında qeyd etdi ki, mülkiyyət hüququna istənilən müdaxilənin əsaslı olması üçün həmin müdaxilə cəmiyyətin ümumi maraqlarına xidmət etməli, yəni qanuni məqsəd daşımalıdır. Lakin mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığı bəyan etməsi kifayət deyildir. Məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 8V/25 saylı evin 34 saylı mənzili 24.09.2008-ci il təvəllüdlü X3 mülkiyyətində olmaqla onun həmin mənzildən istifadə hüququ mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 24.09.2008-ci il təvəllüdlü X3 qanuni nümayəndəsi İddiaçı ilə birlikdə Sumqayıt şəhəri, 1-ci mikrorayon, 8V/25 saylı evin 34 saylı mənzilinə köçürülməsi hissəsində də təmin edilməlidir. Məhkəmə iddia tələbinin Sumqayıt şəhəri, 1-ci mikrorayon, 8V/25 saylı evin 34 saylı mənzilindən və 1-ci mikrorayon ərazisində yerləşən ümumi sahəsi 27.3. kv.m ibarət olan qarajdan cavabdehlərə məxsus əşyaların çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, mübahisəli mənzil X3 mülkiyyətində olduğundan, Cavabdeh2, Cavabdeh1 cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair iddiaları təmin edilmədiyindən və cavabdehlərə məxsus əşyaların orada qalması iddiaçının mənzil və mülkiyyət hüquqlarını pozduğundan məhkəmə hesab edir ki, mənzildən cavabdehlərə məxsus əşyaların çıxarılması hissəsində də iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən ümumi sahəsi 27.3. kv.m ibarət olan qaraj vərəsəlik yolu ilə 24.09.2008-ci il təvəllüdlü X1 və Z.Behbudovanın həmin qaraja gözlənilən mülkiyyət hüququ olduğundan məhkəmə hesab edir ki, iddia tələbi həmin qarajdan cavabdehlərə məxsus əşyaların çıxarılması hissəsində də təmin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi təmin edilməli, 24.09.2008-ci il təvəllüdlü X10 qanuni nümayəndəsi İddiaçı ilə birlikdə Sumqayıt şəhəri, 1-ci mikrorayon, 8V/25 saylı evin 3 otaqlı 34 saylı mənzilinə köçürülməli, Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən ümumi sahəsi 27.3. kv.m ibarət olan qarajdan və Sumqayıt şəhəri, 1-ci mikrorayon, 8V/25 saylı evin 3 otaqlı 34 saylı mənzilindən cavabdehlərə məxsus əşyalar çıxarılmalı, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı evdən çıxarılma tələbinə dair iddiası təmin edilsin. 24.09.2008-ci il təvəllüdlü X10 qanuni nümayəndəsi İddiaçı ilə birlikdə Sumqayıt şəhəri, 1-ci mikrorayon, 8V/25 saylı evin 3 otaqlı 34 saylı mənzilinə köçürülsün. Sumqayıt şəhəri, 1-ci mikrorayon, 8V/25 saylı evin 3 otaqlı 34 saylı mənzilindən və Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən ümumi sahəsi 27.3 kv.m ibarət olan qarajdan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus əşyalar çıxarılsın. İddiaçılar Cavabdeh2, Cavabdeh1 cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-81/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-81/2022
12.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver