Məhkəmə qərarları › İş №2(060)-819/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-819/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-819/2022 07.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Rəşad Mehman oğlu Məmmədlinin katibliyi, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə əvvəlki "xxxx" ASC (indiki’PARA” BOKT ASC) arasında 09.09.2015-ci il tarixli, 6165 PBS saylı kredit müqaviləsi imzalanmışdır. Respublika ərazisində ABŞ dollarının devolivasiyasını nəzərə alaraq 24.05.2016-cı il tarixində Cavabdeh1 ilə yeni kredit müqaviləsi imzalanaraq kredit restruktrizasiya edilərək manata çevrilmişdir. Odur ki, Cavabdeh1 ilə 24.05.2016-cı il tarixli, 7502 PBS saylı yeni kredit müqaviləsi bağlanmışdır. Müvafiq olaraq 24.05.2016-cı il tarixli, 7502 PBS sayh kredit müqaviləsi üzrə 48 ay müddətinə, 20 faiz olmaqla, 0 ay güzəşt müddəti ilə 61597 manat məbləğində kredit verilmişdir. 24.05.2016-cı il tarixli, 7502 PBS saylı kredit müqaviləsinin təminatı kimi 24.05.2016-cı il tarixli, 7502/01 PBS saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 29.2 kv.m yaşayış, 12.6 kv.m yardımçı sahədən ibarət 41.8 kv.m ümumi sahədən ibarət 2 otaqlı mənzili (RX seriyalı, ******* nömrəli, **********92- 05101-093027 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 27.10.2012 qeydiyyat tarixli Çıxarışa əsasən) ipoteka ilə yüklü edilmişdir. İpoteka (girov) müqaviləsi notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 BOKT-a 24.05.2016-cı il tarixli, 7502 PBS saylı kredit müqaviləsi üzrə 12413.14 manat əsas, 1539.63 manat hesablanmış faiz, 2000 manat hesablanmış dəbbə pulu olmaqla, cəmi 15952.77 manat kredit borcu mövcuddur. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibət bildirməmişlər. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə 24.05.2016-cı il tarixli, 7502 PBS saylı kredit müqaviləsi üzrə 12413.14 manat əsas, 1539.63 manat hesablanmış faiz, 2000 manat hesablanmış dəbbə, cəmi 15952.77 manat kredit borcunun və 137.90 manat ödənilmiş dövlət rüsumunun tutulması, kredit müqaviləsi üzrə tələbin Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 29.2 kv.m yaşayış, 12.6 kv.m yardımçı sahədən ibarət 41.8 kv.m ümumi sahədən ibarət 2 otaqlı mənzilə (RX seriyalı, ******* nömrəli, **********92-05101-093027 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 27.10.2012 qeydiyyat tarixli Çıxarışa əsasən) yönəldilməsi, əmlakın hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönldilməsi, mənzildə yaşayanların - Cavabdeh2 və Cavabdeh1 yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılması, mənzilin məcburi boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı BOKT ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsi Nümayəndə izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan 09.09.2015-ci il tarixli, 6165 PBS nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 23% hesablanmaqla 45000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalan müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi, müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 24.05.2016-cı il tarixli, 7502 PBS nömrəli kredit müqaviləsindən görünür ki, 09.09.2015-ci il tarixli, 6165 PBS nömrəli kredit müqaviləsi restruktrizasiya edilərək İddiaçı BOKT ASC tərəfindən Cavabdeh1 48 ay müddətinə, illik 20% hesablanmaqla 61597 manat məbləğində kredit verilmişdir. Borcalan müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi, müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 24.05.2016-cı il tarixli, 7502/01 PBS nömrəli ipoteka müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh1 verilmiş kredit məbləğinin ipoteka predmeti Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 29.2 kv.m yaşayış, 12.6 kv.m yardımçı sahədən ibarət 41.8 kv.m ümumi sahədən ibarət 2 otaqlı mənzilidir və həmin əmlak 32000 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.05.2016-cı il tarixli, 7502 PBS nömrəli kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 25.06.2016-cı il tarixdən 25.05.2020-ci il tarixədək banka hər ay müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 82286,02 manat ödəməklə qaytarmalıdır. İş materiallarında olan 24.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı BOKT ASC-yə 12413,14 manat əsas, 1427,14 manat faiz borcu və 2000 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 15952,77 manat məbləğində kredit borcu var. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanı Cavabdeh2 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 27.10.2012-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 34-cü məhəllə ünvanında yerləşən, 20/13 nömrəli evin, 5 saylı mənzili İddiaçı BOKT ASCnin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanladığı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərlərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi tələb olunmuş, müqavilə üzrə yaranmış borc bildiriş alındığı vaxtdan 7 gün ərzində ödənilmədiyi təqdirdə qanunla müəyyən edilmiş qaydada ipoteka predmetinə borcun tutulması yönələcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan İddiaçı BOKT ASC-nin AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi idarəsinə ünvanladığı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ərizənin məzmunundan görünür ki, ipoteka predmeti olan ünvan 1 ünvanına tutmanın yönəldilməsi haqqında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 göndərilmiş bildirişin ünvana çatdırılmasını nəzərə alaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş olunmuşdur. İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə 17.02.2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 17.09.2021-ci il tarixli, 2(060)-2833/2021 saylı qərardadı ilə mülki iş baxılmamış saxlanmışdır. Həmin mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının rəyi alınmış və "xxxx" MMC tərəfindən Sumqayıt şəhəri, 34-cü məhəllə ünvanında yerləşən, 20/13 nömrəli evin, 5 saylı mənzili qiymətləndirilmişdir. İş materiallarında olan məhkəmə tərəfindən təyin edilmiş müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən verilmiş mənzilin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh2 məxsus olan, 34-cü məhəllə ünvanında yerləşən, 20/13 nömrəli evin, 5 saylı mənzilin 19.04.2021-ci il tarixə olan bazar dəyəri 50 000 manat, likvid dəyəri 40 000 manat təşkil edir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsi məqsədilə iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinə göndərilmiş və 31.08.2021-ci il tarixli, 9/2303 saylı ekspert rəyindən görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.05.2016-cı il tarixli, 7502 PBS saylı kredit müqaviləsi üzrə Cavabdeh1 17.02.2021-ci il tarixə 12312,01 manat əsas, 911,43 manat faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda ləğv edilə bilər. Həmin Məcəllənin 423.2-ci maddəsindən görünür ki, müqavilənin ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 427.3-cü maddəsinin tələbinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1. və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən Cavabdeh1 müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyinə əsasən 40.000 manat məbləğində müəyyən edilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsində göstərilir ki, opoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə ərizənin daxil olduğu gündən 1 ay müddətində baxır və həmin mübahisələrin həllinə dair qətnamə və ya qərardad çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılır və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılır. Qeyd edilən Qanunun 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 172.1.2-ci maddəsinə əsasən ipoteka müqaviləsindən irəli gələn mübahisələrə və iflas haqqında işlərə - 3 ay müddətindən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinin tələbinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2-ci maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə, işin hallarını, eyni zamanda, cavabdehin iddiaçıya olan ödənilməmiş borcunun məbləğini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə tənasübsüz olaraq yüksək miqdarda cərimə tətbiq edilmişdir və bu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə müvafiq olaraq tərəflərin qarşılıqlı mənafeyinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd olunan maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə tətbiq olunmuş cərimənin azaldılaraq 100 manat həddində saxlanılması tərəflərin əmlak vəziyyətlərinə uyğun hesab edilməlidir. Məhkəmə araşdırmaları zamanı təqdim edilmiş sənədlərlə və məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında 09.09.2015-ci il tarixli, 6165 PBS nömrəli kredit müqaviləsi bağlanmış, daha sonra həmin kredit müqaviləsi restruktrizasiya edilərək 24.05.2016-cı il tarixli, 7502 PBS nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə illik 20% hesablanmaq şərti ilə 61597 manat məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 34cü məhəllə ünvanında yerləşən, 20/13 nömrəli evin, 5 saylı mənzili İddiaçı BOKT ASC-nin xeyrinə yüklü edilmişdir. Həmin müqavilə bağlanarkən qanunun tələblərinə əməl edilmişdir. Cavabdeh1 İddiaçı BOKT ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etməmişdir. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən Cavabdeh1 24.05.2016-cı il tarixli, 7502 PBS saylı kredit müqaviləsi üzrə 17.02.2021-ci il tarixə olan borcu 12312,01 manat əsas, 911,43 manat faiz borcu olmaqla, cəmi 13223,44 manat təşkil edir. Məhkəmə belə qənaətə gəlir ki, espert rəyi nəzərə alınmaqla iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada 12312,01 manat əsas, 911,43 manat faiz, 100 manat cərimə borcu olmaqla, cəmi 13323,44 manat tutulmalıdır. Eyni zamanda məhkəmə, «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3.1-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 29.2 kv.m yaşayış, 12.6 kv.m yardımçı sahədən ibarət 41.8 kv.m ümumi sahədən ibarət 2 otaqlı mənzilinə tutma yönəldildikdə və o satıldıqda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ən geci bir ay ərzində mənzildən çıxarılmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, “İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun qeyd olunan maddəsinin tələbinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bundan başqa, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 29.2 kv.m yaşayış, 12.6 kv.m yardımçı sahədən ibarət 41.8 kv.m ümumi sahədən ibarət 2 otaqlı mənzilinə olan istifadə hüquqlarının itirilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı kimi bank cavabdehə qarşı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilməsi predmeti iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit və ipoteka müqavilələri çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək aid ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununda bankın cavabdehə qarşı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilməsi predmeti barədə iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Belə ki, həmin hüquqlar ipoteka predmetinə tutma yönəldilərək mənzil özgəninkiləşdiriləcəyi halda yeni mülkiyyətçiyə məxsusdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə 24.05.2016-cı il tarixli, 7502 PBS saylı kredit müqaviləsi üzrə 12312,01 manat əsas, 911,43 manat faiz, 100 manat cərimə, cəmi 13323,44 manat borc və 137,90 manat ödənilmiş dövlət rüsumu tutulub ödənilməli, tutma Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 29.2 kv.m yaşayış, 12.6 kv.m yardımçı sahədən ibarət 41.8 kv.m ümumi sahədən ibarət 2 otaqlı mənzilinə yönəldilməli, həmin mənzilin ilkin satış qiyməti 40.000 manat müəyyən edilməli, mənzil açıq hərracda satılmalı, borc ünvan 1 ünvanında yerləşən 29.2 kv.m yaşayış, 12.6 kv.m yardımçı sahədən ibarət 41.8 kv.m ümumi sahədən ibarət 2 otaqlı mənzilinin satışından əldə olunan vəsait hesabına İddiaçı BOKT ASC-nə ödənilməli, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumu qaydada icra edilməli, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 29.2 kv.m yaşayış, 12.6 kv.m yardımçı sahədən ibarət 41.8 kv.m ümumi sahədən ibarət 2 otaqlı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci bir ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılmalı, mənzil boşaldılmalı və banka təhvil verilməli, cavabdehlərdən ekspertiza tədqiqatının dəyəri qismində 100 manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, 137,90 manat ödənilmiş dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 24.05.2016-cı il tarixli, 7502 PBS saylı kredit müqaviləsi üzrə 12312,01 manat əsas, 911,43 manat faiz, 100 manat cərimə, cəmi 13323,44 (on üç min üç yüz iyirmi üç manat qırx dörd qəpik) manat borc və 137,90 (yüz otuz yeddi manat doxsan qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 29.2 kv.m yaşayış, 12.6 kv.m yardımçı sahədən ibarət 41.8 kv.m ümumi sahədən ibarət 2 otaqlı mənzilinə yönəldilsin, həmin mənzilin ilkin satış qiyməti (likvid dəyəri) 40000 (qırx min) manat müəyyən edilsin, açıq hərracda satılsın, satışdan əldə olunmuş pul vəsaiti hesabına İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 13323,44 (on üç min üç yüz iyirmi üç manat qırx dörd qəpik) manat məbləğində borc və 137,90 (yüz otuz yeddi manat doxsan qəpik) manat ödənilmiş dövlət rüsumu ödənilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə, qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Cavabdeh2 məxsus olan mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılsın, mənzil boşaldılsın və banka təhvil verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ekspertiza tədqiqatının dəyəri qismində 100 (yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar