Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-822/2024 08.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürə bilməyən 3-cü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı əmək fəaliyyətinə dair arayışın verilməsi vəzifəsinin üzərinə qoyulması tələbinə (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürə bilməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondu) dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək onun Sumqayıt Üst Trikotaj Fabrikində xx.xx.1998-ci ildən xx.xx.2002-ci il tarixədək əmək fəaliyyətinə dair arayışın verilməsi vəzifəsinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması və 50 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İddiaçı onun Sumqayıt Üst Trikotaj Fabrikində xx.xx.1998-ci ildən xx.xx.2002-ci il tarixədək əmək fəaliyyətinə dair arayışın verilməsi vəzifəsinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmasını tələb etməklə pensiya hüququ əldə etməsi məqsədini daşıyır. Məhkəmə qeyd edir ki, arayış aid olduğu şəxs barəsində nəyi isə təsdiq edir, yəni arayış özlüyündə aid olduğu şəxs üçün hər hansı öhdəlik yaratmır və onun üzərinə hər hansı vəzifə qoymur. Odur ki, hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilməlidir. Göründüyü kimi iddiaçı pensiya hüququnu əldə etməsi tələbi əslində mahiyyət etibarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etməlidir. Məhkəmə qeyd edir ki, baxılan işdə iddia tələbi üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə aiddir. Yuxarıda qeyd olunmuş müddəaların mənasından göründüyü kimi, iş mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi hazırkı mübahisənin predmeti hüquqi təbiətinə görə mülki mübahisələrdən fərqli olduğundan mülki icraat qaydasında baxıla bilməz. Çünki bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək İddiaçı pensiya çıxmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıya hazırkı mübahisənin həlli ilə bağlı ilk növbədə pensiyanın verilməsi ilə bağlı inzibati orqana müraciət etmək hüququ, inzibati orqan tərəfindən müraciəti müsbət həll olunmadığı təqdirdə isə həmin mübahisənin həlli üçün məhkəmə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Sumqayıt Üst Trikotaj Fabrikində xx.xx.1998-ci ildən xx.xx.2002-ci il tarixədək əmək fəaliyyətinə dair arayışın verilməsi vəzifəsinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması və 50 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-822/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-822/2024
08.02.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver