Məhkəmə qərarları › İş №2(060)-825/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-825/2021

19.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-825/2021 19.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər 4 saylı Notariat Оfisinə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər 4 saylı Notariat Оfisinə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci ildə vəfat etmiş mərhum həyat yoldaşı X6 məxsus miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, ərizəçinin həyat yoldaşı X8 vəfat edənə qədər ünvan 1 ünvanında onunla birlikdə yaşamış və xx.xx.2005-ci ill tarixdə vəfat etmişdir. X3 vəfat etdikdən sonra, ərizəçi onun dəfn mərasimini həyata keçirtmiş, qeyd olunan mənzilə dair kommunal ödənişləri etmişdir. Əri vəfat etdikdən sonra o, bu yaxınlarda evdə qalan sənədləri nəzərdən keçirərkən “xxxx” ASC-də mərhum ərinə məxsus olan hər birinin nominal dəyəri 20 manat olan 130 ədəd adi adlı səhmin olduğunu göstərən sənəd aşkar etmişdir. Bundan sonra o, Sumqayıt şəhər 4 saylı Notariat ofisinə müraciət edərək vərəsəlik hüquqularını rəsmiləşdirmək istəmişdir. Sumqayıt şəhər 1 saylı xüsusi notariat kontorunun xüsusi notariusu mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddəti buraxdığı üçün ona vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni verməkdən imtina etmişdir. O, qanunla müəyyən edilmiş müddət ərzində miras əmlakın qəbul edilməsi ərizəsi ilə notariusa müraciət etməmişdir. Hazırda miras qalmış əmlaka dair vərəsəlik hüquqlarının rəsmiləşdirmək üçün ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq lazımdır. Ərizəçi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Maraqlı tərəf Sumqayıt şəhər 4 saylı Notariat Оfisinin notariusu Q.C.Rüstəmov ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan : - Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X6 məxsus “xxxx” ASC üzrə hər birinin nominal dəyəri 20.00 (iyirmi) manat olan 130 (yüz otuz) ədəd adi adlı səhm xx xxxxxx 2005-ci il tarixindən onun mülkiyyətindədir. - Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx xxxxxxx 2020-ci il tarixinə X6 məxsus “xxxx” ASC üzrə hər birinin nominal dəyəri 20.00 (iyirmi) manat olan 130 (yüz otuz) ədəd adi adlı səhm girov öhdəlikləri ilə yüklənməmiş və həbsdə deyildir. - Evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Ərizəçi 1976-cı ilin avqust ayının 23-də ailə həyatı qurmuşdurlar. - 142824 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2005-ci ildə vəfat etmişdir. - Sumqayıt şəhəri 4 saylı Notariat Оfisində imzalanmış **********106 saylı ərizədən görünür ki, X9 mərhum atası X6 məxsus bütün əmlakdan ona çatası miras payını almaqdan imtina etmişdir. Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu X2 həmin ərizənin həqiqiliyini təsdiq etmişdir. - Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Ofisində imzalanmış **********857 saylı ərizədən görünür ki, X10 mərhum atası X6 məxsus bütün əmlakdan ona çatası miras payını almaqdan imtina etmişdir. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X7 həmin ərizənin həqiqiliyini təsdiq etmişdir. - Sumqayıt şəhəri 4 saylı Notariat Оfisinin 3076 nömrəli xx xxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Ərizəçi miras açıldığı gündən altı ay keçdikdən mirasın qəbuluna yol verilməməsi əsası ilə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1318-ci maddəsinə əsasən notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. İşin araşdırılan hallarından müəyyən olunur ki, X8 öldükdən sonra onun vərəsəsi Ərizəçi üzrlü səbəbdən vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət etməmişdir. Konstitusiyanın 29-cu maddəsinin 5-ci hissəsinə görə Dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X1 miras qalmış “xxxx” ASC üzrə hər birinin nominal dəyəri 20.00 (iyirmi) manat olan 130 (yüz otuz) ədəd adi adlı səhmin (əmlak) Ərizəçi tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 307, 311, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X1 miras qalmış “xxxx” ASC üzrə hər birinin nominal dəyəri 20.00 (iyirmi) manat olan 130 (yüz otuz) ədəd adi adlı səhminin Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar