Məhkəmə qərarları › İş №2(060)-827/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-827/2021

17.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-827/2021 17.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına zəbt edilmiş tikilinin boşaldılması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına zəbt edilmiş tikilinin boşaldılması tələbinə”dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin Sumqayıt şəhəri, 21-ci məhəllə, 25b/10 saylı binanın qarşısında yerləşən və onun tərəfindən inşa edilmiş tikilidən çıxarılmaları və həmin tikilinin onun istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən o, mülkiyyətində olmuş və Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 25b/10, mənzil 3-də yerləşən 2 otaqlı mənzilini Cavabdeh1 satmış və həmin mənzili satdıqdan sonra cavabdehə təhvil vermişdir. Həmin evin yaxınlığında o, öz şəxsi vəsaiti hesabına 1 otaqlı tikili inşa etmiş və tikinti aparmaq üçün əlavə bünövrə tökmüş, həmin əraziyə 1500 ədəddən də artıq mişar daşı tökməklə işıq çəkdirmiş, kanalizasiya, su və qaz xətti də quraşdırmaqla daş hasara almışdır. Bu barədə o, Sumqayıt şəhər İcra hakimiyyətinə də müraciət etməklə tikintiyə razılıq verilməsini xahiş etmiş, lakin torpağı satın almaq üçün dövlət rüsumunu ödəməyə imkanı olmadığı üçün həmin ərazinin onun adına rəsmiləşdirilməsi və tikintiyə icazənin verilməsi başa çatmamışdır. Cavabdeh onun xəbəri və razılığı olmadan həmin qapını açaraq qeyd edilən tikilini zəbt etmiş, onda olan məlumata görə həmin tikilini kirayəyə vermiş və öz şəxsi məqsədləri, gəlir mənbəyi kimi istifadə edir. O, dəfələrlə cavabdehdən həmin tikilini boşaltmasını tələb etsə də, cavabdehlər buna məhəl qoymamış və nəticədə məcburiyyət qarşısında qalaraq polisə, ərazi üzrə MİS-nə və s. təşkilatlara müraciət etmiş, lakin sonda ona bildirilmişdir ki, bu barədə məhkəməyə müraciət etməlidir. Qeyd edilən tikili onun şəxsi vəsaiti ilə inşa edilmiş və həmin ərazidə olan tikinti materialları da, onun əmlakı hesab edilir və onun sahibliyində, istifadəsində və sərəncamında olmuşdur. O, 2018-ci ilə kimi bu evdə qeydiyyatda olmuşdur. Onun oğlu vəfat etdiyi üçün xəstə, baş-beyin travması olan, səhhəti ilə bağlı hərbi xidmətdən təxris edilmiş nəvəsini öz qəyyumluğuna götürmüş və yaşayış yeri yoxdur, buna görə də cavabdehin həmin tikilini boşaltmasını və onun əməli istifadəsinə qaytarmasını istəyir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı Quliyev X1 şəhəri, 21-ci məhəllə, 25b/10 saylı binanın qarşısında yerləşən tikilinin onun mülkiyyətində olması barədə məhkəməyə heç bir mötəbər sübutlar təqdim etmədiyindən, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına zəbt edilmiş tikilinin boşaldılması tələbinə” dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına zəbt edilmiş tikilinin boşaldılması tələbinə” dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar