Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8298/2021 05.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Osmanova Pərvin Xudbəddin qızının Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Osmanova Pərvin Xudbəddin qızı Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu Qeydiyyat şöbəsi tərəfindən 29 may 2021-ci il tarixdə 53 № ilə qeydə alınmış onunla Cavabdeh arasında bağlanmış nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında 29.05.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu Qeydiyyat Şöbəsində 53 № ilə nikah qeydə alınmışdır. Nikah qeydiyyatından sonra toy edərək ailə qurmağı nəzərdə tutmuşdurlar. Lakin aralarında rəsmi nikah bağlandıqdan 10 gün sonra cavabdeh dəyişkən davranışlar göstərərək, fikrində ciddi olmadığını bildirərək iddiaçı ilə ailə qurmaq niyyətinin olmadığını bildirmişdir. Cavabdehin ailə qurmaq üçün fikrinin ciddi olmaması və dəyişkən xarakter nümayiş etdirməsi iddiaçını mənəvi cəhətdən sarsıtmışdır. Cavabdehlə aralarında olan söhbətdən sonra əldə etdiyi məlumata əsasən məlum olmuşdur ki, o müəyyən psixi xəstəlikdən əziyyət çəkdiyindən Respublika Psixiatriya Xəstəxanasında ambulator müalicə almışdır. Lakin onun qeyd edilən xəstəxanada müalicə almasını nikah bağlanmazdan əvvəl bilməmişdir. Belə bir hal olduğunu bildiyi halda qətiyyən razı olmazdı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X3 tərəfindən 15.07.2021-ci il tarixdə verilmiş 6075 №-li arayışa əsasən Cavabdeh 25.05.2021-ci il tarixdən 11.06.2021-ci il tarixinədək həmin xəstəxanada “Barotravma nəticəsində baş beyin silkələnməsi, şəxsiyyət dəyişikliyi, postkommosion sindrom və retroqrad amneziya ilə “ diaqnozu ilə müalicə edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, o, 2-ci Qarabağ müharibəsi iştirakçısıdır. Müharibədən sonra onun səhətində yaranan problemlə əlaqədar olaraq Respublika Psixiatriya Xəstəxanasında 25.05.2021-ci il tarixdən 11.06.2021-ci il tarixinədək “Barotravma nəticəsində baş-beyin silkələnməsi, şəxsiyyət dəyişikliyi, postkommosion sindrom və retroqrad amneziya diaqnozu ilə müalicə almışdır. Həqiqətəndə onun iddiaçı ilə ailə qurmaq niyyəti olmamış, valideyinlərinin təkidi ilə nikaha daxil olmuşdur. Ona görə də aralarında olan nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 29.05.2021-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 53 nömrə ilə qeydiyyat aparılmış, nikah bağlandıqdan sonra arvada Əlizadə soyadı verilmişdir. İşin araşdırılan halları və cavabdehin məhkəmə iclasında verdiyi izahat ilə müəyyən edilmişdir ki, cavabdeh nikaha daxil olarkən iddiaçı ilə ailə qurmaq niyyəti olmamış, valideyinlərinin təkidi ilə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra bunu iddiaçıya bildirmişdir. Cavabdeh məhkəmə iclasında hazırdada iddiaçı ilə ailə qurmaq niyyətinin olmadığını bildirmişdir. İddiaçı nikahın etibarsız sayılması tələbi ilə məhkəmədə iddiasını müdafiə edir, cavabdeh nikahın etibarsız sayılmasına etiraz etmir, razıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikaı Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri, Nərimanov rayonu Qeydiyyat Şöbəsi tərəfindən 29 may 2021-ci il tarixdə 53 № ilə qeydə alınmış Osmanova Pərvin Xudbəddin qızı ilə Cavabdeh arasında bağlanmış nikah etibarsız sayılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu Qeydiyyat şöbəsi tərəfindən 29 may 2021-ci il tarixdə 53 № ilə qeydə alınmış Cavabdeh ilə Osmanova Pərvin Xudbəddin qızı arasında bağlanmış nikah etibarsız sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-8298/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8298/2021
05.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver