Məhkəmə qərarları › İş №2(060)-8313/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8313/2021

23.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Mənəvi zərərin ödənilməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8313/2021 23.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sökülmüş tikilinin bərpa edilməsi və digər tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, Xəzər bağları massivi, bağ 798, ev 158-in cavabdeh tərəfindən sökülmüş hasarının, eyni zamanda evinin arxa divarının fasadının cavabdehin öz vəsaiti hesabına yenidən bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 aprel 2021-ci il tarixdə təxminən saat 19:00 radələrində iddiaçı yaşadığı evə gələn zaman cavabdehin ona məxsus evin hasarının, eyni zamanda ona məxsus evin arxa divarının cavadeh tərəfində uçurulduğunu görmüşdür. İddiaçı onun bu hərəkətləri barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermiş, faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin təhqiqatçısı polis baş leytenantı X3 tərəfindən araşdırılma aparılmış, 27 aprel 2021-ci il tarixdə cavabdehin əməlində cinayət tərkibinin olmaması səbəbindən cinayət işinin başlanması rəd edilmiş və iddiaçıya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçının evinin hasarı dağıdılmış, evinin divarının fasadı yararsız hala düşmüş, evin daxili divarlarında çatlar əmələ gəlmişdir. Bundan başqa arada olan hasar və onun tumbalarının bünövrəsi olduğu üçün hasarın sökülməsi nəticəsində evin bünövrəsi də ziyan çəkməkdədir. Hal-hazırda yağışların intensivləşməsi nəticəsində evin fasadının uçurulmuş hissəsində nəmlənmə gündən-günə artmaqdadır. Hazırda da cavabdeh qanunsuz əməllərini davam etdirir, bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi. O, həmçinin bildirdi ki, iddiaçı hal-hazırda yaşadığı evi aldığı vaxt evin yerləşdiyi həyət hər tərəfdən hasarla əhatə olunmuşdu. Eyni zamanda cavabdehin həyəti ilə iddiaçının həyəti arasında hasar var idi. İddiaçının həyəti ilə qonşu olan və hazırda cavabdehə məxsus həyət sahəsi iddiaçı həmin evi və həyəti alarkən cavabdehə məxsus olmayıb. Cavabdeh həmin ərazini təxminən 1 ildir ki, alıb. İddiaçı özü həmin evə 2017-2018-ci illərdə köçmüşdür. Mübahisə olunan yer ortada, iddiaçının evi ilə cavabdehin həyətinin arasında olan ərazi idi. Cavabdeh həmin ərazini alaraq hasarı sökmüş və əvəzinə iddiaçının evinin onların həyətinə baxan divarını özünə divar etmişdir. Həmin ərazidə yardımçı tikililər olmuşdur. Həyətin çox əvvəllər çəkilmiş fotoşəklində cavabdehin həyətində hasarla azacıq məsafədə ağac olduğu görünür. Əgər cavabdehin dediyi kimi orada tövlə olmuş olsaydı ağac bu qədər yaxın məsafədə ola bilməzdi. İddiaçının evi ilə cavabdeh sökdüyü hasarın arasında plastik materialdan ayırıcı üzlük çəkilmişdi. Hasarı sökərkən cavabdeh həmin üzlüyü də sökmüşdür. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçının məhkəməyə bundan öncəki müraciətində onun nümayəndəsi ilə razılığa gəlinmiş və iddia baxılmamış saxlanılmışdır. Lakin daha sonra iddiaçı öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi. Mübahisəli divar cavabdehin divarıdır. Cavabdeh evini sökdükdən sonra mübahisələr başlamışdır. O, artıq 15 ildir ki, həmin evdə yaşayır. İddiaçı isə qonşuluqdakı evə sonradan köçüb. Torpaq sahəsi əvvəl başqa mülkiyyətçiyə məxsus idi. Daha sonra makler həmin sahədə evi tikərkən qanunvericilikdə nəzərdə tutulmuş ara məsafəni gözləməmişdir. O, iddiaçı ilə aralarında olan hasarı sökməyib. Belə ki, onun aldığı ərazidə iddiaçının evinə demək olar ki bitişik tövlə var idi. İddiaçının hasar adlandırdığı isə həmin tövlənin arxa divarıdır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1980-ci ildə, Yardımlı rayonunda anadan olmuşdur. O hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1972-ci ildə anadan olmuşdur, ünvan 2 ünvanında qeydiyyatdadır. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 27 aprel 2021-ci il tarixli qərarla iddiaçının şikayəti əsasında toplanmış material əsasında cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına foto-şəkillər əlavə edilmişdir. İddiaçı bundan əvvəl dəymiş maddi və mənəvi ziyanın cavabdehdən tutulması barədə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və sonradan iddia ərizəsinin geri qaytarılması barədə ərizə əsasında iddia ərizəsi baxılmamış saxlanmışdır. Həmin mülki iş üzrə mübahisəli əraziyə keçirilmiş yerində baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdehə məxsus torpaq sahələri qonşu sahələrdir. İddiaçıya məxsus evin arxa hissəsində, cavabdehə məxsus torpaq sahəsində hansısa söküntü işləri aparılmışdır. İddiaçının bildirdiyinə görə burada onun evi ilə cavabdehin torpaq sahəsi arasında hasar olmuş və cavabdeh hasarı evin sonuna kimi sökmüşdür. Söküntü zamanı evin divarı ilə hasar arasında olan plastik ayırıcı hissə də dağıdılmışdır. Baxış zamanı iddiaçıya məxsus evin divarında da plastik materialların qalıqlarının olduğu müəyyən edilmişdir. İddiaçının evinin sonundan iki həyətin qurtaracağına kimi hasar mövcuddur. İşin məhkəmə baxışı zamanı şahid kimi ifadə vermiş X5 öz ifadəsində bildirmişdir ki, iddiaçı ilə qonşudur. O, 2009-cu ildən bəri həmin ərazidə yaşayır. Cavabdehlə heç bir tanışlığı yoxdur. Hal-hazırda iddaçının evinin yerləşdiyi torpaq sahəsini o, maklerə satmışdır. Həmin vaxt torpaq sahəsində ev yox idi. Torpaq sahəsi hər tərəfdən hasara alınmışdı. İşin məhkəmə baxışı zamanı şahid kimi ifadə vermiş X4 öz ifadəsində bildirmişdir ki, o, evlərin alqı-satqısı ilə məşğuldur. 2018-ci ilin may ayında hal-hazırda iddiaçının yaşadığı evin torpaq sahəsini almışdır. O, torpaq sahəsini Fariz adlı şəxsdən almışdır. Həmin vaxt ərazi yalnız torpaq sahəsindən ibarət idi, heç bir tikili yox idi, yalnız həyətində bir neçə ağac var idi və torpaq sahəsi hər bir tərəfdən hasarla əhatəli idi. Daha sonra isə həmin torpaq sahəsində qanunverciliyin tələblərinə və normalarına uyğun olaraq iddiaçının evini tikmişdir. O, cavabdehi uzun müddətdir tanıyır, uzun müddətdir ki, qonşudurlar. Cavabdeh hal-hazırda mübahisəyə səbəb olan və iddiaçının qonşuluğunda yerləşən torpaq sahəsini bir ildir ki, alıb. Həyətin əvvəlki sahibi iddiaçının həyət sahəsinə məxsus olan hasarın bir hissəsini öz tikilisinin divarı etmişdir. Kənardan baxan istənilən bir şəxs həmin divarın hasar olduğunu asanlıqla anlaya bilər. O, torpağı alanda həmin hissədə köhnə bir tikili var idi. Əgər cavabdehin dediyi kimi həmin sahə onun evinin divarı olsa idi, onda evini sökən zaman hasarın onun həyətinə aid olan hissəsini tamamilə sökməli idi, lakin cavabdeh yalnız hasarın bir hissəsini söküb. Cavabdehin tövlə adlandırdığı tikili hasar boyunca təxminən 5 metr məsafədə söykənmişdir. Qalan hissədə isə hasara söykənən divar yoxdur. Evin təsdiq olunmuş layihəsində də ev hasara söykənməyib, aralıda yerləşir. Bundan əlavə hasara yaxın ərazidə cavabdehin həyətində tut ağacı da var idi, lakin cavabdeh tərəfindən ağac kəsilmişdir. İşin məhkəmə baxışı zamanı şahid kimi ifadə vermiş X7 öz ifadəsində bildirmişdir ki, cavabdehi və iddiaçını tanıyır. İddiaçının evinin tikilməsində usta kimi çalışmışdır. Həmin zaman evlər arasında hasar var idi və suvaqlı vəziyyətdə idi. Digər torpaq sahəsində də tikili var idi. İşin məhkəmə baxışı zamanı şahid kimi ifadə vermiş X10 öz ifadəsində bildirmişdir ki, cavabdehi və iddiaçını tanıyır. İddiaçının evində usta kimi işləmişdir. Bu evin tikintisinə 2018-ci ildən başlamışlar, lakin ay və gün dəqiqliklə yadında deyildir. İddiaçının torpaq sahəsinin ətrafında hasar var idi. Onlar hasarla ev arasında olan məsafəni penoplastla doldurmuşlar. İşin məhkəmə baxışı zamanı şahid kimi ifadə vermiş X6 öz ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdehi tanıyır. Özü də həmin ərzidə yaşayır. Cavabdeh həmin ərazidə bildiyi qədərilə 1970-ci illərdən bəri yaşayır və onun torpaq sahəsində olan köhnə tikili 15-20 ildir ki, tikilmişdir. Həmin tikili bütün torpaq sahəsi boyunca uzanırdı və cavabdeh həmin tikiliyə məxsus olan divarı sökmüşdür. Özü həmin ərazidə 1990-cı illərdən bəri yaşayır. Lakin həmin ev daimi yaşayış yeri deyil, bəzən gəlib orada qalır. Köhnə vaxtlardan həyətlərin orta hissəsindən hasarlar çəkilmişdi və kimin həyətinin sahəsinin nə qədər olduğu asanlıqla görünürdü. Cavabdehin köhnə tikilisinin arxasında hasar var. Hasardan sonra isə iddiaçının evi yerləşir. İddiaçı ilə cavabdehin evlərinin arasında tut ağacı da olmuşdu. Tut ağacı cavabdehin həyət sahəsinə düşürdü. Hal-hazırda ağac kəsilmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş X11 bildirmişdir ki, iddiaçını və cavabdehi tanıyır. Özü də həmin ərazidə yaşayır, hər iki tərəf qonşusudur. Əvvəl həmin ərazidəki 20 sota yaxın torpaq sahəsi onun mərhum dostuna məxsus olmuşdur. Hal-hazırda cavabdehə məxsus olan yeni torpaq sahəsini Nəriman müəllimə satmışdı və beləliklə, cavabdehlə Nəriman müəllim qonşu olmuşdu. Cavabdeh yeni torpaq sahəsini, təxminən 3 sota yaxın sahəni 2007-2008-ci illərdə aldı. İddiaçıya məxsus olan torpaq sahəsi isə Cavidə satıldı. Cavabdehin torpaq sahəsində olan ev köhnə idi və onun qabaq hissəsində tövlə var idi. Cavabdehin həyətinə girən zaman sağ tərəfdə tövlə, yəni köhnə tikili, ondan sonra isə hasar yerləşir. Evin yanında əvvəllər tut ağacı da var idi, lakin daha sonra ağacı cavabdeh kəsib. Kəsilməzdən öncə isə tut ağacı yerləşirdi, tut ağacında sonra hasar yerləşirdi. Bir qonşu kimi onun hər iki tərəflə münasibəti yaxşıdır. Lakin iddiaçının aldığı ev qanunvericiliyin normalarına və tələblərinə zidd tikilib. Bütün mübahisəyə səbəb olan da budur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır (170.1.). Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır (170.2.). İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflərə məxsus olan torpaq sahələri qonşu torpaq sahələridir. Həmin sahələr arasında olan və iddiaçıya məxsus fərdi yaşayış evinin arxa hissəini əhatə edən tikili cavabdeh tərəfindən sökülmüşdür. İddiaçı həmin tikilinin onun evi ilə cavabdehin həyətyanı sahəsi arasında hasar olduğunu bildirir. Cavabdeh isə həmin tikilinin hasar deyil, ona məxsus həyətdə yerləşən tikililərin arxa divarı olduğunu qeyd edir. Mülki Məcəllədə göstərilir ki, hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın (176.1.). Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz (176.2.). Əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir (176.3.). Hazırkı halda tərəflərə məxsus həyətyanı sahələr arasında mövcud olmuş tikilinin həyətyanı sahələri ayıran hasar olmasının sübut edilməsi vəzifəsi iddiaçının üzərinə düşür. İş üzrə ifadə vermiş şahidlərdən iddiaçıya məxsus həyətyanı sahənin əvvəlki sahibləri olan X5 və X4 öz ifadələrində iddiaçıya məxsus həyətyanı sahənin hər tərəfdən hasarla əhatə olunduğunu və cavabdehlə qonşu ərazidə hasarın mövcud olduğunu, cavabdehə məxsus həyətin əvvəlki sahibinin hasardan öz tikilisinin arxa divarı kimi istifadə etdiyini bildirmişlər. İddiaçıya məxsus evin tikintisində usta kimi fəaliyyət göstərmiş X10 və X7 da ifadələrində torpaq sahələri arasında hasarın mövcud olduğunu təsdiq etmişlər. Eyni zamanda şahid X11 ifadəsində hazırda cavabdehə məxsus həyətdə darvazadan sağ tərəfdə tövlə və hasarın olduğunu təsdiq etmişdir. X1 cavabdehin özünə məxsus tikililəri sökdüyünü bildirsə də, ifadəsində ziddiyyətə yol verərək tikilidən başqa tərəflərə məxsus həyətyanı sahələr arasında hasar olduğunu da bildirmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Göründüyü kimi tərəflərə məxsus həyətyanı sahələr arasında hasarın mövcud olması və həmin hasarın cavabdeh tərəfindən sökülməsi iş üzrə şahid ifadələri və tədqiq edilmiş digər sübutlarla müəyyən edilir. Eyni zamanda cavabdeh tərəfindən hasar sökülərkən iddiaçıya məxsus evlə hasar arasında olan plastik ayırıcı da sökülmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, torpaq sahələri arasında olan hasar və iddiaçının evinin fasadı cavabdeh tərəfindən öz vəsaiti hesabına bərpa edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, Xəzər bağları massivi, bağ 798, ev 158-in sökülmüş hasarı və həmin evin arxa divarının fasadı Cavabdeh tərəfindən öz vəsaiti hesabına bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar