Məhkəmə qərarları › İş №2(060)-8336/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-8336/2025

19.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-8336/2025 19.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi ilə, İddiaçı Ərizəçi cavabdeh 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun, xx.xx.1962-ci ildə Ermənistan SSR, Krasnoselo rayonu, Çaykənd kəndində anadan olmuş Ərizəçi barəsində doğumun qeyd edilmə faktının müəyyən edilməsi və ona doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında şəhadətnamənin soyadı, adı və ata adı qrafasında Ərizəçi, doğulduğu kənd qrafasında Çaykənd kəndi, doğulduğu rayon qrafasında Krasnoselo rayonu, doğulduğu Respublika qrafasında Ermənistan Respublikası, ata adı qrafasında X1, ana adı qrafasında X2, milliyyəti qrafasında azərbaycanlı yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsi icraata qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, hazırki işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Belə ki, iddia tələbindən göründüyü kimi iddiaçının tələbi doğum faktının müəyyən edilməsi və doğum haqqında akt qeydində düzəliş edilməsi ilə bağlıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati orqana qarşı irəli sürlümüş tələblə bağlı işin ümumi və ya inzibati məhkəməyə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti”nə dair 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndi ilə qiymət verilərək göstərilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırki işdə də iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı mövcud doğum haqqında akt qeydində düzəliş edilməsini məhkəmədən xahiş edir ki, bu növ işlərə mülki məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsi hazırki iddiaya mülki məhkəmə icraatı qaydasında baxmağa səlahiyyətli deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. İddiaçıya izah olunsun ki, müvafiq tələbi ilə bağlı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Ərizəçi cavabdeh 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Ərizəçi cavabdeh 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun, iddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçıya rəsmi qaydada təqdim olunsun. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar