Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8382/2021 10.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 34-cü məhəllə, 16/15 saylı evin, 36 nömrəli mənzilindən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, iddiaçı 04.02.2016-cı il tarixdən Sumqayıt şəhəri, 34-cü məhəllə, 16/15 saylı evin bir otaqlı, 30.2 kv.metr sahəsi olan 36 saylı mənzilinin xüsusi mülkiyyətçisidir. Həmin mənzil ona anası X1 miras qalmışdır. İddiaçı və qardaşı X5 Sumqayıt şəhərində böyüyüb boya-başa çatmış və orta məktəbi Sumqayıt şəhərində bitirmişlər. İddiaçı ailə qurub hal-hazırda Şimali Osetiya-Alaniya Respublikası, Alaqirskiy rayonu, Mayramadaq kəndi, Dzuseva küçəsi 45 nömrəli evdə yaşayır. Qardaşı Vitaliy isə Vladikafqaz şəhərində yaşayır. Cavabdeh rəsmi nikah qeydiyyatı olmadan iddiaçının anası ilə Sumqayıt şəhəri, 34-cü məhəllə, 16/15 saylı evin 36 saylı mənzilində yaşamışdır. 2015-ci ildə anası vəfat etdikdən sonra bu günə kimi həmin mənzildə yaşamaqda davam edir. Anası öləndən sonra bir neçə il mənzili tərk etməsi barədə ona heçnə deməmiş, düşünmüşlər ki, cavabdeh özü könüllü mənzili tərk edəcəkdir. 2019cu ildə analarının məzarını ziyarət etmək üçün qardaşı ilə Sumqayıt şəhərinə gəlmiş və qardaşı həmin vaxt Cavabdeh mənzili boşaldıb iddiaçıya təhvil verməsini xahiş etmiş cavabdeh bundan imtina etmişdir. Mənzilin israrla satılmasını və onun payının verilməsini tələb etmiş və özünə yataqxana alacağını bildirmişdir. İddiaçı mənzilin satılmasını istəmir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, onun yaşadığı mənzil iddiaçıya məxsusdur. Lakin onun mübahisəli mənzildən başqa yaşamağa başqa yaşayış sahəsi yoxdur. O , iddiaçının anası ilə birlikdə bu evdə yaşamış, evi öz pulu ilə təmir etdirmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 34-cü məhəllə, 16/15 saylı saylı evin, 36 nömrəli mənzili İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat Birliyi 18 saylı MKS tərəfindən verilmiş 28.09.2021-ci il tarixli, 562 nömrəli arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 34-cü məhəllə, 16/15 saylı evin, 36 nömrəli mənzilində qeydiyyatsız yaşayır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, qanunun qeyd olunan tələbinə uyğun qaydada iddiaçı tam şəkildə mənzil hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı cavabdehin həmin mənzildə yaşaması ilə məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların həyata keçirilməsinə cavabdeh maneçilik törədir. Məhkəmə, hesab edir ki, qeyd edilən halda tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsi tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda, İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən cavabdehlərin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə mənzil üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etmişdir ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, 28.11.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyrimümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh oğlu Sumqayıt şəhəri, 34-cü məhəllə, 16/15 saylı saylı evin, 36 nömrəli mənzilindən çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 34-cü məhəllə, 16/15 saylı evin, 36 nömrəli mənzilindən çıxarılsın. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-8382/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8382/2021
10.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver