Məhkəmə qərarları › İş №2(060)-8406/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8406/2021

06.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8406/2021 06.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzilə olan istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə olan istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılmaya dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun iradəsindən kənar mülkiyyətində qeydiyyatda olan Cavabdeh ünvan 1 ünvanında yerləşən mülkiyyətindən qeydiyyatdan çıxardıb mükiyyəti üzrə Konstitusion hüququ olan sərəncam vermə hüququnun bərpa olunmasına şərait yaradılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olan Cavabdeh qeyd etdiyi mənzildən istifadə hüququna xitam verilməsi və həmçinin xitam verilməni əsas götürərək qeydiyyatdan çıxarılmaya dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06.12.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin qeydiyyatdan çıxarılmaya dair hissəsinə münasibətdə iş üzrə icraata xitam verilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanına 16.10.2019-cu il tarixdən tam sahibdir. Belə ki, ********** qeydiyyat nömrəli Daşınmaz əmlakın dövlət reyestrində 373 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa malikdir. Yuxarıda qeyd olunduğu kimi mülkiyyətin ona aid olmasına baxmayaraq o, öz mülkiyyəti üzərində sərbəst sərəncam verə bilmir. Belə ki, tanımadığı xx.xx.1969-cu il doğum tarixli Cavabdeh onun mülkiyyəti üzərində sərəncam vermə hüququnu məhdudlaşdırır. Şəxsin onun evində qeydiyyatda olması həm onun əlavə kommunal rüsumlar verməyinə (zibil pulu, su pulu, mənzil kirayəsi) səbəb olur, eləcə də mülkiyyətindən sərbəst istifadə etməyini məhdudlaşdırır. Mülkiyyəti satmaq və ya kirayə vermək istədikdə şəxsin onun evində olması ona problemlər yaradır. Bunları nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh iş materiallarında olan poçt ünvanına məktub ünvanlanmış, məktub üzərində “Bu ünvanda yaşamır” poçt qeydi yazılaraq məhkəməyə geri qaytarılmışdır. Bu səbəbdən Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, 4 saylı evin 23 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********* qeydiyyat nömrəsi ilə 16.10.2019-cu il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 13.07.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 12-ci mikrorayon, 4 saylı evin 23 saylı mənzilində qeydiyyatdadır. Göründüyü kimi, İddiaçı adına Sumqayıt şəhəri, 12-ci mikrorayon, 4 saylı evin 23 saylı mənzilinə hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməklə, o, həmin evə mülkiyyət hüququ əldə etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun qalması İddiaçı göstərilən mənzillə bağlı mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Belə məlumat olmadıqda isə, yaşayış yerini dəyişmiş şəxs məhkəmə qətnaməsi ilə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh Sumqayıt şəhəri, 12-ci mikrorayon, 4 saylı evin 23 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır (217.4). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 12-ci mikrorayon, 4 saylı evin 23 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar