Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8415/2021 27.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Vəkil2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Vəkil1 Rufulla qızının iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı «qanunsuz zəbt olunmuş bağ sahəsindən çıxarılma» tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı «bağçının üzvlük kitabçasının və protokolun etibarsız hesab edilməsi və torpaq sahəsinə qanunsuz müdaxilələrə son qoyulması» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt olunmuş bağ sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Sumqayıt şəhəri, Xəzri yaşayış massivində yerləşən 27 saylı bağ sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, 2007-ci ilin əvvəlində Xəzər Bağçılıq cəmiyyətinə ərizə ilə müraciət edərək həmin bağçılıq cəmiyyətinə üzv qəbul edilməsini xahiş etmişdir. Xəzər Bağçılıq cəmiyyəti idarə heyətinin üzvlərinin yığıncağı ilə 18.02.2007-ci il tarixli 5 saylı protokola əsasən həmin cəmiyyətə üzv qəbul edilərək ona 800 kv.metr torpaq sahəsi olmaqla 27 saylı bağ sahəsi ayrılmışdır. 18.02.2007-ci il tarixdə «Xəzər bağçılıq» cəmiyyətinin qərarına əsasən o, bağçılıq cəmiyyətinə üzv qəbul edilərək 27 saylı bağ sahəsi verilmişdir. Həmin bağ sahəsi onun qanuni sahibliyində olmasına baxmayaraq, Cavabdeh həmin bağın ona məxsus olduğunu iddia edərək qanunsuz olaraq 27 saylı bağı zəbt etmiş və ona məxsus bağ sahəsinə daxil olmağına imkan vermir. Qeyd edir ki, hazırda həmin ərazi Xəzri yaşayış massivi adlanır. Cavabdeh ona məxsus 27 saylı bağ sahəsini qanunsuz zəbti nəticəsində onun həmin bağdan çıxarılması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “bağçının üzvlük kitabçasının və protokolun etibarsız hesab edilməsi və torpaq sahəsinə qanunsuz müdaxilələrə son qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin olunaraq İddiaçı adına verilmiş bağçının üzvlük kitabçasının və üzvlüyə qəbul edilməsinə dair 18.02.2007-ci il tarixli protokolun etibarsız hesab edilməsi, istifadəsində olan torpaq sahəsinə müdaxiləyə son qoyulması və dövlət rüsumu kimi köçürdüyü 100 manat pulun, hüquqi yardımla bağlı köçürdüyü 111 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəf məhkəmədə ona qarşı iddia qaldırmaqla «Xəzər» bağçılıq yoldaşlığı Cəmiyyətinin 18.02.2007-ci il tarixli Qərarına əsasən ona verilmiş 27 saylı sahəsi 800 kv.m. olan bağ sahəsindən çıxarılmağını xahiş etmişdir. O, iddia tələbini qəbul etmir və qarşılıqlı iddia tələbi ilə müraciət edərək bildirir ki, iddiaçının əlində əsas kimi tutaraq bu gün ona qarşı iddia qaldırdığı kitabçanın ona 2007-ci ilin fevral ayında verildiyini və həmin tarixdə cəmiyyətə üzv qəbul olunduğunu göstərmişdir, halbuki qeyd edilən vaxtlarda o, Rusiyada yaşamış, Azərbaycanda olmamışdır. Bundan başqa, onun nə «Xəzər» bağlarında, nə də «Xəzri» bağlarında torpaq sahəsi olmamış və cavabdehin bu gün onun çıxarılmasını iddia etdiyi, faktiki olaraq «Xəzri» yaşayış massivinə aid edilən, sahəsi 950 kv.m. olan torpaq sahəsinə hər hansı bir aidiyyəti yoxdur. Belə ki, o, 1991-ci ildən bu torpaq sahəsini faktiki olaraq tutmuş və istifadə edir, bu ərazidə o, yüzlərlə meyvə ağacı əkmişdir. Əgər həqiqətən də 2007-ci ildən bu torpaq sahəsi cavabdehə verilmişsə nə üçün keçən bu 15 il ərzində o, həmin torpaq sahəsini axtarmamış və bununla bağlı iddia qaldırmamışdır. Onun istifadəsində olan sahə «Xəzri» yaşayış massivinin tərkibində olmaqla onun «Xəzər» KBYna hər hansı bir aidiyyəti yoxdur və o, bununla bağlı həmin cəmiyyətdə olmuş, araşdırılmış, müəyyən edilmişdir ki, iddiaçının adı ümumiyyətlə qeydiyyat kitabına daxil edilməmişdir, bu saxta kitabçanı ona keçmiş cəmiyyət sədri olmuş və dünyasını dəyişmiş H.Camalov adlı şəxs vermişdir. Onu da qeyd edir ki, «Xəzər» BYC-nə yalnız vətəndaşların işlədiyi müəssisələrin həmkarlar İttifaqlarının müvafiq Protokolları əsasında bağ sahəsinə ehtiyacı olan şəxslər üzvlüyə qəbul olunur və onlara ayrılmış bağ sahəsinin təhkim aktları tərtib olunaraq təqdim edilir. Lakin qarşı tərəf bu saxla kitabçanı əlində əsas tutaraq idida edir ki, guya həmin kitabçada göstərilən ərazi bu gün onun faktiki istifadəsində olan ərazidir, halbuki iddiaçı bunu təsdiq edən hər hansı bir sənədi təhkim və ya ayrıc aktı, torpağın plan və ölçüsünü təqdim etməmişdir. O, bu torpaq sahəsindən istifadə etməklə bələdiyyə vergilərini ödəyir və bundan başqa həmin torpaq sahəsinə su xətti çəkdirmişdir. Onu da qeyd edir ki, qarşı tərəf dəfələrlə onun bağının qıfılını qırmış, qapısını sökərək aparmış və o, bununla bağlı AR DİN-nin 102 xidmətinə və polisə də şikayət etmişdir. Bu şəxsin məqsədi onun bağını əlindən almaq, sataraq başqa şəxslərə olan borcunu ödəməkdir. O, onkoloji xəstəlikdən əziyyət çəkir, 2-ci qrup əlildir, iddiaçının bu hərəkətləri ona ağır təsir etmişdir. İddiaçı hazırda əlində bu saxta kitabçanı əsas tutaraq hər yerə təqdim edir və onun 30 ildən artıq müddətdə baxaraq qulluq etdiyi bu bağın ona məxsus olduğunu bildirir, halbuki bu bağın ona heç bir aidiyyəti yoxdur. Cavabdehin bu gün ona qarşı məhkəmədə iddia qaldırmasına əsas kimi istinad etdiyi bağçının üzvlük kitabçası və protokol saxta olduğu üçün etibarsız hesab edilməli və iddiaçının onun istifadəsində olan torpaq sahəsinə qanunsuz müdaxiləsinə son qoyulmalıdır. Onu da qeyd edir ki, tərəfindən Sumqayıt şəhər Bələdiyyəsinə verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, Xəzri yaşayış sahəsinə aid olan ərazi ilə «Xəzər» bağlar sahəsinə aid olan ərazi müxtəlif sahələri əhatə edir, yəni iddiaçının əlində əsas tutduğu kitabçanın ona məxsus torpaq sahəsinə hər hansı bir aidiyyəti yoxdur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbi əsassız olduğu üçün rədd edilməsini xahiş etdi. Həmçinin qarşılıqlı iddiaya dair etiraz ərizəsi təqdim edərək qarşılıqlı iddia üzrə iddiaçının həmin bağ sahəsinə qeyri qanuni yolla sahiblik etdiyini, belə bir iddia ilə müraciət etmək üçün hüquqi əsası olmadığını göstərdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi qarşılıqlı iddia ərizəsində göstərilənləri müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, mübahisə predmeti olan ərazi ilkin iddia üzrə cavabdehin faktiki sahibliyində və istifadəsindədir. Həmin torpaq sahəsi ilkin iddia üzrə cavabdeh tərəfindən zəbt edilmişdir və 30 ildən artıqdır ki, bağ sahəsi kimi istifadə olunur, həmin torpaq sahəsinin cavabdehin istifadəsinə qanuni əsaslarla ayrılmasına dair heç bir sənədi yoxdur, cavabdehin bu sahə ilə bağlı əmlak hüquqları qeydə alınmamışdır. Eləcə də göstərdi ki, ilkin iddia tələbini qəbul etmir və rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia rədd olunmalıdır. Mülki iş materiallarında olan: “Xəzər” Bağçılıq Yoldaşlığı tərəfindən verilmiş X1 görünür ki, Sumqayıt şəhəri Səməd Vurğun küçəsinin sonunda Bağşılıq cəmiyyətinin sahəsindən 800 m2 olan 27 nömrəli bağ torpaq sahəsi Sumqayıt şəhər XDS-in 16.08.1986-cı il tarixə qeydə alınmış müqaviləsinə əsasən İddiaçı daimi istifadəsinə verilmişdir. Xəzər bağçılıq Yoldaşlığı cəmiyyəti idarə Heyyətinin 5 saylı protokolundan 18.02.2007-ci il tarixli Çıxarışdan görünür ki, 800 m2 torpaq sahəsindən ibarət № 27 saylı bağ ərazisi İddiaçı ayrılması, “Xəzər” bağlarında bağı olduğu və yaşadığı nəzərə alınaraq Bağçılıq Yoldaşlıq cəmiyyətinə üzv qəbul edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş 07.10.2021-ci il tarixli 893 saylı vəkil sorğusuna 18.10.2021-ci il tarixli, 3179 saylı cavabından görünür ki, “Xəzər” və “Xəzri” Sumqayıt Bələdiyyəsinin təşkil etdiyi yerli məhəllə komitələri fəaliyyət göstərir. Xəzər bağçılıq və Xəzri adlanan ərazilərin diskolasiyası Sumqayıt Bələdiyyəsində mövcud deyildir. Sumqayıt şəhər Bələdiyyəsi “Xəzri” Məhəllə Komitəsinin 272 saylı 27.10.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh həqiqətən Sumqayıt şəhər “Xəzri” MK-nın ərazisində yaşayır. Onun qəsəbə ərazisində S.Vurğun küçəsində dəniz tərəfdə əlavə olaraq 9,5 sot istifadə olunan torpaq sahəsi vardır. Sumqayıt şəhər Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsinin 36 saylı 30.10.2021-ci il tarixli arayışından görünür ki, Bağçılıq Cəmiyyətinin üzvü olan siyahıda İddiaçı adına 27 saylı bağ yoxdur. Bu barədə heç bir məlumat yoxdur. Cəmiyyətin ərazisi Kimyaçılar qəsəbəsindən sürücülük məktəbinin arxasına qədər ərazini təşkil edir. Sumqayıt şəhər Bələdiyyəsi “Xəzri” Məhəllə Komitəsinin 293 saylı 22.12.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı adına Sumqayıt şəhər “Xəzri” MK-nın ərazisində torpaq sahəsi yoxdur. Sumqayıt şəhər Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsinin 09 saylı 21.12.2021-ci il tarixli arayışından görünür ki, 1 saylı Məhəllə Komitəsinin ərazisi Kimyaçılar qəsəbəsindən Sürücülük məktəbinə qədər S.Vurğun küçəsinin dəniz tərəfi daxil olmaqla əhatə olunur. Bu ərazidə Xəzri yaşayış massivi yoxdur. İddiaçı adına olan 27 saylı bağ sahəsi barədə onlarda heç bir məlumat yoxdur. Beləliklə, göründüyü kimi mülki iş iki – ilkin və qarşılıq iddia tələblərindən ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilkin iddia üzrə iddiaçı mübahisə predmeti olan bağ torpaq sahələrinin qanuni əsaslarla onlara ayrıldığını və cavabdeh tərəfindən həmin torpaq sahələrinə müdaxilə olunduğunu, istifadə olunduğunu iddia edir və cavabdehin həmin sahədən çıxarılmasını tələb edir. İddiaçı iddia tələbinin əsası olaraq “Xəzər” Bağçılıq Yoldaşlığı tərəfindən verilmiş X2 istinad etmişdir. Cavabdeh tərəf iddiaya etiraz edərək həmin torpaq sahəsinin iddiaçıya məxsus olmadığını, torpaq sahəsini 30 ildən artıqdır istifadə etdiyini, orada ağac əkib bağ sahəsi saldığını, bu müddət ərzində iddiaçının torpaq sahəsinin ona məxsus olması barədə heç bir iddiası olmadığını bildirdi. Göründüyü kimi hazırki mübahisənin obyekti qismində torpaq sahəsi və onun üzərində hüquqlar, fiziki şəxslər olan tərəflər arasında torpağa sahiblik, torpaqdan istifadə ilə bağlı münasibətlər çıxış edir. Bu baxımdan məhkəmə hesab edir ki, araşdırılan mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Torpaq Məcəlləsinin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin: 238.1 daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 241.2 Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Torpaq Məcəlləsinin: 4-cü maddəyə əsasən torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. 5-ci maddəyə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 68-ci maddəyə əsasən Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 80-ci maddəyə əsasən torpaq mülkiyyətçilərinin torpaq sahəsi üzərində torpağın məqsədli təyinatına uyğun olan yaşayış evləri, istehsal, mədəni-məişət təyinatlı və digər tikililər və qurğular inşa etmək hüquqları vardır. 111-ci maddəyə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Şərh olunan hüquq normalarının məzmunundan göründüyü kimi torpaq sahəsi üzərində hüquq bilavasitə torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən sonra yaranır. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində həmin sahələrin sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks olunmalıdır. Qanunun göstərişinə əsasən torpaq sahəsinin ərazi sərhədləri ixtiyarlı şəxsin verdiyi sənədlər əsasında təyin edilir. İşin hallarından göründüyü kimi iddiaçı tərəfindən torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin plan və ölçüsü, koordinatları və s.) təqdim olunmadığından həmin torpaq sahəsinin sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Bu isə cavabdeh tərəfindən iddia edilən torpaq sahəsinə müdaxilə olub-olmamasını, həmin torpaq sahəsinin iddiaçının qanuni sahibliyində olmasını müəyyən etməyə imkan vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Avropa Məhkəməsinin qərarlarından formalaşmış hüquqi mövqeyə görə də bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür və təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab edir ki, iddiaçı iddia tələbini – mübahisələndirilən ərazinin ona məxsus olduğunu və cavabdeh tərəfindən həmin əraziyə müdaxilə olunduğunu məhkəmədə sübuta yetirə bilmədi. İddiaçının tələbin əsası olaraq təqdim etdiyi bağçılıq kitabı isə iddianın təmin edilməsi üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, iddiaçının istinad etdiyini bağçılıq kitabı ilə mübahisələndirilən torpaq sahələrinin sərhədlərini, yerləşmə vəziyyətini müəyyən etmək mümkün deyildir. İddiaçı tərəfindən mübahisələndirilən ərazinin ona ayrılmasını təsdiq edən ixtiyarlı subyekt tərəfindən təqdim edilmiş plan və ölçü məhkəməyə təqdim edilməmişdir. Bununla da iddia edildiyi kimi cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə müdaxilə olubolmadığını müəyyən etmək mümkün olmamışdır. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmuu halda tədqiq edərək bu nəticəyə gəlir ki, ilkin iddia sübuta yetirilmədiyindən rədd edilməlidir. Qarşılıqı iddia tələbini də məhkəmə əsassız hesab edir. Belə ki, məhkəmə qeyd edir ki, məsələnin qanuni həlli üçün ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırlmalıdır. Hüquqi nəzəriyyəyə görə subyektiv mənada hüquq normativ – hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki halda iddiaçı subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisəli torpaq sahəsi qanuni əsaslarla qarşılıqlı iddia üzrə iddiaçının istifadəsinə ayrılmamış, torpaq sahəsi üzərində iddiaçının əmlak hüquqları dövlət qeydiyyatına alınmamışdır. Odur ki, məhkəmə qarşılıqlı iddia üzrə tələbin əsaslığının araşdırılmasına zərurət görmür və iddia qaldırmaq hüququna malik olmadığından qarlışılı iddia üzrə iddiaçını tələbinin rədd edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı «qanunsuz zəbt olunmuş bağ sahəsindən çıxarılma» tələbinə dair ilkin iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı «bağçının üzvlük kitabçasının və protokolun etibarsız hesab edilməsi, torpaq sahəsinə qanunsuz müdaxilələrə son qoyulması» tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-8415/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8415/2021
27.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver