Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-842/2023 09.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun Sumqayıt şəhəri, 29-cu məhəllə, N.Nərimanov küçəsi, ev 13/14, mənzil 4-ə (bundan sonra – mübahisəli mənzil) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-490/2021 saylı qətnaməsinə əsasən bərabər paylara bölünməklə tərəflərə məxsusdur. Həmin məhkəmə qətnaməsi əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən 17 mart 2022-ci il tarixli, ********** saylı çıxarış verilmişdir. Qeyd olunan çıxarışa əsasən ½ hissədə pay iddiaçıya və ½ hissədə pay cavabdehə məxsusdur. Lakin buna baxmayaraq, cavabdeh mənzilin giriş qapısının açarını dəyişərək iddiaçıya mənzilə daxil olmağa imkan vermir və əngəl yaradır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, həmçinin bildirdi ki, cavabdeh məhkəmənin hazırlıq iclasında da iştirak etməmişdi. Cavabdehin məhkəmə iclasının təxirə salınması barədə xahişi işə baxılması müddətini uzatmaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq səhhətində yaranmış problemlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin, cavabdeh səhhətində problem olması ilə bağlı məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən görünür ki, iddiaçı xx.xx.1978-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-490/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahları dövründə əldə edilmiş Sumqayıt şəhəri, 29-cu məhəllə, N.Nərimanov küçəsi, ev 13/14, mənzil 4 tərəflər arasında bərabər paylara bölünməklə, mənzil üzərində tərəflərin hər birinin ½ hissədə payı müəyyən edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışa əsasən mübahisəli mənzil üzərində tərəflərin hər birinin ½ hissədə payı olmaqla mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (213.1.). Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (213.2.). Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir (215.1.). Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər (215.4.). Göründüyü kimi mübahisəli mənzil tərəflərin hər birinin ½ hissədə payı müəyyən olunmaqla tərəflərin paylı mülkiyyətindədir. Yəni, tərəflərin hər ikisi əmlakdan bərabər səviyyədə istifadə etmək hüququna malikdirlər. Cavabdehin həmin mənzildə yaşamaq hüququ olduğu qədər iddiaçı da bu hüquqa sahibdir. Mülki Məcəllədə həmçinin göstərilir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (152.5.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı Sumqayıt şəhəri, 29-cu məhəllə, N.Nərimanov küçəsi, ev 13/14, mənzil 4 İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, 29-cu məhəllə, N.Nərimanov küçəsi, ev 13/14, mənzil 4-ə köçürülsün. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-842/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-842/2023
09.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver