Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8474/2021 25.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi) alqı-satqı əqdinin bağlanması hüquqi faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra - ərizəçi) xüsusi icraat qaydasında ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi maraqlı şəxs kimi göstərməklə) 19 aprel 2014-cü il tarixində ərizəçi ilə X7 arasında Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 30, mənzil 22 ünvanında yerləşən yaşayış sahəsinə dair alqı-satqı əqdinin bağlanması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil 03.11 2016-cı il tarixdə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilmişdir. 2014-cü il tarixdə ərizəçi və Cənnət Musayev həmin mənzilin ərizəçiyə satılması barədə razılığa gəlmişlər və mənzilin dəyəri tam şəkildə Cənnət Musayevə ödənilmişdir. Cənnət Musayev tərəfindən ərizəçiyə 19 aprel 2014-cü il tarixdə 4 il müddətinə və 30 yanvar 2016-cı il tarixdə 2 il müddətinə etibarnamə verilmiş, həmçinin mənzilə aid çıxarış ərizəçiyə təhvil verilmişdir. Ərizəçi 08 dekabr 2016-cı il tarixdə bu ünvana pasport qeydiyyatına alınıb. Həmin vaxt alqı-satqı müqaviləsi bağlanması üçün notariusa təqdim edilməsi ilə bağlı arayış və fərdi yaşayış evinin girovda və həbsdə olmaması barədə arayışlar alınmışdır. Lakin etibarnamənin qüvvədə olduğu vaxt müəyyən səbəblərdən alqı-satqı müqaviləsi bağlanmamış, etibarnamənin müddəti bitdikdən sonra isə ərizəçi Cənnət Musayevi tapa bilməmişdir. Bu yaxınlarda ərizəçi məlum olmuşdur ki, Cənnət Musayev 2018-ci ildə vəfat edib. Ərizəçi 2014-cü ildə mənzil faktiki alındıqdan sonra mənzilə köçüb yaşamağa başlamışdır. O, hazırki dövrdə də orada yaşayır. Həmin vaxtdan da mənzilə aid kommunal xərclər onun tərəfindən ödənilir. Mənzilə aid sənədlər alqı-satqı müqaviləsi bağlanması üçün tam şəkildə hazırlanmış, lakin müəyyən səbəblərdən alqı-satqı müqaviləsi bağlanması mümkün olmamışdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxsə məumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi ərizəçi xx.xx.1982-ci ildə, ünvan 2 ünvanında qeydiyyatdadır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 30, mənzil 22 03.11.2016-cı ildən Cənnət Musayevin xüsusi mülkiyyətindədir. 19.04.2014-cü il tarixli etibarnamədə Cənnət Musayev tərəfindən onu idarə, müəssisə və təşkilatlarda, dövlət orqanlarında təmsil etmək, sənədləri təqdim etmək, adından ərizə yazmaq, zəruri ödənişləri və rüsumları ödəmək və bu tapşırığın yerinə yetirilməsi ilə bütün hərəkətləri etmək səlahiyyətləri ərizəçiyə etibar edilmişdir. Etibarnamə 4 il müddətinə verilmiş və onun qüvvədə olma müddəti 19.04.2018-ci il tarixində bitmişdir. 30.01.2016-cı il tarixli etibarnamədə Cənnət Musayev tərəfindən onu idarə, müəssisə və təşkilatlarda, dövlət orqanlarında və məhkəməlrədə təmsil etmək və digər səlahiyyətləri ərizəçiyə etibar edilmişdir. Etibarnamə 2 il müddətinə verilmiş və onun qüvvədə olma müddəti 30.01.2018-ci il tarixində bitmişdir. Ölüm haqqında şəhadətnaməyə əsasən Cənnət Musayev 03.12.2018-ci il tarixində vəfat etmişdir. Maraqlı şəxsin ərizəçiyə ünvanlanmış 28.09.2021-ci il tarixli cavab məktubunda Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 30, mənzil 22 üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələbindən imtina edilmişdir. Cənnət Musayev notarial qaydada təsdiq edilmiş 19.04.2014-cü il tarixli ərizəsində ərizəçinin və digər şəxslərin Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 30, mənzil 22-yə qeydiyyata salınmalarına etiraz etmədiyini bildirmişdir. 9 saylı Mənzil Kommunal Sahəsinin sahə ustası X1, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 30, mənzil 21-də yaşayan X2, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 30, mənzil 24-də yaşayan X3 tərəfindən tərtib edilərək imzalanmış və həmin MKS-in möhürü ilə təsdiq edilmiş aktda göstərilmişdir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 30, mənzil 22 Cənnət Musayev tərəfindən satılmışdır. Həmin ünvanda Ərizəçi öz ailəsi ilə birlikdə yaşayır. Məhkəmə iclasında ifadə vermiş şahid X8 öz ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. O, ünvan 3 ünvanında, ərizəçi isə ünvan 4izəçidaən əvvəl həmin ünvanda Cənnət Musayev yaşayırdı. Onda olan məlumata görə Cənnət Musayev vəfat edib. Ərizəçi ilə Cənnət Musayev arasında olan alqı-satqı münasibətləri barədə məlumatı yoxdur. Məhkəmə iclasında ifadə vermiş şahid X10 oğlu öz ifadəsində bildirmişdir ki, ərizəçi əvvəllər onun qonşusu idi. Ərizəçi 2006-cı ildən onun qonşuluğundan köçüb. Ərizəçi ilə Cənnət Musayev arasında olan alqı-satqı münasibətləri barədə məlumatı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). Hazırkı ərizəsində ərizəçi onun Cənnət Musayev arasında Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 30, mənzil 22-yə dair alqı-satqı müqaviləsinin bağlanması faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür (646.1.). Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir (646.2.). Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir (648.1.). Hazırkı hüquqi faktın müəyyən edilməsi üçün Cənnət Musayevin həqiqi iradə ifadəsinin Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 30, mənzil 22-nin ərizəçiyə satmaq olması müəyyən edilməlidir. Ərizəçi Cənnət Musayev tərəfindən ona verilmiş etibarnamələrə əsaslanır ki, həmin etibarnamələrin müddəti bitməklə yanaşı, etibarnamələrdə Cənnət Musayevə məxsus konkret daşınmaz əmlakın idarəçiliyinin ərizəçiyə verilməsi barədə müddəa yoxdur. İş materiallarında olan akt və şahid ifadələri isə yalnız ərizəçinin Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 30, mənzil 22-də yaşadığını təsdiq etməklə, həmin mənzilin ona satıldığını təsdiq edə bilməz. Bu səbəb dən məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 30, mənzil 22-nin Cənnət Musayev tərəfindən ərizəçiyə satıldığı və ya onun həqiqi iradə ifadəsinin mənzilin ərizəçiyə satılması olduğunu təsdiq edən hər hansı mötəbər sübut iş materiallarında mövcud deyildir. Bu səbəbdən ərizə əsaslı hesab edilə və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi 19 aprel 2014-cü il tarixində onunla X7 arasında Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 30, mənzil 22 ünvanında yerləşən yaşayış sahəsinə dair alqı-satqı əqdinin bağlanması hüquqi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-8474/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8474/2021
25.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver