Məhkəmə qərarları › İş №2(060)-8525/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8525/2021

09.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8525/2021 09.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab olunması və qeydiyyatdan çıxarılma tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı oğlunun (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin Sumqayıt şəhəri, məhəllə 41 A, 5 B saylı evin 34 saylı mənzilinə olan istifadə hüququnun itirilmiş hesab olunması və pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, məhəllə 41 A, 5 B saylı evin 34 saylı mənzili iddiaçının mülkiyyətindədir. Həmin evi oğlu X5 iddiaçıya 04.05.2021ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında bağışlayıb. Cavabdeh isə evin keçmiş sahibidir. İddiaçının oğlu həmin evi 2014-cü ildə almışdır. Cavabdeh iddiaçının mənzilində yaşamır. Onun iddiaçının mənzili ilə heç bir əlaqəsi yoxdur, ona aid heç bir əşya da yoxdur. Cavabdeh hələ də mənzildə qeydiyyatdadır. İddiaçı bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur. O, hazırda ünvan 1 ünvanında (bundan sonra – mübahisəli mənzil) qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1979-cu ildə anadan olmuş və mübahisəli mənzildə qeydiyyatdadır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. 04.05.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən mübahisəli mənzil X5 tərəfindən iddiaçının xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan 12 saylı Mənzil-Kommunal sahəsi tərəfindən verilmiş arayışa əsasən cavabdeh mübahisəli mənzildə qeydiyyatda olsa da faktiki olaraq orada yaşamır. İşdə olan 12 saylı Mənzil-Kommunal sahəsi tərəfindən təsdiq edilmiş və sahə ustası X4, Sumqayıt şəhəri, məhəllə 41 A, ev 5B, mənzil 31-də yaşayan X2, Sumqayıt şəhəri, məhəllə 41 A, ev 5B , mənzil 45-də yaşayan X1 tərəfindən tərtib edilərək imzalanmış akta əsasən cavabdeh mübahisəli mənzildə yaşamır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). İşdən göründüyü kimi mübahisəli mənzil çıxarışa əsasən iddiaçıya məxsusdur. Cavabdeh həmin mənzildə formal olaraq qeydiyyatda qalmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından da biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən iddia təmin edilməli və cavabdehin mübahisəli mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Lakin pasport qeydiyyatından çıxarılma məsələsi məhkəmənin səlahiyyətinə aid olmadığı üçün iddia həmin hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ünvan 1 ünvanına istifadə hüququ itirilmiş hesab olunsun. İddia qalan hissədə təmin edilməsin. Hazırkı qətnamə göstərilən şəxsin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar