Məhkəmə qərarları › İş №2(060)-8543/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8543/2021

14.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8543/2021 14.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı Şıxəli oğlunun, vəkili X1 iştirakları ilə, İddiaçı Şıxəli oğlunun cavabdeh Kireççi Rasi Hacı qızına qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Şıxəli oğlu cavabdeh Baxşiyeva Rasi Hacı qızına qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Baxşiyeva Rasi Hacı qızının Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, 15 saylı evin 10 saylı mənzilinə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil 3 otaqdan ibarət olmaqla, ümumi yaşayış sahəsi 44 kv.m-dir. Həmin mənzil ona 1978-ci ildə N saylı hərbi hissə tərəfindən verilmişdir. Cavabdeh onun keçmiş gəlinidir. Cavabdeh onun oğlu Baxşiyev Şixəli ilə 2015-ci ilin sentyabr ayında boşanmışdırlar. Elə həmin vaxtdan cavabdeh öz şəxsi əmlakı ilə birgə mübahisəli mənzili tərk etmişdir. Cavadeh evlidir və başqa yaşayış yeri vardır. Göstərilən halı Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin 1 saylı MİS-i tərəfindən verilmiş arayış da təstiq edir. Bundan sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərilən “Baxşiyeva” soyadının cavabdehin yeni nikahda “Kireççi” soyadına dəyişildiyi üçün cavabdehin soyadının “Kireççi” kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, keçmiş gəlini olan cavabdeh 2015-ci ildən mübahisəli mənzildə yaşamır. Cavabdehin özünə məxsus başqa daimi yaşayış yeri vardır, yeni ailə qurub başqa ünvanda yaşayır. Cavabdehin ona məxsus mənzilə formal qeydiyyatda qalması mənzil sahibi kimi onun hüquqlarını pozur. İddiaçının vəkili iddiçının göstərdiklərini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, iddiaçı ilə təxminən on beş ildir qonşudur. Cavabdeh iddiaçının gəlini olub, təxminən 5-6 il əvvəl iddiaçının oğlu ilə boşanmış və bu evdən həmin vaxtdan çıxıb getmişdir. Onda olan məlumata görə cavabdehin yeni ailəsi, ayrıca evi var. Məhkəmə iddiaçı tərəfin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Sumqayıt şəhər xalq deputatları Soveti İcraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 14 fevral 1978-ci il tarixli 16/19 saylı orderdən görünür ki, Sumqayıt şəhəri, Mojaiski küçəsi, 15 saylı evin 10 saylı mənzili icarədar dörd nəfər ailə tərkibi ilə İddiaçı Şıxəli oğluna ayrılmışdır. AZ-İ seriyalı № 232941 saylı Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 17.03.2016-cı il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X5 oğlu ilə Baxişeva Rasi Hacı qızı arasında nikahın pozulması 03 sentyabr 2015-ci il tarixdə, 345 №-li aktla qeyd edilmişdir. Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin 1 saylı MİS-i tərəfindən verilmiş 28.06.2021-ci il tarixli 736 saylı arayışdan görünür ki, Baxşıyeva Rasi Hacı qızı ünvan 1 ünvanında qeydiyyatdadır, lakin 2016-cı ildən həmin ünvanda yaşamır. Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin 1 saylı MİS-i tərəfindən verilmiş 28.06.2021-ci il tarixli 735 saylı arayışdan görünür ki, Baxşiyev Qabil Şıxəli oğlu ünvan 1 ünvanında yaşayır və qeydiyyatdadır. Baxişeva Rasi Hacı qızı həmin ünvanda 07 aprel 2009-cu ildən qeydiyyatdadır. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə təsdiq olundu ki, mübahisə predmeti olan mənzilin icarədarı iddiaçı olmaqla sonuncu həmin mənzilə sahiblik və istifadə edir. Cavabdeh iddiaçının oğlu ailə qurduqdan sonra bir müddət bu mənzildə yaşamış və daimi qeydiyyata götürülmüş, 2015-ci ildə iddaçının oğlu ilə cavabdeh boşanmış və sonuncu həmin mənzildən köçüb getmiş, ünvanda qeydiyyatda olmasına baxmayaraq, mənzildə yaşamır, xeyli müddətdir ki, daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. Məhkəmə işin hallarına qiymət verərək hesab edir ki, mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitutsiya məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İşin hallarından göründüyü kimi cavabdeh mübahisə predmeti olan mənzildə yaşamır, köçüb getmiş və davamlı olaraq başqa yaşayış sahəsində yaşayır, könüllü olaraq mübahisəli evdən istifadə etmir. Cavabdehin həmin ünvanda qeydiyyatı formal xarakter daşıyır. Məhkəmə işin şərh olunan hallarına hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, iddiaçının cavabdeh Rasi Kireççinin istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Kireççi Rasi Hacı qızının Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, 15 saylı evin 10 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar