Məhkəmə qərarları › İş №2(060)-8593/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8593/2021

19.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8593/2021 19.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayilov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə yaşayış hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanına yaşayış hüquqlarını itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən yaşayış evini Daşınmaz Əmlakın AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən almışdır. 17.08.2021-ci il tarixli ********** saylı Dövlət reysterindən çıxarışa əsasən mənzil ona məxsusdur. Hazırda evdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda qalmışdırlar. O, onlara dəfələrlə xəbərdarlıq etmişdir ki, mənzildən qeydiyyatdan çıxsınlar. Lakin, uzun müddət keçməsinə baxmayaraq, cavabdehlər ona məxsus mənzildən qeydiyyatdan çıxmamışlar. Sumqayıt şəhəri 8 saylı MKS-nin 17.08.2021-ci il tarixdə təsdiq etdiyi aktdanda görünür ki, cavabdehlər bu mənzildə qeydiyyatda olsalarda yaşamırlar. Bu isə bir mülkiyyətçi kimi onun mənzil üzərində sahiblik, istifadə və sərəncam hüquqlarına maneə yaradır. Cavabdehlər bu ünvandan daimi olaraq başqa məntəqəyə köçdükləri üçün onların mənzilə yaşayış hüquqları itirilmiş hesab edilməlidir. Bu hüquqların itirilmiş hesab edilməsi onun cavabdehlərə görə mənzil kommunal xidmətlərindən istifadə ilə bağlı əlavə xərcləri ödəməkdən azad olmaq və bu mənzildən bir mülkiyyətçi kimi maneəsiz istifadə etmək, onun üzərində müstəqil sahiblik və sərəncam vermək hüquqlarını həyata keçirmək üçün lazımdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək oxşar məzmunda izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: AN-İ seriyalı ******* saylı 13 avqust 2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X1 ona məxsus Sumqayıt şəhəri, 8-ci mikrorayon, 12/35 saylı evin, 32 saylı mənzili İddiaçı mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, 12/35 saylı evin 32 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 17.08.2021-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında №4329162 saylı arayışdan görünür ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, 12/35 saylı evin, 32 saylı mənzilində Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadırlar. Sumqayıt Şəhər İcra Hakimiyyəti MKT İB-nin 08 saylı MKS-nin verdiyi 1078 saylı, 17.08.2021-ci il tarixli arayışdan görünür ki, X1, onun ailə üzvləri - X3, Cavabdeh1, Cavabdeh2, Mirzəzadə Fuad Ələbdin oğlu Sumqayıt şəhəri, 8-ci mikrorayon, 12/35 saylı evin 32 saylı mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsin əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, keçmiş mülkiyyətçinin adına qeyd olunan mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş və həmin mənzil dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Keçmiş mülkiyyətçi ailə üzvləri ilə birlikdə köçüb başqa yaşayış yerinə getmiş, lakin cavabdehlər mənzildən qeydiyyatdan çıxmamışdır. Mənzildə cavabdehlərə məxsus hər-hansı əmlak yoxdur. Cavabdehlər qeyd olunan mənzildən qeydiyyatdan çıxmamaqla iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırır. Cavabdehlərin həmin ünvanda qeydiyyatı formal xarakter daşıyır. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehlərin mənzildən istifadə hüquqları alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan itirilmiş sayılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı mənzilə yaşayış hüququnun itirilməsini tələb etsə də, yaşayış hüququnun itirilməsi barədə tələb istifadə hüququna xitam verilməsi kimi qəbul olunmalıdır. Belə ki, qanunvericilikdə «yaşayış hüququ» kimi sübyektiv hüquq müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyəgələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 8-ci mikrorayon, 12/35 saylı evin 32 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilməlidir. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə 10 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 8-ci mikrorayon, 12/35 saylı evin 32 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar