Məhkəmə qərarları › İş №2(060)-868/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-868/2025

12.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-868/2025 12.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərüfatı İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərüfatı İstehsalat Birliyinin Cavabdeh qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin boşaldılması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərüfatı İstehsalat Birliyi Cavabdeh qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin boşaldılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 18 saylı yataqxana Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 16 sentyabr 2010-cu il tarixli, 153 saylı sərəncamı ilə Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına verilmişdir. Həmin yataqxananın 159-cu otağı Cavabdeh dediyinə görə "Kimyasənaye” İB tərəfindən 1987-ci ildə ona ayrılmışdır, lakin buna dair heç bir huquqi sənəd yoxdur. Cavabdeh xx.xx.2023-cü il tarixində 12 saylı MKS-ə gələrək 5-ci mikrorayon, ev 39/6b, mənzil 2 ünvanında öz həyat yoldaşı ilə birgə yaşaması barədə arayış təqdim edərək 1 il müddətinə sözügedən ünvanda yaşamayacağı haqqında ərizə yazmış gəlini X9 və nəvələri X6, X1 yaşayacağını bildirmişdir. Daha sonra 12 saylı MKS tərəfindən onun gəlini və nəvələrinin həmin ünvanda yaşadıqları haqqında akt tərtib edilmiş ancaq onlar bir müddət o ünvanda yaşadıqdan sonra Rusiyaya köçmüşlər. 3-4 ay sonra Cavabdeh yenidən 12 saylı MKS-ə yaxınlaşaraq sözügedən yataxanada yaşaması ilə bağlı arayış istəmiş, lakin 12 saylı MKS tərəfindən bunun mümkünsüz olduğu vətəndaşa bildirilmişdir. Sözügedən yataqxana xüsusi təyinatlı yataqxanadır və dövlətin mülkiyyətindədir. Sadəcə vətəndaşın həmin yataqxanadan istifadə hüququ vardır və o, yalnız müəssisədə işlədiyi və təhsil aldığı müddətdə orada yaşaya bilər, işdən çıxdıqda və yaxud təhsil müddətini başa vurduqda isə yataqxananı təhvil verməlidir. Vətəndaş həmin yataqxananı özgəninkiləşdirə, kirayəyə və icarəyə verə bilməz. Lakin bəzi vətəndaşların yaşayış yeri olmadığına görə onlar həmin yataqxanadan çıxarılmayıblar. Yuxarıda göstərilənləri əsas götürərək Cavabdeh 5-ci mikrorayon, ev 39/6b, mənzil 2 ünvanında adına özəl mənzil olduğu üçün həmin yataqxananı boşaltmalıdır. Bu barədə Cavabdeh dəfələrlə tərəflərindən xəbərdarlıq edilsə də, otağı boşaltmaqdan imtina etmişdir. Göstərilənlərə əsasən Cavabdeh Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 18, otaq 159 ünvanından çıxarılması və otağın boşaldırması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərüfatı İstehsalat Birliyinin nümayəndəsi X4 izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı Mənzil-Kommunal sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ətraflı arayışdan görünür ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 18 159, 1 otaqdan ibarətdir. Sahəsi 18 kv.metrdir. Mənzil Cavabdeh aiddir. 12 saylı MKS nın hesabat kitabında göstərilən ünvanda aşağıdakı şəxslərin adı yazılmışdır. Ev sahibi Cavabdeh Həyat yoldaşı Məmmədova Xalidə Babalar qızı, X5, X7. xx.xx.2023-cü il tarixində Cavabdeh 12 saylı MKS ya yazılı şəkildə müraciət edərək, 41-ci məhəllə yataqxana 18 otaq 159 da yaşamadığını, özünə məxsus 5-ci mikrorayon, ev 39/6b mənzil 2 də yaşadığını bildirdi. Əlavə olaraq 7 saylı MKS tərəfindən həqiqətən də həyat yoldaşı ilə birgə həmin ünvanda yaşadığını təsdiq edən yaşayış yerindən N0674 saylı xx.xx.2023-cü iİ tarixli arayış təqdim etdi. Yataqxanada isə keçmiş gəlini və nəvələrinin müvəqqəti yaşayacağını bildirdi. Tərəflərindən akt tərtib olundu, həqiqətəndə yataqxana 18 otaq 159 da Cavabdeh gəlini və iki azyaşlı övladının yaşadığı təsdiq olundu. 12 saylı MKS da otağa aid order yoxdur. Cavabdeh də otağın orderi olub olmadığını soruşduqda, orderin olmadığını bildirdi. Cavabdeh gəlini bir neçə ay keçdikdən sonra övladları ilə birgə yataqxana otağını tərk etmişdir. Hal hazırda göstərilən ünvanda Cavabdeh tək yaşayır.

8. İş materiallarında olan Cavabdeh Suliddin oğlu tərəfindən verilmiş ərizədən görünür ki, yaşadığı 41-ci məhəllə, yataqxana 18, mənzil 159 keçmiş gəlini X9 və nəvələri X8, X3 1 il müddətinə yaşamağa icazə verir. Keçmiş gəlini və nəvələri təmənnasız 1 il boyunca yaşayacaqlar. O və həyat yoldaşı 5-ci mikrorayonda 1 il müddətinə yaşayacaq.

9. İş materiallarında olan Sumqayıt şəhəri, 42-ci məhəllə, 14 nömrəli yataqxana, mənzil 154-də qeydiyyatda olan X9 tərəfindən verilmiş ərizədən görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, 14 nömrəli yataqxana, mənzil 154-də yaşayır. Lakin aprel 2023-cü il tarixdən ailə vəziyyəti ilə əlaqədar olaraq 41-ci məhəllə, 18 nömrəli yataqxana mənzil 159da yaşayır. Belə ki, həmin yataqxana vaxtı ilə qaynatası Cavabdeh Suliddin oğlu həmin mənzili müvəqqədi olaraq yaşamaq üçün ona vermişdir. Hal-hazırda müvəqqəti olaraq orada övladları ilə yaşayır. Onun ailə vəziyyətini nəzərə alaraq yaşayış yerindən arayış verilməsi xahiş edilmişdir.

10. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 7 saylı Mənzil-Kommunal sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 677 saylı arayışdan görünür ki, Məmmədova Xalidə Babalar qızı Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 39/6b, 2 saylı mənzildə qeydiyyatı var.

11. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı Mənzil-Kommunal sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 63 nömrəli arayışdan görünür ki, Cavabdeh 41-ci məhəllə, ev 6, yataqxana 18, mənzil 159 saylı otağa aid heç bir hüquqi sənədi yoxdur, mənzildə bir müddət gəlini yaşamışdır, gəlini xaricə getdikdən sonra Cavabdeh yenidən otaqda yaşayır.

12. İş materiallarında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, № ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 36/6B, 2 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmışdır.

13. İş materiallarından olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3152/2024 saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən iddiaçı Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 18, ev 6, 159 saylı mənzilin yenidən onun adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

14. İş materiallarında olan «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən Cavabdeh ünvanı ünvan 2ətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. -29-cu maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır.

16. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi: -51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini kirayə müqaviləsinə uyğun olaraq istifadə edilir. -52-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. -53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. -54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. -60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. -87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarı: -2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) yaşayış – istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

18. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu: -1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. Maddə 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. Maddə 17.3. İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu. Maddə 91.1.1. Xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Maddə 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Maddə 92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. 20.Məhkəmə hesab edir ki, ilk növbədə Cavabdeh həmin mənzildən istifadə hüququnun mövcud olub-olmaması məsələsinə qiymət verilməlidir. Belə ki, həmin mənzildə onun istifadə hüququnun olması onun həmin mənzildən çıxarılmasını istisna edir.

21. Göründüyü kimi Cavabdeh (iddia ərizəsində qeyd edildiyi kimi Cavabdeh bildirdiyinə görə) 1987-ci ildən mübahisələndirilən əmlakda yaşayır. Hazırda sözügedən ünvanda qeydiyyatdadır.

22. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən ona məxsus mənzildə qeydiyyatda olan cavabdehin istifadə hüququna xitam verilməsi barədə tələb irəli sürülmədiyindən cavabdeh həmin mənzildən çıxarıla bilməz.

23. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərüfatı İstehsalat Birliyinin Cavabdeh qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin boşaldılması tələbi"nə dair iddia tələbi rədd edilməlidir.

24. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

27. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərüfatı İstehsalat Birliyinin Cavabdeh qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin boşaldılması tələbi"nə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar