Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8700/2021 25.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialı) hüquqi faktın müəyyən olunması barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra - ərizəçi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialını maraqlı şəxs kimi göstərməklə) onun 1976-cı il tarixdən 1988-ci ilə kimi Ermənistan Respublikasının Qafan rayonunun Kacaran Mədəntikinti Trestində yeraltı mədəndə tokar vəzifəsində zərərli iş sahəsində əmək fəaliyyəti ilə məşğul olmağı barədə hüquqi faktın müəyyən olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1959-cu il tarixdə, Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. 1976-cı il tarixdən 1988-ci il tarixə kimi, yəni məcburi köçkünlük dövrünə qədər, Ermənistan Respublikasının Qafan rayonunun Kacaran Mədəntikinti Trestində yeraltı mədəndə tokar vəzifəsində zərərli iş sahəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. 1988-ci ildə Ermənistanın Qafan rayonundan qaçqın düşən zaman bütün əmlakı və şəxsi sənədləri, o cümlədən əmək kitabçası bu Respublikada qalmışdır. Azərbaycan Respublikasına gəldikdən sonra 18.09.1990-cı il tarixdə Sumqayıt şəhəri 18 saylı orta məktəbdə kitabxanaçı vəzifəsinə işə qəbul olunmuşdur. 17 yanvar 1991-ci il tarixdə ona yeni əmək kitabçası açılmışdır. Halhazırda 63 yaşının tamam olması ilə əlaqədar ona təqaüd təyin edilmişdir. Lakin əmək kitabçası olmadığına görə 1976-cı ildən 1988-ci ilə kimi Ermənistan Respublikasının Qafan rayonunun Kacaran Mədəntikinti Trestində yeraltı mədəndə tokar vəzifəsində (zərərli iş sahəsidir) əmək fəaliyyəti nəzərə alınmamışdır. Onun 1976-cı ildən 1988-ci ilə kimi Ermənistan Respublikasının Qafan rayonunun Kacaran Mədəntikinti Trestində yeraltı mədəndə tokar vəzifəsində (zərərli iş sahəsidir) işləməyini onunla həmin vaxt trestdə işləmiş X4 və X2 təsdiq edə bilərlər. Həmin şəxslərin həmin müəssisədə işləməsi barədə əmək kitabçaları vardır. Bundan başqa, ərizəçi Ermənistan Respublikasından qaçqın düşdükdən sonra həmin respublikada qalmış əmək kitabçasının Azərbaycana göndərilməsi ilə bağlı aidiyyəti üzrə müraciət edib əmək kitabçasının ona verilməsini xahiş etmişdir. Bununla bağlı Azərbaycan SSR Sumqayıt şəhər Prokurorluğu tərəfindən Ermənistan Respublikasının Qafan rayonu Prokurorluğuna rəsmi məktub da ünvanlanmışdır. Bu faktın təsdiqi ərizəçiyə təqaüdün yenidən əmək stajı illərinə görə düzgün hesablanması üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, ərizəçi xx.xx.1959-cu ildə, Ermənistanın Qafan rayonunda anadan olmuş, hazırda ünvan 1 ünvanda yaşamasını 7 saylı Mənzil-Kommunal sahəsinin 1442 saylı, 30.09.2021-ci il tarixli arayışı da sübut edir. İş materiallarına Xəlil Məmmədova və Gülüm İrzayevaya məxsus əmək kitabçalarının surətləri əlavə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının arayışına əsasən ərizəçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxs 1 saylı regional ərazi filialında 23.02.2021-ci il tarixdən müddətsiz yaşa görə əmək pensiyası alan kimi qeydiyyatdadır və aylıq pensiyanın məbləği 204,80 manat təşkil edir. Ərizəçi tərəfindən məhkəməyə X3 və X1 əmək münasibətlərində olma faktının müəyyən edilməsi üçün şahidlik edilməsinə dair ərizələri təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.3.). Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır (307.2.11.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir (13.1). Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir (13.4. ). Göründüyü kimi ərizəçi öz tələbinin sübutu kimi məhkəməyə iki şahidin ərizəsini təqdim etmişdir. Lakin şahidlər məhkəmə iclasında iştiak etməmiş, həmin faktı öz ifadələri ilə təsdiq etməmişlər. Eyni zamanda ərizəçi tərəfindən təqdim edilən əmək münasibətlərində olma faktının müəyyən edilməsi üçün şahidlik edilməsinə dair ərizələr notarial qaydada təsdiq edilməmişdir. Eyni zamanda ərizəçi öz tələbində konkret olaraq hansı tarixdən hansı tarixə kimi qeyd edilən həmin fəaliyyəti ilə məşğul olduğunu göstərməmiş, işə qəbul edilmə və çıxma tarixlərini dəqiqliklə qeyd etməmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin qeyd edilən dövrlər üçün iş stajı iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. Bu səbəbdən ərizə əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi 1976-cı il tarixdən 1988-ci ilə kimi Ermənistan Respublikasının Qafan rayonunun Kacaran Mədəntikinti Trestində yeraltı mədəndə tokar vəzifəsində zərərli iş sahəsində əmək fəaliyyəti ilə məşğul olmağı barədə hüquqi faktın müəyyən olunması barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-8700/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8700/2021
25.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver