Məhkəmə qərarları › İş №2(060)-8804/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8804/2021

10.12.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8804/2021 10.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsinə qarşı işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqı, mənəvi ziyan və məhkəmə xərcinin tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz və əsassız olaraq işdən azad edildiyinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsinin rəisi mayor Anar Əlibəyov tərəfindən verilmiş 110 saylı, 30.08.2021-ci il tarixli əmrin ləğv edilməsi və onun tutduğu vəzifəyə bərpa edilməsi, işə bərpa olunana kimi məcburi iş buraxma dövrünə görə almadığı əmək haqqının tam şəkildə ona ödənilməsi, qanunsuz işdən çıxarılmağı ilə əlaqədar ona vurulmuş mənəvi zərərə görə 5.000 manat məbləğində pulun, həmçinin məhkəmə xərci olaraq 75 manat məbləğində (50 manat mediasiya xidmətinə və 25 manat sənədlərin notariatda təsdiqinə görə) ödədiyi pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 24.06.1991-ci ildən 24.01.2017-ci ilə kimi daxili işlər oqanlarında zabit kimi çalışmışdır. 24.06.1991-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qubadlı rayon polis şöbəsində sahə inspektoru kimi xidmətə qəbul olunmuşdur. 27 il, 8 ay, 25 gün, imtiyazlı hesablama ilə 40 il, 8 ay, 9 gün daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışdıqdan sonra xidmətdə olmanın son yaş həddinə çatdığına görə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 5-ci bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Naziri general-polkovnik Ramil Usubov tərəfindən imzalanmış 24.01.2017-ci il tarixli, Ə269Ş/h-001-17 saylı əmri ilə Zəngilan rayon polis şöbəsinin polis sahə inspektoru “istefada olan polis kapitanı” sayılmaqla işdən azad edilmişdir. Qubadlı rayon polis şöbəsində xidmətdə olan zaman mənfur erməni işğalçılarına qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyü, torpaqlarının azadlığı uğrunda aparılan hərbi əməliyyatlarda dəfələrlə iştirak etmişdir. 20.10.1992-ci ildə torpaqların azadlığı, ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak edən zaman ağır yaralanmışdır. Ondan sonra ona İİ qrup əlillik dərəcəsi verilmişdir. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü, torpaqlarının azadlığı uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etdiyinə və ağır yaralandığına görə Birinci Qarabağ müharibəsi qazisi olmaqla müharibə veteranıdır. Qubadlı rayonu erməni silahlı birləşmələri tərəfindən işğal olunandan sonra ailə üzvləri ilə birgə məcburi köçkün düşmüşdür. 1993-cü ildən indiyə kimi ailəsi ilə birgə məcburi köçkün həyatı yaşayır. Məcburi köçkün düşəndən sonra ailəsi ilə bərabər çox ağır və məşəqqətli həyat yaşamışdır. Son yaş həddinə çatıb daxili işlər orqanlarında işdən azad olunandan sonra maddi və soaial vəziyyəti ağır olduğuna görə işə düzəlmək üçün Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya ərizələrlə müraciət etmişdir. Onun ərizələrinə baxıldıqdan sonra onun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsində hüquqşünas kimi işə düzəlməkdə ona yardımçı olmuşlar. Onların köməkliyi və göstərişi əsasında o, 27.07.2021-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsinin rəisi mayor Anar Əlibəyov tərəfindən verilmiş 91 saylı əmrlə 02.08.2021-ci il tarixindən Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsinə aylıq əmək haqqı 346 manat məbləğində olmaqla 9-cu dərəcəli hüquqşünas vəzifəsinə 3 (üç) ay sınaq müddəti ilə işə qəbul edilmişdir. Ondan əvvəl isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsində hüquqşünas vəzifəsində ixtisasca həkim olan Hafiz Alıyev adlı bir nəfər işləmişdir. Verilən əmrə uyğun olaraq o, 02.08.2021-ci ildə işə başlamışdır. İşə qəbul olunandan sonra həmişə vaxtlı-vaxtında işə gedib-gəlmişdir. İşdən azad olunana kimi heç bir intizam pozuntusuna yol verməmiş və heç bir cəza almamışdır. Ona tapşırılan işləri də həmişə yüksək səviyyədə icra edib yerinə yetirmişdir. Rəhbərliyin işi ilə bağlı ondan heç bir şikayəti olmamışdır. 30.08.2021-ci il tarixli 110 saylı əmrlə tam qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildiyi üçün) əsasən 01.09.2021-ci ildə onunla bağlanan əmək müqaviləsinə xitam vemişdir. İşdən azad edilməsi barədə əmrin surətini o, 02.09.2021-ci ildə almışdır. Hətta onu qanunsuz əmr verib işdən azad edəndən sonra o, mayor Anar Əlibəyova demişdir ki, onun ailə və maddi vəziyyəti ağırdır, Qarabağ qazisidir, müharibə veteranıdır, torpaqların azadlığı və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak edən zaman yaralanmışdır, İİ qrup əlildir. Ancaq mayor Anar Əlibəyov ona qarşı tam qərəzli olduğuna görə onun dediklərinin heç birinə əhəmiyyət verməmişdir. X4suz əmr verib onu işdən azad edəndən sonra keçirdiyi mənəvi sarsıntılar, əzab-əziyyətlər və iztirablar nəticəsində onun səhhətində ciddi problemlər yaranmış, bir həftədən çox evdə xəstə yatmış və səhhətində yaranmış problemlərlə bağlı 10.08.2021-ci ildə Sumqayıt şəhər X10 Xəstəxanasına müraciət etmişdir. Orada ona müvafiq tibbi yardım göstəriləndən sonra ambulator müalicəyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiasını müdafiə etdiyini, günahı olmadan işdən uzaqlaşdırıldığını bildirdi. Həmçinin bildirdi ki, o, işdən çıxma barədə ərizə yazmamış, attestasiya keçirilməmiş, həmkarlar ittifaqı təşkilatının rəyi alınmamışdır, ona əmək müqaviləsinə xitam verilməzdən əvvəl yazılı xəbərdarlıq edilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. O, eyni zamanda bildirdi ki, iddiaçı işdən çıxma barədə ərizə yazmamış, attestasiya keçirilməmiş, həmkarlar ittifaqı təşkilatının rəyi alınmamışdır, ona əmək müqaviləsinə xitam verilməzdən əvvəl yazılı xəbərdarlıq edilməmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Qubadlı rayon İcra Hakimiyyəti başçısının Qubadlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 03.09.2021-ci il tarixli arayışından görünür ki, Qubadlı şəhər sakini İddiaçı hal-hazırda ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. - 27.07.2021-ci il tarixli, 91 №-li əmrdən çıxarışdan görünür ki, İddiaçı 02.08.2021-ci il tarixdən Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsinə 9-cu dərəcəli hüquqşünas vəzifəsinə 3 (üç) ay sınaq müddəti ilə işə qəbul edilmişdir. Əmək haqqı 346 manat məbləğində müəyyən edilmişdir. - 30.08.2021-ci il tarixli, 110 №-li əmrdən çıxarışdan görünür ki, Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsinin sınaq müddətində olan hüquqşünası İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildiyi üçün) əsasən 01.09.2021-ci ildən əmək müqaviləsinə xitam verilmişdir. 02.08.2021-01.09.2021-ci il iş dövrü üçün kompensasiya 2.50 manat ödənilmişdir. - Əmək müqaviləsindən görünür ki, İddiaçı 02.08.2021-ci il tarixindən 02.11.2021-ci il tarixinədək Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsinə hüquqşünas peşəsinə 3 ay sınaq müddəti ilə işə qəbul edilmişdir. Əmək haqqı 346 manat müəyyən edilmişdir. - İddiaçı məxsus ******* №-li əmək kitabçasının surətindən görünür ki, İddiaçı 27.07.2021-ci il tarixdə, 91 №-li əmrlə Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsinə hüquqşünas peşəsinə işə qəbul edilmişdir; İddiaçı 30.08.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildiyi üçün) əsasən əmək müqaviləsinə xitam verilmişdir. - 09812 №-li, 02.08.2018-ci il tarixli vəsiqədən görünür ki, İddiaçı İİ qrup əlildir. - Elektron məlumatdan görünür ki, İddiaçı əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillikdir. - 6867 №-li vəsiqədən görünür ki, İddiaçı Qubadlı şəhərindən məcburi köçkündür. - 012658 №-li vəsiqədən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. - İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə SMİ-0056 saylı arayışdan görünür ki, əmək mübahisəsi ilə bağlı keçiriləcək ilkin məcburi mediasiya sessiyasının yeri və vaxtı barədə Hacı Zeynalabdin rayon Mənzil- İstismar Hissəsi əvvəlcədən məlumatlandırılmışdır. İddiaçı ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiyaya dair xərci ödəmişdir, lakin Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsi iştirak etməmişdir. - Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1926/2021 saylı, 08.10.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən İddiaçı Azərbaycan Respublikası Hacı Zeynalabdin rayon Mənzil- İstismar Hissəsinə qarşı qanunsuz və əsassız olaraq işdən azad edildiyinə görə Azərbaycan Respublikası Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsinin rəisi mayor Anar Əlibəyov tərəfindən verilmiş 110 saylı, 30.08.2021-ci il tarixli əmrin ləğv edilməsi və onun tutduğu vəzifəyə bərpa edilməsi, işə bərpa olunana kimi məcburi iş buraxma dövrünə görə almadığı əmək haqqının tam şəkildə ödənilməsi, qanunsuz işdən çıxarılması ilə əlaqədar ona vurulmuş mənəvi zərərə görə 5000 manat məbləğində pulun, həmçinin məhkəmə xərci olaraq ödədiyi 75 manat məbləğində (50 manat mediasiya xidmətinə və 25 manat sənədlərin notariatda təsdiqinə görə) pulun ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası mümkün sayılmamışdır. - Həmin inzibati işdən görünür ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə 22.09.2021-ci il tarixdə müraciət etmişdir. - Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Hacı Zeynalabdin rayon Mənzil- İstismar hissəsinin rəisinə ünvanlanmış 23.08.2021-ci il tarixli məktubundan görünür ki, N nömrəli hərbi hissənin müvafiq məktubuna əsasən vətəndaş İddiaçı hüquqşünas vəzifəsinə təyin olunması üçün uyğun diplomu olmadığına görə şəxsi işi geri qaytarılmışdır. - 30.08.2021-ci il tarixli, 123 №-li əmrdən çıxarışdan görünür ki, Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin hüquqşünası vəzifəsinin icrası 01.09.2021-ci il tarixdən Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci bəndinə əsasən əmək haqqının 50% miqdarına ödəməklə müvəqqəti olaraq 1 nömrəli Mənzil-İstismar sahəsinin sahə rəisi X2 həvalə edilmişdir. - 30.08.2021-ci il tarixli, 123 №-li əmrdən çıxarışdan və ona əlavədən görünür ki, İddiaçı 30.08.2021-ci il tarixdə həmin əmrlə tanış olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsi ilə bağlanılmış əmək müqaviləsinə əsasən 02.08.2021-ci il tarixindən 02.11.2021-ci il tarixinədək Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsinə hüquqşünas peşəsinə 3 ay sınaq müddəti ilə işə qəbul edilmişdir. Aylıq əmək haqqı 346 manat təşkil etmişdir. Cavabdeh təşkilatın rəhbərliyi tərəfindən 30.08.2021-ci il tarixli, 110 №-li əmr əsasında əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə istinad edilərək, yəni peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildiyi üçün xitam verilmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə 22.09.2021-ci il tarixdə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1926/2021 saylı, 08.10.2021-ci il tarixli qərardadı ilə iddiaçının cavabdehə qarşı iddiası mümkün sayılmamışdır.İddiaçı müharibə veteranı, əlil və məcburi köçkündür. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları bunlardır: tərəflərdən birinin təşəbbüsü; əmək müqaviləsinin müddətinin qurtarması; əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); tərəflərin iradəsindən asılı olmayan hallar; tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Bu Məcəllənin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən hansı hallarda ləğv edilə bilməsi göstərilmişdir. Belə ki əmək müqaviləsi işəgötürən tərəfindən bu əsaslarla ləğv edilə bilər: müəssisə ləğv edildikdə; işçilərin sayı və ya ştatları ixtisar edildikdə; peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin maddənin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Əmək qanunvericiliyinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən məhkəmələr Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Qərarda həmçinin qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya” nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, işəgötürən, yəni cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacı Zeynalabdin rayon Mənzil- İstismar Hissəsi iddiaçıya üç gün əvvəl yazılı xəbərdarlıq etmədən, əmək müqaviləsində sınaq zamanı özünü doğrultmadığına görə müqaviləyə xitam verilməsi şərti göstərilmədən, habelə peşəkarlıq səviyyəsi yoxlanılmamış, işçinin ixtisasına, sənətinə müvafiq olaraq onun tutduğu vəzifəyə (peşəyə) uyğun olub-olmaması səlahiyyətli orqan (attestasiya komissiyası) tərəfindən müvafiq qərar qəbul edilmədən İddiaçı ilə əmək münasibətlərinə xitam verdiyindən iddia Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsi tərəfindən verilmiş 110 saylı, 30.08.2021-ci il tarixli əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbi hissəsində əsaslıdır. Mənəvi zərər tələbi ilə bağlı xüsusatların olmasına dair, onun yaranma əsasları və məbləğlərin formalaşması, habelə ziyanın həcmi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, 5000 manat məbləğində mənəvi ziyana görə təzminatın tələb edilməsi hissəsində iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçının cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərər vurulduğunu bildirsə də, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumundan azad edilir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməli, belə ki, cavabdeh büdcə təşkilatıdır, bu səbəbdən də cavabdeh məhkəmə xərclərindən azaddır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 333 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsinin 110 saylı, 30.08.2021-ci il tarixli əmri ləğv edilsin. İddiaçı Hacı Zeynalabdin rayon Mənzil- İstismar Hissəsinə hüquqşünas vəzifəsinə bərpa edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsi tərəfindən 30.08.2021-ci il tarixindən etibarən 02.11.2021-ci il tarixinədək məcburi iş buraxma müddəti üçün əmək haqqı İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar