Məhkəmə qərarları › İş №2(060)-884/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-884/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-884/2020 15.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh Müsənnif oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Müsənnif oğluna qarşı pul tələbinə dair iddiası üzrə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona dəymiş 450 manat məbləğində ziyanın və 20 manat dövlət rüsumunun tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh 12-ci mikrorayonda yerləşən telefon təmiri mağazalarının birində çalışmışdır. O, 2016-cı ilin dekabr ayının 8-i özünə yeni Samsung A3 markalı telefon almışdır. Sonra 2019-cu ilin fevral ayında həmin telefonu düzəltdirmək məqsədi ilə cavabdehin işlədiyi mağazaya yaxınlaşmışdır. Telefonun enerji doldurma yeri nasaz olmuşdur. Cavabdeh telefona baxdıqdan sonra sabah saat 5-ə kimi düzəldə biləcəyini və 20 manat xərci olduğunu bildirmişdir. Həmin günün səhəri telefonu ustadan götürmək istəyəndə məlum olmuşdur ki, usta telefonun ekranını “yandır”mışdır. Həmin vaxt aralarında kiçik mübahisə də yaranmışdır. Usta təkidlə qeyd etmişdir ki, telefon stolun üstündə olmuş və ona əl vurmamışdır. Mübahisədən sonra usta telefonu təmir elətdirib işlək vəziyyətdə ona qaytaracağını demişdir. Lakin telefonun bütün ekranı yandığına görə təmiri mümkünsüz olmuşdur. Ona görə də cavabdeh yeni telefon alacağına söz vermişdir. Bu haqda dəfələrlə telefon vasitəsilə danışıqlar aparmış və mesaj vasitəsilə yazışmışlar. Lakin cavabdeh telefon almaqdan boyun qaçırmışdır. O, da tez-tez iş yerinə gedərək telefonu tələb etmişdir. Lakin bir müddətdən sonra cavabdeh işlədiyi yerdən də çıxmışdır. Həmçinin onu da qeyd etdi ki, whatsapp vasitəsilə yazışarkən Cavabdeh ona təhqiredici mesajlar yazmışdır. Sözügedən yazışmanı ərizəsinə əlavə etməmişdir. Bir müddət onu tapa bilməmişdir və bu məqsədlə xx.xx.2019-cu il tarixdə X2 İdarəsinin 1-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin şikayət ərizəsi lazımi səviyyədə araşdırılmamış və cavabdehin izahatları alınmamışdır. Əlavə olaraq qeyd etdi ki, Sumsung A3 (2016) markalı telefonun dəyəri 450 manat məbləğindədir. Hesab edir ki, ona dəymiş ziyan cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmənin nəzərinə onu da çatdırdı ki, hazırda Hikmətdə olan telefon ona məxsus deyil, bu səbəbdən o həmin telefonu qəbul etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Müsənnif oğlu iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır və həqiqəti əks etdirmir. Belə ki, o, həqiqətən telefon ustası işləyir və 16 ildir telefonların təmir-bərpa işləri ilə məşğul olur. Həqiqətən də İddiaçı telefonunu təmir etdirmək məqsədi ilə ona müraciət etmişdir. O da sözügedən telefonu tam təmir edərək, işlək vəziyyətə gətirmişdir. Lakin telefonun ekranını dəyişdiyi üçün o koda düşmüş və həmin kodun açılması üçün tələb olunan şifrəni də yalnız iddiaçı bilir. İddiaçı iddia edir ki, təmir elədiyi telefon onun deyil. Lakin o, şifrəni açsa, adıçəkilən telefonun İddiaçı məxsus olması aydın olar. Bütün bunlara baxmayaraq o, yenə də həmin modelin yenisini alıb, iddiaçıya verməyə də hazırdır. Lakin iddiaçı ondan telefon deyil, yalnız pul tələb edir. Bu səbəbdən cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan AZE seriyalı 07932626 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1973-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 1252 saylı arayışa əsasən Əmrahov X1 şəhəri, 12-ci mikrorayon, ev 7, mənzil 19 ünvanında yaşayır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/356 saylı rəyinə əsasən, respublikada yerləşən mobil telefon alqı-satqı məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərdən və elecə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə analoji malların markasına, modelinə və orta texniki göstəricilərinə əsasən, iş materiallarında göstərilən 1 ədəd 2016-cı il istehsal tarixli “Samsung” markalı “A3” mode mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olmasını nəzərə alaraq, nəzəri hesablama yolu ilə 2019-cu ilin fevral ayına orta bazar qiyməti təxminən 250,0 manat müəyyən olunur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş bütün sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilmişdir. Belə ki, İddiaçı özünə məxsus telefonu enerji doldurma yerini təmir etmək üçün Cavabdeh təhvil vermiş, cavabdeh telefonu bir gün müddətində təmir edib qaytaracağına söz vermişdir. Lakin təmir zamanı telefonun başqa hissələri də sıradan çıxmış, bununla əlaqədar tərəflər arasında mübahisə yaranmışdır. Hazırda cavabdeh işin qeyd edilən hallarını qəbul edir, lakin iddiaçının pul tələbini qəbul etmir. Belə ki, o iddiaçının telefonunun hazırda onda olduğunu, onun yalnızca ekranını dəyişdiyini, telefonu iddiaçıya qaytara biləcəyini bildirir. İddiaçı isə cavabdehin ona təqdim etdiyi telefonun ona məxsus olmadığını bildirir və bu səbəbdən ona məxsus telefonu vaxtında təmir edib ona qaytarmadığına görə cavabdehdən ona vurulmuş ziyanı tələb edir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının qanuni tələbinin əsasını podrat münasibətləri təşkil edir. Azərbaycan Respublikası MM-nin podrat münasibətləri ilə əlaqədar münasibətləri tənzimləyən normalarına görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (752.1). Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (762.1). Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər (763.1). Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur (765).Podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır (771). Görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur (772.1). Göründüyü kimi cavabdeh iddiaçıya məxsus əmlakı vaxtında təmir edib ona qaytarmamış, əmlak cavabdehdə olduğu müddətdə zədələnmişdir (ekranı yanmışdır). Hazırda cavabdeh iddiaçıya məxsus telefonun onda olduğunu bildirsə də, iddiaçı həmin telefonun ona məxsus olmadığını bildirir. Məhkəmə hesab edir ki, cavabdehdə olan telefonun iddiaçıya məxsus olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Lakin cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya dəymiş ziyan cavabdeh tərəfindən ona ödənilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/356 saylı rəyinə əsasən 2016-cı il istehsal tarixli “Samsung” markalı “A3” mode mobil telefonunun nəzəri hesablama yolu ilə 2019-cu ilin fevral ayına orta bazar qiyməti təxminən 250,0 manat müəyyən olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin telefonun dəyəri, yəni 250 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 55% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 20 manat dövlət rusumunun 11 manatı cavabdehdən tutulmalı, 9 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Müsənnif oğlundan İddiaçı dəymiş ziyanın əvəzi olaraq 250 (iki yüz əlli) manat pul və 11 (on bir) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar