Məhkəmə qərarları › İş №2(060)-8850/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8850/2021

16.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8850/2021 16.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılma tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 49 ünvanında yerləşən 19 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilmələri və pasport qeydiyyatından çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli, 23.01.2008-ci il tarixli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65,01 kvadrat metr , 3 otaqdan ibarət olan 19 saylı mənzil mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdehlərdən Cavabdeh1 iddiaçının keçmiş həyat yoldaşı, Cavabdeh3 onun oğlu və Cavabdeh2 isə gəlinidir. İddiaçı Cavabdeh1 ilə rəsmi nikah münasibətlərinə girərək ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh3 və 24.09.1994-cü il təvəllüdlü X1 adlı iki övladları var. Cavabdeh1 ilə 09.07.1999-cu il tarixdə nikahları pozulmuşdur. Nikahları rəsmi qaydada pozulsa da, bir evdə yaşamışlar. Oğlu Cavabdeh3 07.08.2020-ci il tarixdə digər cavabdeh olan gəlini Cavabdeh2 ilə rəsmi nikah münasibətlərinə girərək ailə həyatı qurmuş və Cavabdeh2 iddiaçının mülkiyyətində olan mənzilə gəlin köçmüşdür. Bir müddətdir ki, həm Cavabdeh1, həm də oğlu və gəlini ilə münasibətləri dözülməz həddədir, onlar mənzili tərk edərək başqa yerə köçüblər, cavabdehlərin pasport qeydiyyatı formal xarakter daşıyır. İddiaçının mənzillə bağlı hər hansı müqavilə bağlamağına formal maneədirlər. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasında verdikləri izahatlarında Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 49, mənzil 19-a olan istifadə hüquqlarının itirilməsi ilə razı olduqlarını bildirərək iddianın təmin edilməsinə etiraz etmədilər. Digər cavabdeh Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışına əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.1965-ci ildə, cavabdehlər Cavabdeh1 xx.xx.1968-ci ildə, Cavabdeh2 xx.xx.1998-ci ildə, Cavabdeh3 isə xx.xx.1995-ci ildə anadan olmuşlar. Tərəflər ünvan 2 ünvanında qeydiyyatdadırlar. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı ilə cavabdeh Cavabdeh1 arasında nikah 09 iyul 1999-cu il tarixində pozulub. Daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* saylı çıxarışa əsasən mübahisəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 60 nömrəli reyestr kitabının 111 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 17 noyabr 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, mübahisəli mənzil Sumqayıt şəhər X2 İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 22.10.1990-cı il tarixli, 49/331 nömrəli order, Sumqayıt şəhər İcra Hakimiyyəti MTİİB 11 saylı MİS tərəfindən verilmiş 08.01.2008-ci il tarixli, 121 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında İddiaçı adına qeydiyyata alınaraq 23.01.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Həmin məktuba 22.10.1990-cı il tarixli, 49/331 nömrəli orderin və Cavabdeh1 mənzilin özəlləşdirilməsinə razılıq ərizəsi əlavə edilmişdir. Öncə qeyd ediləməlidir ki, MPM-ə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir (52.2.). İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (52.5.).Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər (220.4.). Göründüyü kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasında iddianı etiraf edərək mübahisəli mənzildən qeydiyyatdan çıxmağa razı olduqlarını bildirmişlər. Həmçinin onlar məhkəməyə təqdim etdikləri, hər üç cavabdeh tərəfindən imzalanmış ərizədə də bunu təsdiq etmişlər. Mübahisənin mahiyyəti ilə bağlı qeyd edilməlidir ki, MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) yaşayışistifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən göründüyü kimi mübahisəli mənzil 1990-cı ildə order əsasında İddiaçı verilib. Cavabdeh1 iddiaçı ilə nikaha daxil olaraq ailə üzvü kimi mənzilə istifadə hüququ əldə edib. Digər cavabdehlər isə iddiaçının oğlu və gəlinidir. Yuxarıda qeyd edilən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Məhkəmə hesab edir ki, hər üç cavabdeh mənzildən istifadə hüquqularına xitam verilməsinə etiraz etmədikləri üçün iddia onların mənzildən istifadə hüquqlarına xitam verilməsi hissəsində təmin edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən yaşayış-istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından da biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən yaşayışistifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən iddia təmin edilməli və cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Lakin pasport qeydiyyatından çıxarılma məsələsi məhkəmənin səlahiyyətinə aid olmadığı üçün iddia həmin hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 49, 19 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab olunsun. İddia qalan hissədə təmin edilməsin. Hazırkı qətnamə göstərilən şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar