Məhkəmə qərarları › İş №2(060)-889/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-889/2025

13.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-889/2025 13.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «qərarın ləğv edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək onun mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 19B ünvanında yerləşən, 21 saylı mənzilinin qızı Yaqubova Aynur Səfərəli qızının adına bağışlanma müqaviləsinin digər şəxslərin razılıqlarının alınmadan rəsmiləşdirilməsini Sumqayıt şəhər 1 saylı Notariat Ofisinə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək, imtinasının qanunsuz hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, xx.xx.2007-ci il tarixli çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 90.1 m2, yaşayış sahəsi 64.37 m2, 5 otaqdan ibarət olan 21 saylı mənzil onun mülkiyyətindədir. Mülkiyyətində olan ünvan 2 ünvanda qeydiyyatda olan və onunla birlikdə yaşayan qızı Yaqubova Aynur Səfərəli qızına bağışlamaq qərarına gəlmiş və bu məqsəd ilə Sumqayıt 1 saylı Notariat Ofisinə müraciət etmişdir. 1 saylı Notariat Ofisi bağışlanma müqaviləsini təsdiq etməkdən imtina edərək göstərmişdir ki, bağışlanma müqaviləsini mənzildə qeydiyyatda olan 18 yaşından yuxarı şəxslərin razılığı ilə rəsmiləşdirə bilər. Qərarda göstərilən ailə üzvlərindən X2 oğlu, X6 isə onun nəvəsidir. Oğlu və onun ailə üzvləri ilə hər hansı bir formada əlaqəsi yoxdur. Mənzilində onun heç bir əmlakı yoxdur, onun mülkiyyətində olan mənzilə dair heç bir hüquq və vəzifə yerinə yetirmir. Həyat yoldaşından qalan Xəzər Bağçılıq cəmiyyətində yerləşən bağ sahəsini tam şəkildə ona vermişdir. Onun varlığından belə məlumatı yoxdur. Hal-hazırda ümumiyyətlə harada yaşaması barədə məlumatı yoxdur. Qərarda göstərilən digər şəxs X9 onun qızıdır. O da 20 ildir ki, ailə həyatı qurub və onun ilə yaşamır. Qərarda adı göstərilənlərdən X4 bağışlanma müqaviləsinə etiraz etməmişdir. Ümumiyyətlə isə hesab edir ki, Sumqayıt şəhər 1 saylı Notariat ofisinin qərarı qanunsuz və əsassızdır. Mənzil onun mülkiyyətindədir, digər şəxlərin razılığı ilə hərəkət edəcəksə, onun mülkiyyət hüquqları şübhə altına alınır. Mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatı dəyişilmir. Ona görə də hesab edir ki, notariat orqanının imtina qərarı əsassızdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, ev iddiaçının mülkiyyətindədir. Vaxtilə zavodda işlədiyi üçün ev ona dövlət tərəfindən ailə üzvlərinin sayına uyğun olaraq verilmişdir. Hal-hazırda iddiaçı evi başqa şəxsə bağışlamaq niyyətindədir. İddiaçının 3 qızı, 1 oğlu vardır. İddiaçının oğlu ilə əlaqəsi yoxdur. Qızlarından birinin bağışlama müqaviləsinin bağlanmasına razılığı vardır. X6 isə iddiaçının nəvəsidir. Hal-hazırda iddiaçı mülkiyyətində olan evi qızı Yaqubova Aynur Səfərəli qızına bağışlamaq istəyir. Belə ki, onunla birlikdə yaşayır, eyni zamanda onun qayğısına qalır, bütün ehtiyaclarını qarşılayır. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclaslarında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 izahatında bildirdi ki, ünvan 3 ünvanında qeydiyyatdadır. Bir müddət orada yaşamışdır. 2016-cı ildə öz istəyi ilə kirayəyə çıxmışdır. X6 onun övladıdır. Onunla birlikdə yaşayır. X4 hazırda Abşeron rayonunda yaşayır. Mübahisə predmeti olan mənzildən ailə qurduqdan sonra köçmüşdür, çoxdandır həmin mənzildə yaşamır. X9 da mübahisə predmeti olan mənzildən ailə qurduqdan sonra köçmüşdür. Həmin mənzil əvvəldən onun anasının adına olmuşdur. İddiaçının bağışlama müqaviləsi əsasında mübahisə predmeti olan mənzilin onun qızına bağışlamasına etiraz edir. Həmin mənzili təxminən 1988-ci illərdə əldə etmişdirlər. Atası həmin vaxt sağ idi. İddiaçı evi onun, ya da övladının adına keçirə bilər. Pis vərdişləri olmamışdır. Anası ailəsini evdən qovmuşdur.

6. Məhkəmə iclaslarında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 izahatında bildirdi ki, hal-hazırda kirayədə, şəraitsiz vəziyyətdə yaşayır. Xərclərini çatdıra bilmir. İki övladı var. İddiaçıya gəlib həmin mənzildə yaşamağını təklif etsə də, razılığı olmamışdır. Həmin 5 otaqlı mənzildə ona və övladlarına yer olmadığını bildirmişdir. 19 ildir ki, evlidir. 2020-ci ildən onu həmin evdən qovmuşdurlar. Həmişə həmin mənzildə yaşamışdır.

7. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4, X6 və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı, X9, X5, X10, X7, X11, X4, X8, X2, X6, Yaqubova Aynur Səfərəli qızı ünvan 3 ünvanında qeydiyyatdadır.

9. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəlıəri, 18-ci mikrorayonda istifadədə olan 0.09 ha torpaq sahəsində yerləşən 19B nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində yerləşən 90.1 kv.m ümumi, 64.37 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 21 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 53 nömrəli reyestr kitabının 170 nömrəli vərəqində qeydiyyata alınmışdır.

10. İddiaçı tərəfindən Notariat ofisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 8İ- 8865 nömrəli ərizədən görünür ki, İddiaçı ünvan 3 ünvanında ona məxsus mənzilin qızı Yaqubova Aynur Səfərəli qızına bağışlanmasına dair müqaviləni, həmin mənzildə qeydiyyatda olan ailə üzvləri: X2, X6 və X3 razılığı alınmadan təsdiq edilməsini xahiş etmişdir.

11. X4 tərəfindən Notariat ofisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 8İ-8756 nömrəli ərizədən görünür ki, X4 qeydiyyatda olduğu İddiaçı məxsus olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, bina 19B, 21 saylı mənzilin bağışlanmasına etiraz etmədiyini bildirmişdir.

12. Cavabdeh notariusu R.F.Haqverdiyev tərəfindən qəbul olunmuş xx.xx.2024cü il tarixli Qərardan görünür ki, ərizəçi İddiaçı ünvan 3 ünvanında yerləşən ona məxsus mənzilin qızı Yaqubova Aynur Səfərəli qızına bağışlanmasına dair müqavilənin təsdiq olunmasından imtina edilməsi qərara alınmışdır.

Məhkəmə baxışının hədləri:

13. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

15. Mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

16. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

17. Belə ki, iş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Sumqayıt şəhəri, 18-ci mikrorayonda istifadədə olan 0,09 ha torpaq sahəsində yerləşən 19B nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində yerləşən 90,1 kv.m ümumi, 64,37 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 21 nömrəli mənzil İddiaçı məxsusdur. Həmin mənzildə iddiaçı ilə yanaşı, hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X6, X2, X9 da qeydiyyatdadırlar. İddiaçı ona məxsus olan yuxarıda adı qeyd edilən mənzili bağışlama müqaviləsi əsasında qızı Yaqubova Aynur Səfərəli qızına bağışlamaq niyyətindədir. Bununla bağlı Cavabdehnə müraciət etmiş, lakin həmin orqanın 05 noyabr 2024-cü il tarixli qərarı ilə ərizəçi İddiaçı ünvan 3 ünvanında yerləşən ona məxsus mənzilin qızı Yaqubova Aynur Səfərəli qızına bağışlanmasına dair müqavilənin təsdiq olunmasından imtina edilmişdir. Həmin qərarda imtinanın səbəbi kimi İddiaçı ailə üzvləri X2 və X1 yerini müəyyən etmək və ya əlaqə saxlamaq imkanlarının olmaması, X9 ilə əlaqəsi olmasına baxmayaraq onun razılıq verməkdən imtina etməsi göstərilmişdir.

18. İddiaçı hazırda Cavabdeh xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək imtinanın qanunsuz hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.

19. Məhkəmə ilk növbədə qeyd edir ki, bağışlama müqaviləsinin bağlanması zamanı mülkiyyətçi tərəfindən digər şəxslərin razılıqlarının alınması tələbi mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam vermək hüququ baxımından təhlil olunmalıdır.

20. Mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyinə əsasən mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir.

21. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür.

23. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarında bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun.

24. Hazırkı işdə müəyyən edilən hal isə ondan ibarətdir ki, özgəninkiləşdirilən əmlak yalnız iddiaçının mülkiyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, notariat orqanının iddiaçının öz əmlakı üzərində verilmiş sərəncamı (bağışlama müqaviləsini) başqa şəxslərin razılığı olmaması səbəbindən təsdiq etməkdən imtinası əsasız olmuşdur.

25. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 19B ünvanında yerləşən, 21 saylı mənzili qızı Yaqubova Aynur Səfərəli qızına bağışlamasına dair müqavilənin təsdiq olunmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, Cavabdeh bununla bağlı hərəkətləri qanunsuz hesab edilməlidir.

Nəticə:

26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 19B ünvanında yerləşən, 21 saylı mənzili qızı Yaqubova Aynur Səfərəli qızına bağışlamasına dair müqavilənin təsdiq olunmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək bununla bağlı imtinası qanunsuz hesab edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar