Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-90/2024 25.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atkişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı mülkiyyətdə olan torpaq sahəsinə qanunsuz müdaxilələrə son qoyulması barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mülkiyyətdə olan torpaq sahəsinə qanunsuz müdaxilələrə son qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinə əsassız müdaxiləsinə son qoyulması, ona aid torpaq sahəsində cavabdeh tərəfindən çəkilmiş kanalizasiya və qaz xəttinin həmin ərazidən çıxarılması, kombi çıxışı səmtinin dəyişdirilməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23cü məhəllə, 7-ci keçid ünvanında yerləşən 9 saylı ev üzərində onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alnmış və onun adına çıxarış verilmişdir. Bu evin torpaq sahəsi 0,06 ha olmuş və cavabdehlə 26 may 2022-ci ildə Sumqayt şəhəri 4 saylı Notariat Ofisində bağlanmış alqı-satqı müqaviləsinə əsasən bu torpaq sahəsinin 0,0138 ha olan hissəsini cavabdehə satmışdır. Cavabdeh həmin hissədə fərdi yaşayış evi tikmişdir. Cavabdehə satılan torpaq sahəsinin ölçüsü məlum olduğu halda cavabdeh onun mülkiyyətində qalan sahəyə qanunsuz olaraq müdaxilə etməklə ona aid olan ərazidə kanalizasiya xəttini çəkmiş, yaşayış evinin kombi çıxışını yaxın məsafədə onun evinə doğru qoymuş, nəticədə qazın tullantıları onun evinə daxil olur, qaz xəttini də onun icazəsi olmadan onun həyətindən çəkmişdir. Dəfələrlə o, cavabdehdən ondan bu hərəkətlərə son qoymasını, kanalizasiyasını, qaz xəttini öz ərazisindən çəkməsini tələb etsə də, o bu hərəkətlərinə son qoymamış, nəticədə onun mülkiyyətində olan torpaq sahəsinə cavabdeh tərəfindən qanunsuz müdaxilə hallarına yol verilmişdir. O özü əlil insandır, cavabdehin hərəkətləri üzündən o, evində rahatlıq tapa bilmir və bu vəziyyət xeyli müddətdir ki, davam edir. Bununla bağlı o, ərazi üzrə polis idarəsinə şikayət etmiş, lakin ona bildirilmişdir ki, məhkəməyə müraciət etməlidir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, ona məxsus torpaq sahəsi 1950-cı ildə onun ailəsinə ayrılmışdır. O, özünə məxsus 0,0138 ha torpaq sahəsini cavabdehə satmışdır. Cavabdeh onun xəstəliyindən istifadə edərək daha artıq topraq sahəsini zəbt etmişdir. Bildirir ki, cavabdehin evinə məxsus qaz turbaları onun həyətindən keçir, eyni zamanda kombisi onun pəncərəsinə yaxındır, nəticədə kombi aparatnın tüstüsü onun evinə keçir. Bundan başqa cavabdehin həyətində qoşduğu turbadan keçən zəhərli hava onun evinə daxil olur. O, hazırda cavabdehdən zəbt etdiyi artıq torpaq sahəsinin geri qaytarılmasını, cavabdehin evinin qaz turbalarının və kanalizasiya xəttlərinin ona məxsus həyətdən keçməməsini tələb edir. Onun əlində cavabdehə məxsus torpaq sahəsinin sahəsi barədə notarius sənədi var. Həmin sənədə hörmətlə yanaşılmalıdır. Lakin qeyd etdiyi sənədi Reyestr Xidməti nəzərə almamışdır. Qarşı tərəfin mübahisəli torpaq sahəsinə dair sənədi yoxdur, ona görə də o, məhkəmə iclasına gəlmir. Ekspert rəyi ilə isə razı deyil. Ekspert cavabdehin tanışı olduğundan onun xeyrinə rəy vermişdir. İddiaçı qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə hazırlı iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəf qohum kimi ona torpaq sahəsi satmışdır. Bildirir ki, torpağın alqı satqısı ilə bağlı bütün məsələləri iddiaçının həyat yoldaşı ilə həll etmişdir, yalnız torpağın alqı-satqı pulunu iddiaçıya vermişdir. Daha sonra orada özü yaşayış evi tikməyə başlamışdır. Həyətində hər hansı tikinti aparmağa başlayanda qarşı tərəfdən razılıq almışdır. Lakin daha sonra iddiaçının qardaşı ilə aralarında problemləri olduğunu öyrənmiş, onlar həmin məsələlərə onu da qatmışdır. Belə ki, hasar tikilən zaman, evin pəncərələri qoyularkən ona problemlər yaratmış, hər iki tərəfə pəncərə qoyulmamasını tələb etmişdirlər. Bildirir ki, o, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməyib. O, aldığı torpaq sahəsinə dair artıq çıxarış da almışdır. Qeyd edir ki, həyətinin bir hissəsini yola doğru uzatmışdır. Həmin hissənin sənədləşdirilməsi üçün isə Bələdiyyəyə müracət etmişdir. Həmin hissə ilə bağlı müəyyən edilmiş rüsumu ödəyib müvafiq qaydada sənəd alacaqdır. Bir daha qeyd edir ki, evə çəkdirdiyi istilik sistemi onun və iddiaçının evinin arxa hissəsinə düşür. Kombinin başqa cür yerləşdirilməsi mümkün deyil. Evin arxa hissəsində olan 40 sm yer onundur. Həmin hissəni qarşı tərəf özü ona satmışdır və o, öz vəsaiti hesabına qeyd edilən əraziyə hasar çəkdirmişdir. Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı məsələ ilə bağlı məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. İşdə olan AZ İ ******* saylı, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ona məxsus torpaq sahəsinin 0.0138 ha hissəsini 4800 manata almışdır. İşdə olan RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, 0,06 ha torpaq sahəsində yerləşən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə, 7-ci keçid, ev 9 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır. İşdə olan çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, 0,0456 ha torpaq sahəsində yerləşən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə, 7-ci keçid, ev 9 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə, 7-ci keçid ünvanında yerləşən 9 saylı ev xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. İddiaçı həmin evin yerləşdiyi 0,06 ha olan torpaq sahəsinin 0,0138 ha olan hissəsini xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə Cavabdeh satmışdır. Hazırda iddiaçı həmin torpaq sahəsinə cavabdeh tərəfindən edilən əsassız müdaxiləyə son qoyulması, həmin sahədə cavabdeh tərəfindən çəkilmiş kanalizasiya və qaz xəttinin çıxarılması, kombi çıxışı iştiqamətinin dəyişdirilməsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdeh tərəfindən onun mülkiyyət hüququna qəsd edildiyini sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (152.4). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (152.5). Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Hazırki iş üzrə yaranmış mübahisənin obyektiv həlli üçün xüsusi bilik tələb olunduğundan Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6994saylı ekspert rəyindən görünür ki, 1-ci sual üzrə: Baxış zamanı əldə olunmuş məlumatlara və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3- 31/2-4554/2023 nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilmədiyi müəyyən edilmişdir. 2-ci sual üzrə: Baxış zamanı əldə olunmuş məlumatlara və mütəxəssis rəyinə əsasən, Cavabdeh məxsus kanalizasiya və qaz xəttinin İddiaçı məxsus torpaq sahəsindən keçmədiyi müəyyən edilmişdir. 3-cü sual üzrə: Baxış zamanı əldə olunmuş məlumatlara və mütəxəssis rəyinə əsasən, Cavabdeh məxsus kanalizasiya və qaz xəttinin vətəndaşın özünə məxsus torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. 4-cü sual üzrə: Baxış zamanı əldə olunmuş məlumatlara və mütəxəssis rəyinə əsasən, Cavabdeh məxsus kombinin çıxış səmtinin İddiaçı məxsus torpaq sahəsi istiqamətində olduğu, lakin X2 məxsus torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. Göründüyü kimi ekspert rəyi ilə Cavabdeh tərəfindən İddiaçı məxsus torpaq sahəsinin istifadə edilmədiyi, cavabdehə məxsus kanalizasiya və qaz xəttinin iddiaçıya məxsus torpaq sahəsindən keçmədiyi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbinin Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinə əsassız müdaxiləsinə son qoyulması və ona aid torpaq sahəsində cavabdeh tərəfindən çəkilmiş kanalizasiya və qaz xəttinin həmin ərazidən çıxarılması hissəsində təmin edilməsi üçün hər hansı əsas yoxdur. İddia tələbinin kombi çıxışı səmtinin dəyişdirilməsinin cavabdehin üzərinə qoyulması hissəsi ilə bağlı isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 560-cı maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (560.1). Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (560.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır (170.1). Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır (170.2). Həmin Məcəllənin 171-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz (171.1). Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur (171.2). Göründüyü kimi mülki qanunvericilikdə təsbit edilmişdir ki, daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Məhkəmə hesab edir ki, Cavabdeh məxsus kombinin çıxışı səmtinin İddiaçı məxsus torpaq sahəsi istiqamətində olduğu öz təsdiqini tapsa da, bu hal nəticəsində iddiaçının hüquqlarının əhəmiyyətli dərəcədə pozulduğu təsdiqini tapmamışdır. Eyni zamanda iddiaçı tərəfindən cavabdehin kombidən adi istifadədən kənar istifadə etməsi barədə də məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh məxsus kombinin çıxışı səmtinin İddiaçı məxsus torpaq sahəsi istiqamətində olması cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə əsassız müdaxilə hesab edilə və iddia tələbi həmin hissədə təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mülkiyyətdə olan torpaq sahəsinə qanunsuz müdaxilələrə son qoyulması tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 100 manat iddiaçının özünə aid edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə keçirilmiş ekspertiza xərci də iddiaçıya aid edilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı mülkiyyətdə olan torpaq sahəsinə qanunsuz müdaxilələrə son qoyulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-90/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-90/2024
25.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver